Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1146/2025 23.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 21 oktyabr 2024-cü il tarixli 21/2024 nömrəli satınalma müqaviləsi üzrə 19290 (on doqquz min iki yüz doxsan) manat məbləğində əsas borc, 1793,97 (min yeddi yüz doxsan üç manat, doxsan yeddi qəpik) manat məbləğində cərimə, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş xidmət haqqının və 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 14 iyul 2025-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında 194700 manat məbləğə 2 ədəd xüsusi təyinatlı texnikanın: 1 ədəd yükləyici ekskavatorun və 1 ədəd su maşının satın alınması məqsədilə 21 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhərində müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı QSC 2 ədəd xüsusi təyinatlı texnikanın 2024-cü ilin dekabr ayının sonuna kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq, İddiaçı QSC-yə 20 dekabr 2024-cü il tarixində ödənilmiş 117000 manat məbləğində vəsait hesabına İddiaçı QSC-dən 1 ədəd yükləyici ekskavator Sumqayıt Şəhər İcra Hakimiyyətinə təhvil verilmişdir. Eyni zamanda, müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı QSC tərəfindən 26 dekabr 2024-cü il tarixində təqdim edilmiş 30 faiz avans hesabına Sumqayıt Şəhər İcra Hakimiyyətindən ödənilmiş vəsait hesabına dəyəri 77000 manat olan 1 ədəd su maşının dəyərinin 58410 manat məbləği bağlanılmışdır. Su maşını İddiaçı QSC tərəfindən 2024-cü ilin dekabr ayının sonuna kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinə təhvil verilmədiyinə görə qalan 19290 manat vəsaitin ödənilməsi mümkün olmamış və qalan vəsait dövlət büdcəsinin hesabına silinmişdir. Hazırda büdcədə bu istiqamətdə vəsait ayrılmadığına görə İddiaçı QSC-yə ödəniş edilməsi mümkün deyildir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, tərəflər arasında barışıq sazişi imzalanmış, əsas borcla yanaşı, hüquqi yardım göstərilməsinə görə ödənilmiş məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzi də barışıq sazişi ilə razılaşdırılmış borc məbləğinə əlavə edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, tərəflər cavabdeh tərəfindən öhdəliklərin 01 iyun 2026-cı il tarixinədək ödənilməsi barədə razılığa gəlmişdirlər. Sazişin 2.3-cü bəndinə əsasən, saziş könüllü icra ediləcəkdir. Sazişin könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası ilə bağlı məhkəməyə müraciət edə bilər. Əks halda sazişin qeyd edilən 2.3-cü bəndinə əsasən sonrakı prosessual hərəkətlər həyata keçiriləcəkdir. İddiaçının nümayəndəsi barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş barışıq sazişini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş 21 oktyabr 2025-ci il tarixli sazişin məzmunu ilə müəyyən edilir ki, 21 oktyabr 2025-ci il tarixdə İddiaçı QSC ilə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti arasında barışıq sazişi bağlanmış və həmin saziş hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədənkənar qaydada gəlinən razılığı əks etdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları hər hansı şəxsin (şəxslərin) hüququnu (hüquqlarını) və qanunla qorunan mənafeyini (mənafelərini) pozmadığına görə 21 oktyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 21 oktyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar e-2-2(119)-1146/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti arasında bağlanmış 21 oktyabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. “Birinci tərəf” (İddiaçı QSC) ilə “İkinci tərəf” (Sumqayıt şəhər İcra Hakimiyyəti) arasında 21 oktyabr 2024-cü il tarixli 21/2024 saylı satınalma müqaviləsi (bundan sonra - Satınalma müqaviləsi) bağlanmışdır. Müqavilə üzrə “İkinci tərəf”-in 19290 (on doqquz min iki yüz doxsan) manat məbləğində qalıq borcu yaranmışdır. Bununla yanaşı, işin məhkəmədə mübahisələndirilməsi ilə əlaqədar olaraq çəkilən məhkəmə xərcləri kimi 155 (yüz əlli beş) manat dövlət rüsumu, 320 (üç yüz iyirmi) manat vəkil xərci də ödəniləcək məbləğin həcminə daxildir. Hazırkı barışıq sazişi həmin borcun və sözügedən xərclərin ödənilməsi şərtlərini tənzimləyir.
2. “İkinci tərəf” öhdəsinə götürür ki, “Birinci tərəf”-ə olan 19290 (on doqquz min iki yüz doxsan) manat məbləğində qalıq borc və 475 (dörd yüz yetmiş beş) manat məhkəmə xərcləri olmaqla, toplam 19765 (on doqquz min yeddi yüz altmış beş) manat borc məbləğini 01 iyun 2026-cı il tarixinədək “Birinci tərəf”-in bank rekvizitlərinə köçürəcəkdir.
3. Ödənişin köçürüləcəyi bank rekvizitləri müvafiq satınalma müqaviləsində göstərilən rekvizitlərlə eynidir.
4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.
7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməzlər: 7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 7.3. qarşı tərəfin yazılı icazəsi ilə; 7.4. yaxın qohumlara; 7.5. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə.
8. Bu Sazişin məzmununun Sazişin 7.1. və 7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
9. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir.
10. Tərəflər bu Barışıq Sazişini imzalamaqla Sumqayıt Kommersiya Məhkəməsində Barışıq Sazişini təsdiq edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2- 2(119)-1146/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fərman Həmidli