Məhkəmə qərarları › İş №e-2-2(119)-1158/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1158/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1158/2025 17.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 56377 (əlli altı min üç yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin və 260 (iki yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh2 23 iyul 2024-cü il tarixdə 24232,28 manat və 37144,4 manat məbləğində olmaqla, cəmi 61376,68 manat məbləğində dəyəri olan kənd təsərrüfatı məhsulları təhvil verilmişdir. Ümumi borc məbləğindən cavabdeh tərəfindən 4999,68 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdehin hazırkı vaxta olan qalıq borcu 56377 manat təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 28 iyul 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 56377 (əlli altı min üç yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının və 260 (iki yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək məhkəmədən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhviltəslim aktına “Qiymətlərin razılığı haqqında” 1 saylı əlavədə və 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktına “Qiymətlərin razılığı haqqında” 2 saylı əlavədə olan imzaların Cavabdeh2 tərəfindən icra edilib-edilməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli e-2-2(119)-1158/2025 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Cavabdeh özü iştirak etdiyi iclaslarda satdığı məhsulu və etdiyi ödənişləri aydın formada izah etmişdir. Bundan başqa, cavabdeh təqdim edilmiş qiymət cədvəlini, ümumiyyətlə görmədiyini bildirmiş, eyni zamanda meyvə satışı sahəsində qiymətin əvvəlcədən müəyyənləşdirilməsinin ağlabatan olmadığını öz izahatında qeyd etmişdir. Üstəlik, əgər məhsul çeşidlənərək göndərilmişdirsə, cavabdehin hansı səbəbdən yenidən məhsulu çeşidlətdirməyi məlum deyildir. Ekspert rəyinə gəldikdə isə ekspert rəyi məhkəmə üçün məcburi deyildir və digər hallarla birlikdə qiymətləndirilməlidir. Tərəflər arasında öhdəliyi müəyyən edən hər hansı sənəd, müqavilə mövcud olmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 28 iyul 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş cavabdeh izahatında göstərmişdir ki, mallar ona təhvil veriləndə iddiaçı şirkətin nümayəndəsi də orada iştirak etmiş, nümayəndə özü də malların yararsız olduğunu müşahidə etmişdir. Bu barədə hər hansı akt tərtib edilməmiş, sadəcə “WhatsApp” sosial platforması vasitəsilə iddiaçı şirkətin nümayəndəsinə malın şəkillərini göndərmişdir. O, saf malı ayıraraq Rusiya Federasiyasına ixrac edilməsi üçün gömrük postuna göndərsə də, səlahiyyətli qurum tərəfindən iddiaçı şirkətə qoyulan məhdudiyyətə görə, həmin mallar geri qaytarılmışdır. O da malı ucuz qiymətə də olsa, satmağa çalışmışdır, çünki iddiaçı şirkət malı geri götürməmiş, nümayəndələri, ümumiyyətlə zənglərə cavab verməmişdir. Satışdan əldə etdiyi vəsaiti də bütövlükdə iddiaçıya ödəmişdir. Məhkəmənin 05 sentyabr 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş cavabdeh izahatında göstərmişdir ki, o, məhsulu keyfiyyətsiz olduğu üçün qəbul etmədiyinə görə bu barədə iddiaçı şirkətin nümayəndəsi Ramilə məlumat vermişdir ki, məhsul çeşidlənməlidir. Bununla bağlı iddiaçının Elnur adlı digər nümayəndəsi də 5 gün müddətində qalmalı olmuş, onun qalması ilə bağlı bütün xərcləri qarşılamışdır. Çeşidləmə prosesi təxminən 10 gün davam etmiş, Elnur geri qayıdanda Ramil malın dəyəri olan pulu Elnurla göndərməsini demiş, lakin o, bildirmişdir ki, çeşidləmə prosesi başa çatmadığına görə ödənişin məbləğini də müəyyən etmək mümkün deyildir. Ümumilikdə, iddiaçı tərəfəindən təxminən 34 ton məhsul göndərilmiş, çeşidləmə prosesi bitdikdən sonra təxminən 6 ton məhsulun çürük, 5,8 ton məhsulun yumşaq olması barədə iddiaçı təşkilata məlumat vermişdir, lakin bu barədə hər hansı akt tərtib etməmişdir. Çeşidləmə prosesində iddiaçı şirkətin nümayəndəsi Elnur özü nə qədər çürük mal çıxmasının şahidi olmuş və bununla bağlı şirkətə də məlumat vermişdir. Çürük və ya yararsız malın iddiaçıya geri qaytarmamasının səbəbi barədə bildirir ki, o, malı qaytarmaq istəyi zaman ona bildirilmişdir ki, malı iddiaçının başqa müştəriləri götürəcəkdir lakin bir neçə müştəri gəlib məhsula baxsa da, almamışlar. Təhvil adlğı 10 ton məhsulu kiloqramı 1,5 manata olmaqla Rusiya Federasiyasına göndərmiş, bununla bağlı gömrük sənədləri mövcuddur, lakin həmin sənədlərdə qiymət və iddiaçı şirkətin adı qeyd edilməmişdir. Qalan təxminən 10 ton malı da 0,5 manatdan 1 manat məbləğinə qədər müxtəlif qiymətlərə daxili bazarda satmışdır. Malın satış prosesi ilə də bağlı iddiaçı şirkətə məlumat versə də, bu onları maraqlandırmamış, nümayəndə qeyd etmişdir ki, onlar malı 1,3-2 manat məbləğləri ilə hesablamışlar. Malın satışından əldə etdiyi gəliri iddiaçıya verməməsinin səbəbi barədə bildirir ki, iddiaçının hərəkətlərinə görə təxminən 30000 manat məbləğində ziyana uğramışdır, əldə etdiyim 22000 manat məbləğin 5000 manatını iddiaçıya ödəmiş, 17000 manat məbləği ilə də ona dəymiş ziyanı qarşılamışdır. Ziyan həm bu məhsulların çeşidlənməsi və soyuducuda saxlanması xərclərini, həm də iddiaçı ilə aralarında baş tutmuş əvvəlki əməliyyatlar zamanı çəkdiyi xərcləri əhatə edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş, altı adda müxtəlif növ malların adlarının, hər birinin qablaşdırma növünün və sayının, ayrı-ayrılıqda çəkilərinin qeyd edildiyi 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhviltəslim aktına əsasən ümumi çəkisi 12477,1 kq olan məhsullar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Həmin təhvil-təslim aktının məzmununda qeyd edilmişdir ki, ... imza edənlər öz imzaları ilə təsdiq edirlər ki, mallar satıcının anbarından alıcıya təhvil verilmişdir. Bundan sonra məhsulun keyfiyyəti və salamatlılığı alıcının öhdəsinə düşür. İş materiallarında olan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş həmin təhvil-təslim aktına “Qiymətlərin razılığı haqqında” 1 saylı əlavədən görünür ki, cavabdeh tərəfindən təhvil alınmış 12477,1 kq çəkisi olan həmin məhsulların ümumi dəyəri 24232,28 manat məbləğində təşkil etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş bir adda malın adının, qablaşdırma növünün və sayının, o cümlədən çəkisinin qeyd edildiyi 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən ümumi çəkisi 18572,2 kq olan məhsul iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Həmin təhvil-təslim aktının məzmununda qeyd edilmişdir ki, ... imza edənlər öz imzaları ilə təsdiq edirlər ki, mallar satıcının anbarından alıcıya təhvil verilmişdir. Bundan sonra, məhsulun keyfiyyəti və salamatlılığı alıcının öhdəsinə düşür. İş materiallarında olan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş həmin təhvil-təslim aktına “Qiymətlərin razılığı haqqında” 2 saylı əlavədən görünür ki, cavabdeh tərəfindən təhvil alınmış 18572,2 kq olan həmin məhsulun ümumi dəyəri 37144,4 manat məbləğində təşkil etmişdir. İş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 23 iyul 2024-cü il tarixdə 24232,28 manat və 37144,4 manat məbləğində olmaqla, cəmi 61376,68 manat məbləğində dəyəri olan kənd təsərrüfatı məhsulları təhvil verilmişdir. Ümumi borc məbləğindən cavabdeh tərəfindən 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-xətşünaslıq ekspertizası üzrə təqdim edilmiş 23 oktyabr 2025-ci il tarixli 4/1622 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş kommersiya işinin 31-ci vərəqində olan 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktında “Alıcı/Təhvil aldı” qrafasındakı, 29-cu vərəqində olan həmin təhvil-təslim aktına əsasən Qiymətlərin razılığı haqqında 1 saylı Əlavədə “Alıcı” qrafasındakı, 32-ci vərəqində olan 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktında “Alıcı/Təhvil aldı” qrafasındakı, 30-cu vərəqində olan həmin təhvil-təslim aktına əsasən Qiymətlərin razılığı haqqında 2 saylı Əlavədə “Alıcı” qrafasındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmənin 24 sentyabr 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, razılaşmaya əsasən məhsul Xaçmaz rayonuna çatdıqdan sonra cavabdeh ödənişi nağd şəkildə Elnur adlı nümayəndəyə verməli idi. Məhsul Xaçmaza çatdıqdan sonra məhsulun çeşidlənməli olduğunu bildirdiyi üçün Elnur adlı nümayəndə təxminən 5 gün müddətində orada qalmışdır. İlk günlər çeşidllənməyə az sayda fəhlə cəlb edildiyindən, iddiaçının nümayəndələri tərəfindən şaftalının soyuqdan çeşidlənmə üçün istiyə keçdiyi vaxt öz keyfiyyətini itirməsi və işçi qüvvəsinin artırılmalı olması barədə məsələlər cavabdehin diqqətinə çatdırılmışdır. Bundan sonra fəhlələrin sayı ona çatdırılmışdır. Cavabdeh dəfələrlə nümayəndənin geri çağırılmasını istəsə də, nümayəndənin ödənişi almadığı halda geri qayıtmayacağı bildirilmişdir. Razılaşmaya baxmayaraq, cavabdeh məhsulu satdıqdan sonra ödəniş edəcəyini bildirmişdir. Sonradan dəfələrlə ödənişi tələb etdikdə isə cavabdeh Rusiya Federasiyasında məhsulun atıldığını və ziyana məruz qaldığını bildirmiş və digər bəhanələrlə ödənişi etməkdən yayınmışdır. Lakin cavabdeh daha əvvəl ziyanla bağlı iddiaçıya məlumat verməmişdir. Bundan sonra dəfələrlə əlaqə saxlamağa, yaşadığı yeri müəyyən etməyə çalışsalar da, bu mümkün olmamışdır. Sonuncu dəfə cavabdehə məhkəməyə müraciət ediləcəyi bildirdikdən sonra cavabdeh məsələni həll edəcəyini bildirmişdir. İş materiallarına, həmçinin iddiaçının nümayəndəsi və cavabdehin telefon danışıqlarından ibarət olan səs yazılarının qeyd edildiyi disk əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 580.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 580.2-ci maddəsinə əsasən, əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin (580.2.1), verilmiş əşyaların hamısından imtina etsin (580.2.2), çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin (580.2.3), verilmiş əşyaların hamısını qəbul etsin (580.2.4.). Həmin Məcəllənin 580.4-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. Həmin Məcəllənin 580.5-ci maddəsinə əsasən, əgər alıcı çeşidi alğı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını (587.1.1), əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını (587.1.2), əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (587.1.3) tələb edə bilər. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (587.2.1), lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (587.2.2). Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında şaftalı və nektarin məhsullarının alqı-satqısı ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin razılaşmanın predmeti olan cəmi 61376,68 manat məbləğində dəyəri olan malları (23 iyul 2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən ümumi dəyəri 24232,28 manat məbləğində və 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən dəyəri 37144,4 manat məbləğində olmaqla) cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliyini lazımınca yerinə yetirməyərək təhvil aldığı həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, 5000 manat mələğində ödəniş həyata keçirmiş və nəticədə onun iddiaçıya 56376,68 manat məbləğində borcu yaranmışdır. Bu qeyd edilənlər yuxarıda istinad edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla - 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktı, həmin təhvil-təslim aktına “Qiymətlərin razılığı haqqında” 1 saylı əlavə, 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhviltəslim aktı, həmin təhvil-təslim aktına “Qiymətlərin razılığı haqqında” 2 saylı əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 23 oktyabr 2025-ci il tarixli 4/1622 nömrəli ekspert rəyi və şahid ifadələri ilə tam təsdiq edilməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 56377 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilərək cavabdehdən 56376,68 manat (61376,68 manat-5000 manat= 56376,68 manat) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddianı qəbul etməyən cavabdehin (o cümlədən onun nümayəndəsinin) əsas dəlilləri istinad edilən təhvil-təslim aktlarındakı və qiymətlərin razılığı haqqında əlavələrdəki imzaların cavabdehə məxsus olmaması, o cümlədən ona verilmiş malların keyfiyyətsiz olması barədə olmuşdur. Cavabdehin iddianın faktiki əsasını təşkil edən sənədlərdəki imzaların ona məxsus olmaması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə dair 24 sentyabr 2025-ci il tarixli qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 23 oktyabr 2025-ci il tarixli 4/1622 nömrəli ekspert rəyində adıçəkilən sənədlərdə olan imzaların cavabdeh tərəfindən icra olunduğu qeyd edilmişdir. Məhkəmə həmin sənədlərdə olan imzaların ona məxsus olmaması barədə dəlilə münasibətdə Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinin tələbinə əsasən olaraq həmin Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirmə apararaq belə nəticəyə gəlir ki, istinad edilən ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir, onun əsaslılığının şübhə altına alınması üçün hər hansı əsas yoxdur, digər iş materialları ilə ziddiyyət təşkil etmir və həmin sənədlərdəki imzalar məhz cavabdehə məxsusdur. Cavabdeh (o cümlədən onun nümayəndəsi) izahatlarında ifadə etdiyi digər dəlillərlə bağlı - verilmiş malların keyfiyyətsiz olması, nəticədə ziyana məruz qalması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericiliyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, qeyd edilməlidir ki, hazırkı iddianın qanuni əsası alqı-satqı münasibətlərini tənzimləyən mülki hüquq normalarıdır. Əgər iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun gəlməyən çeşiddə mal verilmişdirsə və ya lazımi keyfiyyətli olmayan mal verilmişdirsə, alıcının yuxarıda istinad edilmiş Mülki Məcəllənin 580-ci və 587-ci maddələrinə əsasən öz seçimi əsasında müvafiq hüquqları yaranmışdır (malları qəbul etməkdən imtina etmək, çeşid haqqında şərtə uyğun gələn malları qəbul edib, qalan mallardan imtina etmək, alış qiymətinin mütənasib azaldılmasını, malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya malın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək və s.). Lakin cavabdeh bu hüquqların hər hansı birindən istifadə etməmişdir və ya etmiş olduğu halda, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, mallar həqiqətən keyfiyyətsiz olmuşdursa, iddiaçının orada olan nümayəndəsinin iştirakı ilə bu hal rəsmiləşdirilməmiş və ya təhvil alarkən imzaladığı sənədlərə bu barədə hansısa qeyd daxil edilməmişdir, əksinə cavabdeh həmin malları qəbul edib sonradan realizə etməklə öhdəliyi qəbul etmişdir. Bundan başqa, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh arasındakı aparılmış telefon danışıqlarının qeyd edildiyi diskdəki səs yazıları məhkəmə iclasında dinlənilmişdir. Həmin səs yazısında iddiaçının nümayəndəsi cavabdehdən təhvil aldığı mallara görə borcu tələb etdikdə, cavabdeh malların bir hissəsinin zay olduğunu bildirir. Lakin nəzərə alınmalıdır ki, bu telefon danışığı malların qəbul mərhələsindən müəyyən müddət sonra baş tutmuşdur. Belə ki, səs yazılarından aydın olur ki, cavabdeh qəbul etdiyi mallara görə 5000 manat məbləğində ödəniş etməsi barədə məlumat verir, qalan borcu ödəməyəcəyini birbaşa olaraq inkar etmir, danışıq aparmalı olduğunu qeyd edir. Bundan başqa, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçı və nümayəndəsi arasında bağlanmış 28 iyul 2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən göstərilən hüquqi yardımın dəyəri 1000 manat məbləğində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 260 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 17 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 260 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 259,13 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2025-ci il tarixli 4/1622 nömrəli nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri, ümumilikdə 138 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 56376,68 manat məbləğində bоrc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 manat məbləğində xidmət haqqının və 259,13 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57635,81 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh2 56376,68 (əlli altı min üç yüz yetmiş altı manat, altmış səkkiz qəpik) manat məbləğində bоrc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının və 259,13 (iki yüz əlli doqquz manat, on üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57635,81 (əlli yeddi min altı yüz otuz beş manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar