Məhkəmə qərarları › İş №e-2-2(119)-1165/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1165/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1165/2024 30.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 27 iyun 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehə satılmış “Kremlinka” və “Sobolinaya” araqlarına görə 56073 (əlli altı min yetmiş üç) manat məbləğində, anbarda saxlanan “Sobolinaya” araqlarına görə 140030 (yüz qırx min otuz) manat məbləğində borc olmaqla, cəmi 196103 (yüz doxsan altı min yüz üç) manat pul vəsaitinin və Mülki Məcəllənin 449.1 maddəsinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə vurulmuş zərərin, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 13 mart 2019cu il tarixli 1 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini satıcının spirtli içkiləri alıcıya satması, alıcının isə malı qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini satıcıya ödəməsi təşkil etmişdir. Müqaviləyə müvafiq olaraq 14.03 2019-cü il tarixdə EAAR seriyalı 704998 saylı elektron qaimə ilə iddiaçı tərəfindən cəmi dəyəri 101931,18 manat olan müxtəlif ölçülərə malik “Sobolinaya” araqları, həmçinin digər elektron qaimə (EAAS seriyalı 742133 xx.xx.2019) əsasında cavabdehə müxtəlif ölçülərə malik “Kremlinka” araqları təhvil vermişdir. Ümumilikdə isə iddiaçı tərəfindən cavabdehə cəmi 190902,57 dəyərində spirtli içki təhvil verilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş, onunla mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 21 sentyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, “Kremlinka” və “Sobolinaya” araqlarına görə 56073 (əlli altı min yetmiş üç) manat, “Sobolinaya” araqlarına görə 140030 (yüz qırx min otuz) manat olmaqla, cəmi 196103 (yüz doxsan altı min yüz üç) manat təşkil edən pul vəsaitinin cavabdehdən tutulmasını, əgər həmin məbləğdə mal satılmayıbsa və anbarda yerləşirsə, o zaman həmin malların iddiaçıya natura formasında qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi 17 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etirazla müraciət edərək iddianın əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsalandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş, iddiaçı tərəfin əsas sübut növü kimi istinad etdiyi sənədlərdən ikisi, yəni mart 2019-cu il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi və tarixsiz və nömrəsiz üzləşmə aktı həmin sənədlər üçün nəzərdə tutulan qanuni tələblərə uyğun tərtib və təsdiq edilmədiyindən, yəni müqavilənin və üzləşmə aktının tərəfi kimi cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin imzası və möhürü olmadığından həmin sənədlər heç bir hüquqi nəticə yaratmır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, məhkəmə araşdırması zamanı tərəflər arasında 13 mart 2019-cu il tarixli müqavilənin mövcudluğu, təmsil etdiyi təşkilat tərəfindən cavabdehə “Kremlinka” və “Sobolinaya” adlı içki məhsullarının təhvil verilməsi, lakin cavabdeh təşkilat tərəfindən içki məhsullarının dəyərinin ödənilməməsi təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi izahatlarında araq məhsullarının saxlanılması ilə əlaqədar 14000 manat məbləğində icarə haqqının iddiaçı təşkilat tərəfindən ödənilmədiyini bildirmişdir. İcarə haqqının tələb olunması ilə bağlı tələb irəli sürülmədiyi üçün cavabdehin nümayəndəsinin icarə haqqı ilə bağlı izahatları əsassızdır. Həmçinin iddiaçı təşkilatın qanuni təmsilçisi danışıqlar aparmaq, razılığa gəlmək üçün cavabdeh təşkilatın yerləşdiyi ünvana getmiş, bir qədər gözləsə də, cavabdeh təşkilatın rəhbərliyi tərəfindən qəbul edilməmişdir. Məhkəmə prosesini barışıqla yekunlaşması niyyətində olsalar da, qarşı tərəf həmin niyyətdə olmamışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən satılan içki məhsullarının dəyərinin cavabdehdən tutulmasını, satılmayan içki məhsullarının isə natura formasında geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 15 avqust 2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının qanuni təmsilçisi izahatında bildirdi ki, cavabdehlə bağlanmış müqavilənin bir vərəqi ondadır və məhkəməyə təqdim edilmişdir. Müqavilə tam şəkildə cavabdehdə vardır. Cavabdeh saxlanc haqqını tələb edirsə, müqavilə üzrə yaranmış borcdan həmin saxlanc haqqını çıxaraq qalan pulu ödəyə bilərdi. ”Kremlinka” adlı içkilər cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər də məhz “Kremlinka” adlı içkilərə görədir, yəni “Kremlinka” adlı içkilərə görə borc məbləğinin bir hissəsi ödənilmişdir. Cavabdeh təşkilata saxlanc haqqı ödənilməmişdir və dəfələrlə saxlancda olan məhsulların qaytarılması tələb edilsə də, cavabdeh həmin məhsulları təhvil verməkdən boyun qaçırmışdır. “Kremlinka” içkilərinin təhvil-təslim aktı olmadan həmin məhsullara görə borcun tələb olunmasının əsası isə budur ki, əgər təhvil-təslim olmasaydı, həmin içkilərə görə yaranmış borc məbləğinin bir hissəsini cavabdeh ödəməzdi. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə tam şəkildə iş materiallarına əlavə edilmədiyi üçün müqavilə üzrə yaranan münasibətlərdən və öhdəliklərdən söhbət gedə bilməz. O, müqavilənin mövcudluğu faktını inkar etmir, sadəcə olaraq müqavilədə hazırkı işin mahiyyətinə əsaslı təsir edən bəndlər ola biləcəyini düşünərək ilk gündən müqavilənin tam şəkildə təqdim olunmasını tələb etmişdir. Digər tərəfdən müqavilənin mövcudluğu qəbul edilərsə, onda müqaviləyə 01 və 02 nömrəli Əlavələr də qəbul edilməlidir. Müqaviləyə Əlavədən də göründüyü kimi, tərəflər məhsullar satıldıqdan sonra pulun ödənilməsi barədə razılığa gəlmişdirlər. Hazırda “Sobolinaya” adlı içki məhsulları cavabdeh təşkilata məxsus anbarda saxlanılır, həmin məhsullar satıldıqdan sonra ödənişlər həyata keçiriləcəkdir. “Kremlinka” adlı içki məhsulları isə cavabdehə təhvil verilməmişdir, həmin içki məhsulları ilə bağlı təhvil-təslim aktı da yoxdur. İcarə haqqı ilə bağlı qarşı tərəflə razılığa gəlməyə cəhdlər edilmiş, buna görə də həmin hissə ilə bağlı yazılı şəkildə tələb irəli sürülməmiş və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 13 mart 2019-cu tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 1.1ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) müqavilə şərtlərinə uyğun olaraq öz istehsalı olan spirtli içkiləri alıcıya (Cavabdeh ASC-yə) satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərinin satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın növü, çeşidi, vahid qiymətialıcıya verilən satış fakturalarında müəyyən olunur. Sifarişlərin alıcıya çatdırılması satıcı tərəfindən özünəməxsus avtonəqliyyat vasitələri ilə həyata keçiriləcək və tərəflər arasında imzalanan qaimə-fakturaya əsasən rəsmiləşdiriləcəkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ödənişlər satıcı tərəfindən təqdim edilən qaimə-faktura əsasında ödənilir. Müqavilə üzrə bütün ödənişlər manatla, 60 təqvim günü müddətində aparılır. İş materiallarında olan 13 mart 2019-cu il tarixli müqaviləyə 10 may 2019-cu il tarixli 1 saylı Əlavə ilə tərəflər razılaşmışlar ki, müqavilənin 2.2-ci bəndinin şərti dəyişdirilsin və bu sözlərlə əvəz edilsin: alıcı aldığı malın dəyərini malı satıb qurtarandan sonda hissə-hissə satıcının hesabına ödəyəcək. İş materiallarında olan 13 mart 2019-cu il tarixli müqaviləyə 27 fevral 2020-ci il tarixli 2 saylı əlavədə qeyd edilmişdir ki, 13 mart 2019-cu il tarixli müqaviləyə əsasən 14 mart 2019-cu il tarixdə EAAS 704991 nömrəli elektron qaimə-faktura ilə satılan malın alıcının anbarında qalan satılmayan hissəsi geri qaytarma qaiməsi ilə satıcının hesabına qaytarılacaq, satıcının malı saxlamaq üçün anbarı olmadığından mal malı qaytaran tərəfin anbarında qalacaq və saxlancın əvəzində malın sahibi anbarın sahibinə hər ay 200 (iki yüz) azn dəyərində saxlanc haqqı ödəyəcək. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 190902,57 manat dəyərində “Sobolinaya” markalı araqların təqdim edilməsi ilə əlaqədar 14 mart 2019-cu il tarixli EAAR seriyalı 704998 nömrəli və 63521,05 manat dəyərində “Kremlinka” markalı araqların təqdim edilməsi ilə əlaqədar 09 aprel 2019-cu il tarixli EAAS seriyalı 742133 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 140030,65 manat dəyərində “Sobolinaya” markalı araqların qaytarılması ilə əlaqədar 28 fevral 2020-ci il tarixli EBAG seriyalı 963931 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir İş materiallarında olan 28 fevral 2020-ci il tarixli HBN/3 seriyalı 104314 nömrəli malların təhvil-qəbul aktına əsasən, iddiaçı tərəfindən cavabdehə 140030,649944 manat dəyərində ”Sobolinaya” araqları təhvil verilmişdir. İş materiallarında olan 27 fevral 2020-ci il tarixli **********939111 nömrəli köçürmə haqqında bildirişə əsasən EAAS seriyalı 742133 nömrəli elektron qaimə-faktura üzrə 4320 manat məbləğində cavabdeh tərəfindən iddiaçıya ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan 27 fevral 2020-ci il tarixli **********23 nömrəli ödəmə qəbzinə əsasən cavabdeh tərəfindən iddiaçının hesabına EAAS seriyalı 742133 nömrəli elektron qaimə-faktura üzrə 24000 manat məbləğində ödəniş edilmişdir. İş materallarında olan xx.xx.2020-ci il tarixli (imzalanma tarixi) AZ0000436 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçının hesabına EAAS seriyalı 742133 nömrəli elektron qaimə-faktura üzrə 25423,73 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan hesabdan çıxarış sənədinin məzmunundan aydın olur ki, cavabdeh iddiaçıya EAAS seriyalı 742133 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2020-ci il tarixində 24000 manat məbləğində, xx.xx.2020-ci il tarixində 25423,73 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli akta əsasən, Cavabdeh ASC ilə “Alyans" MMC arasında bağlanmış 13 mart 2019-cu il tarixli müqaviləyə və həmin müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli 2 nömrəli əlavəyə əsasən hissə-hissə satıldıqdan sonra pulunun ödənilməsi şərtilə “Alyans" MMC tərəfindən “Abşeron-Şərab" ASC-nin verilmiş “Sobolinaya" markalı araqlardan satılmamış qalan 0,5 litirlik 1050 ədədi, 0,7 litirlik 1526 ədədi və 0,7 TUBUS (suvenir qabda) 500 ədədi “Abşeron-Şərab" ASC-nin Mehdiabad qəsəbəsində yerləşən anbarında karton karobkalarda səliqəli şəkildə sanitar gigiyenik qaydalara uyğun şəraitdə və normal temperaturda təhlükəsiz yerdə saxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1-ci, 570.1.1-ci və 570.1.2-ci maddələrinə əsasən, əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 13 mart 2019-cu il il tarixli alqı-satqı müqaviləsi, o cümlədən həmin müqaviləyə 10 may 2019cu il tarixli 1 saylı və 27 fevral 2020-ci il tarixli 2 saylı Əlavələr imzalanmışdır. Müqavilənin predmetini spirtli içkilər, məzmununu satıcı qismində çıxış edən iddiaçının həmin malları cavabdehə satmaq, alıcı qismində çıxış edən cavabdehin isə onların dəyərini satıcıya ödəməsi təşkil etmişdir. Tərəflərin hər birinin iş materiallarına əlavə etdiyi sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə 3 müxtəlif elektron qaimə-faktura təqdim edilmişdir. Bunlar aşağıdakılardır: - cavabdehə 190902,57 manat dəyərində “Sobolinaya” markalı araqların təqdim edilməsi ilə əlaqədar 14 mart 2019-cu il tarixli EAAR seriyalı 704998 nömrəli; - cavabdehə 63521,05 manat dəyərində “Kremlinka” markalı araqların təqdim edilməsi ilə əlaqədar 09 aprel 2019-cu il tarixli EAAS seriyalı 742133 nömrəli; - cavabdehdən 140030,65 manat dəyərində “Sobolinaya” markalı araqların qaytarılmasının tələb edilməsi ilə əlaqədar 28 fevral 2020-ci il tarixli EBAG seriyalı 963931 nömrəli elektron qaimə-fakturalar. Məhkəmə, ilk növbədə iddia tələbinin “Kremlinka” və “Sobolinaya” araqlarına görə 56073 manat məbləğində borcun qaytarılması, satılmadığı halda həmin əmlakların iddiaçıya natura formasında qaytarılması hissəsinə münasibət bildirməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və yuxarıda istinad edilən 09 aprel 2019-cu il tarixli EAAS seriyalı 742133 nömrəli elektron qaimə-fakturanın məzmunu ilə müəyyən edilir ki, cavabdehə 63521,05 manat dəyərində “Kremlinka” markalı araqlar təqdim edilmişdir. Cavabdeh isə bunun müqabilində, yəni bilavasitə həmin elektron qaimə-faktura üzrə iddiaçıya xx.xx.2020-ci il tarixində 24000 manat və 4320 manat məbləğlərində, xx.xx.2020-ci il tarixində 25423,73 manat məbləğində ödəniş etmişdir. Bu hal birbaşa iş materiallarında olan 27 fevral 2020-ci il tarixli **********23 nömrəli ödəmə qəbzi, xx.xx.2020-ci il tarixli (imzalanma tarixi) AZ0000436 nömrəli ödəniş tapşırığı və hesabdan çıxarışla təsdiq edilməkdədir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, bilavasitə “Kremlinka” markalı araqların satışı ilə əlaqədar cavabdehin iddiaçıya borcunun məbləği 9777,32 manat təşkil edir (63521,05 - 24000 - 25423,73 - 4320 = 9777,32). Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı tərəfindən “Kremlinka” markalı araqların cavabdehə təhvil verilmədiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin mövqeyinə iki əsasla tənqidi yanaşaraq həmin dəlili əsassız hesab edir. Birincisi, “Kremlinka” markalı araqların cavabdehə satışı ilə əlaqədar cavabdehə EAAS seriyalı 742133 nömrəli elektron qaimə-faktura təqdim edilmiş, həmin fakturanın məzmununda bilavasitə malın adı, miqdarları və digər zəruri rekvizitlər qeyd edilmişdir. Cavabdeh tərəfindən həmin qaimə-fakturaya etiraz edilməmişdir. Digər tərəfdən isə cavabdeh 63521,05 manat dəyərində malların ona təqdim edilməsini göstərən həmin qaimə-faktura üzrə iddiaçıya, ümumilikdə 53743,73 manat məbləğində ödəniş etmişdir. Bunlarla bərabər, cavabdeh, həm də məhkəməyə 18 mart 2020-ci il tarixli **********006460 nömrəli köçürmə haqqında bildiriş təqdim etmiş və iddia etmişdir ki, həmin ödəniş EAAS seriyalı 742133 nömrəli elektron qaimə-faktura üzrə ödənilmişdir. Lakin həmin bildirişin məzmunundan aydın olur ki, qeyd edilən məbləğ HZ773428 nömrəli qaimə-faktura üzrə ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı işlə əlaqədar iddiaçı cavabdehə HZ773428 nömrəli qaimə-faktura təqdim etməmiş, eyni zamanda cavabdeh HZ773428 nömrəli qaimə-fakturanın hazırkı mübahisə ilə əlaqəsini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin “Kremlinka” və “Sobolinaya” araqlarına görə 56073 manat məbləğində borcun cavabdehdən tutulması, həmin mallar satılmayıbsa onların iddiaçıya natura formasında qaytarılması hissəsi qismən əsaslıdır və bu hissə üzrə cavabdehin iddiaçıya borcunun məbləği 9777,32 manat təşkil edir. İddia tələbinin digər hissəsini “Sobolinaya” araqlarına görə 140030 (yüz qırx min ptuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması, həmin malların satılmadığı halda iddiaçıya natura formasında qaytarılması təşkil edir. Bu tələblə bağlı iddiaçı cavabdehə 28 fevral 2020-ci il tarixli EBAG seriyalı 963931 nömrəli elektron qaimə-faktura göndərmiş, həmin faktura ilə cavabdehdən 140030,65 manat dəyərində olan “Sobolinaya” markalı araqların qaytarılması tələb edilmişdir. İş materiallarında olan iddiaçı və cavabdehə məxsus möhürlərlə möhürlənərək onların nümayəndələri tərəfindən imzalanmış 28 fevral 2020-ci il tarixli HBN/3 seriyalı 104314 nömrəli malların təhvil-qəbul aktında da müxtəlif ölçüdə və sayda olmaqla ümumi dəyəri 140030,64 manat təşkil edən ”Sobolinaya” markalı araqların cavabdehə təhvil verilməsi öz təsdiqini tapır. İşin bu halını cavabdeh də mübahisələndirməmiş, eyni zamanda 13 sentyabr 2024cü il tarixli akt tərtib edərək həmin aktda təqdim edilmiş “Sobolinaya" markalı araqlardan satılmamış qalan hissənin miqdarlarını göstərməklə onların anbarda saxlanıldığını qeyd etmişdir. Aralarında bağlanmış müqaviləyə 10 may 2019-cu il tarixli 1 saylı Əlavə ilə tərəflər razılığa gəlmişlər ki, alıcı aldığı malın dəyərini malı satıb qurtarandan sonra hissə-hissə satıcının hesabına ödəyəcəkdir. 27 fevral 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən isə tərəflər razılaşmışlar ki, 14 mart 2019-cu il tarixdə EAAS 704991 nömrəli elektron qaiməfaktura ilə satılan malın alıcının anbarında qalan satılmayan hissəsi geri qaytarma qaiməsi ilə satıcının hesabına qaytarılacaq, satıcının malı saxlamaq üçün anbarı olmadığından mal malı qaytaran tərəfin anbarında qalacaq və saxlancın əvəzində malın sahibi anbarın sahibinə hər ay 200 (iki yüz) azn dəyərində saxlanc haqqı ödəyəcək. Bu Əlavələrlə müəyyən edilir ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətləri mahiyyətcə Mülki Məcəllənin 600-cü maddəsində nəzərdə tutulmuş nisyə alqı-satqı müqaviləsidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin istinad edilən normasından da göründüyü kimi, nisyə alqısatqı müqavilələri bağlanılarkən alıcı təhvil aldığı malın dəyərini ödəmədikdə, satıcının iki alternativ vəzifənin birinin icrasını tələb etmək hüququ yaranır: ya verilmiş əşyanın dəyəri ödənilməli, yaxud ödənilməmiş mal qaytarılmalıdır. Hazırkı iddia tələbində də iddiaçı təhvil verdiyi malların ödənilməsini, onların satılmadığı halda isə geri qaytarılmasını xahiş etmişdir. Bu hissə ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasındakı bağlanmış müqaviləyə 27 fevral 2020-ci il tarixli 2 saylı Əlavədə tərəflər razılaşmışlar ki, satılan malın alıcının anbarında qalan satılmayan hissəsi geri qaytarma qaiməsi ilə satıcının hesabına qaytarılacaqdır. Deməli, müqaviləyə əlavə ilə tərəflər Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilən iki alternativ hərəkətdən, ilk öncə malların geri qaytarılmalı olduğunu razılaşdırmışlar. Belə olduğu halda isə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınaraq cavabdehə 09 aprel 2019-cu il tarixli EAAS seriyalı 742133 nömrəli elektron qaimə-faktura əsasında verilmiş və dəyəri ödənilməmiş 9777,32 manat dəyərində olan "Kremlinka" markalı araqlar, o cümlədən 28 fevral 2020-ci il tarixli EBAG seriyalı 963931 nömrəli elektron qaimə-faktura əsasında verilmiş və dəyəri ödənilməmiş 140030 manat dəyərində olan “Sobolinaya” araqları iddiaçıya natura formasında geri qaytarılmalı, qaytarılmadıqda isə onların dəyəri iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia tələbində cavabdehdən Mülki Məcəllənin 449.1 maddəsinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə vurulmuş zərərin tələb edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin zərərin məbləğinin nə qədər olması, eləcə də həmin zərərin hansı formada və müddətlərdə hesablandığı müəyyən edilmədiyindən və iddiaçı tərəfindən iddia tələbinin qeyd olunan hissəsinin əsaslılığı sübut edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 486 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 439,81 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh 9777,32 manat dəyərində "Kremlinka", 140030 manat dəyərində "ayaṅ ıloboS" markalı araqları İddiaçı MMC-yə natura formasında geri qaytarmalı, həmin mallar qaytarılmadığı təqdirdə isə onların dəyəri iddiaçıya ödənilməli, cavabdehdən 439,81 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 9777,32 (doqquz min yeddi yüz yetmiş yeddi manat, otuz iki qəpik) manat dəyərində "Kremlinka", 140030 (yüz qırx min otuz) manat dəyərində "Sobolinaya" markalı araqlar İddiaçınə natura formasında geri qaytarılsın, qaytarılmadıqda isə onların dəyəri iddiaçıya ödənilsin. Cavabdeh "Abşeron-Şərab” Açıq Səhmdar Cəmiyyətindən 439,81 (dörd yüz otuz doqquz manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "Alyans-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar