Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-117/2024 29.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı X1 və onun nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X2 19 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehdən 61764,48 (altmış bir min yeddi yüz altmış dörd manat, qırx səkkiz qəpik) manat məbləğində əsas borc, 464,99 (dörd yüz altmış dörd manat, doxsan doqquz qəpik) manat məbləğində ƏDV olmaqla, 62229,46 (altmış iki min iki yüz iyirmi doqquz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaitinin və 400 (dörd yüz) manat məbləğində mediasiyaya xərcinin əvəzinin, cəmi, 62629,46 (altmış iki min altı yüz iyirmi doqquz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən malverən (iddiaçı) - Rauf Atamoğlanov kağız və karton məhsullarını malalanın (cavabdehin) - "xxxx" MMC-nin mülkiyyətinə verməyi, malalan isə həmin malları qəbul edib onların dəyərini malverənə ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam ödəməmiş, nəticədə təhvil verilmiş mallar üzrə cavabdehin 61764,48 manat məbləğində əsas borcu və həmin mallara görə 464,99 manat ƏDV borcu yaranmışdır. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə müdafiə edərək və iddia ərizəsinin məzmununda qeyd edilənlərə uyğun izahat verərək alqı-satqı müqaviləsi üzrə cavabdehdən 61764,48 manat məbləğində əsas borc, 464,99 manat məbləğində ƏDV olmaqla, 62229,46 manat məbləğində pul vəsaitinin və 400 manat məbləğində mediasiyaya xərcinin əvəzinin, cəmi, 62629,46 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iş materiallarına əlavə etdiyi xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli elektron qaimələrə, onlara əlavə edilmiş hesab sənədlərinə və razılaşdırılmış qiymətlərin protokollarına əsasən alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəməli olduğu pul vəsaitinin ümumi miqdarı 149009,63 manat təşkil etmişdir ki, bunun 126279,35 manatı əsas borcdan və 22730,28 manatı isə ƏDV borcundan ibarət olmuş, cavabdeh bu məbləğlərin müəyyən hissəsini ödəsə də, qalan məbləğ hazırkı vaxtadək ödənilməmişdir. İddiaçının nümayəndəsi əsas borc və ƏDV borcunun cəm miqdarı olan 62229,46 manat pul vəsaitinin və 400 manat məbləğində mediasiyaya xərcinin əvəzinin, cəmi 62629,46 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi iddia tələbini qəbul edərək və iddia ərizəsində tələb olunan əsas borc və digər məbləğləri etiraf edərək müvafiq vergi idarəsi tərəfindən qanuni təmsilçisi olduğu hüquqi şəxsin hesabına sərəncam qoyulduğu üçün iddiaçıya borclu olduğu pul vəsaitinin qalan miqdarının ödənilməsinin mümkün olmadığını, yeni hüquqi şəxs təsis etdiyini və iddiaçı ilə ticarət münasibətlərini davam etdirdiyini, maddi vəziyyəti imkan verən kimi ərizədə tələb olunan məbləğləri iddiaçıya ödəyəcəyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 mart 2021-ci il tarixli, 24 nömrəli alqı-satqı müqaviləsinin 1-ci və 3-cü bəndlərinə əsasən, satılan malın qiyməti protokolla razılaşdırılır və dəyəri köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin “Tərəflərin hüquq və vəzifələri” adlanan 5-ci bəndinə əsasən, malalan (cavabdeh "xxxx" MMC) malverən (iddiaçı Rauf Atamoğlanov) tərəfindən təqdim edilən faktura əsasında alınmış malların dəyərini ödəməyi öz özərinə götürür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 90662,71 manat dəyərində malın satılması ilə əlaqədar 12 noyabr 2021-ci il tarixli EBBM seriyalı 281756 nömrəli, 34493,94 manat dəyərində malın satılması ilə əlaqədar 15 dekabr 2021-ci il tarixli EBBO seriyalı 192671 nömrəli, 23852,98 manat dəyərində malın satılması ilə əlaqədar 22 dekabr 2021-ci il tarixli EBBO seriyalı 606503 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli 230 nömrəli, 15 dekabr 2021-ci il tarixli 277 nömrəli və 22 dekabr 2021-ci il tarixli 294 nömrəli “Hesab” adlandırılmış sənədlərdə cavabdehə satılmış malların adları, ölçüləri, miqdarları, qiymətləri və məbləğləri qeyd olunmuşdur. 12 noyabr 2021-ci il tarixli 230 nömrəli sənədə əsasən satılan malların dəyəri ƏDV daxil olmaqla 90662,71 manat, 15 dekabr 2021-ci il tarixli 277 nömrəli sənədə əsasən satılan malların dəyəri ƏDV daxil olmaqla 34493,94 manat və 22 dekabr 2021-ci il tarixli 294 nömrəli sənədə əsasən satılan malların dəyəri ƏDV daxil olmaqla 23852,98 manat təşkil etmişdir. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli razılaşdırılmış qiymətlərin protokoluna əsasən 90662,71 manat, 15 dekabr 2021-ci il tarixli razılaşdırılmış qiymətlərin protokoluna əsasən 34493,94 manat və 22 dekabr 2021-ci il tarixli razılaşdırılmış qiymətlərin protokoluna əsasən 23852,98 manat məbləğlərində malların qiyməti tərəflər arasında razılaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 11 mart 2021-ci il tarixli predmetini kağız və karton məhsullarının təşkil etdiyi alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq malverən qismində olan iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, müqavilə üzrə malalan qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçı təşkilata ƏDV daxil olmaqla 62229,46 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla (xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 281756 nömrəli, xx.xx.2021-ci il tarixli EBBO seriyalı 192671 nömrəli, xx.xx.2021-ci il tarixli EBBO seriyalı 606503 nömrəli elektron qaimələr, xx.xx.2021-ci il tarixli 230 nömrəli, xx.xx.2021-ci il tarixli 277 nömrəli, xx.xx.2021-ci il tarixli, 294 nömrəli hesab sənədləri, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli razılaşdırılmış qiymətlərin protokolları və cavabdehin özünün izahatı) tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 11 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 62229,46 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bundan əlavə, iddia tələbinin ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 30 noyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02507 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa və 28 noyabr 2023-cü il tarixli İB**********_000719_231128 nömrəli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci (400 yüz manat mediasiya haqqı + 10 manat poçt xərci) ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 61764,48 manat məbləğində əsas borc, 464,99 manat məbləğində ƏDV borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 62229,46 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, hazırkı iddia tələbi tam təmin olunduğundan aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 276,69 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11 mart 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 61764,48 manat məbləğində əsas borc, 464,99 manat məbləğində ƏDV borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 62629,46 (altmış iki min altı yüz iyirmi doqquz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı X1 xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 276,69 (iki yüz yetmiş altı manat, altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-117/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-117/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver