Məhkəmə qərarları › İş №e-2-2(119)-1172/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1172/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1172/2024 03.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 13208,70 (on üç min iki yüz səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc, 2000 (iki min) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 540 (beş yüz qırx) manat pulun əvəzi, cəmi 15748,70 (on beş min yeddi yüz qırx səkkiz manat, yetmiş qəpik) manat pul vəsaitinin və ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunmuş 03 may 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinin iddiaçı tərəfindən daha öncə Bakı Kommersiya Məhkəməsinə müraciət edilən zaman istifadə edildiyi müəyyən edilmişdir. Aydınlaşdırılmışdır ki, iddiaçı daha öncə cavabdehə qarşı eyniməzmunlu tələb irəli sürərək iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tarixli e-2-2(113)-3376/2024 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) əsasən iddiaçıya geri qaytarılmışdır. Eyni zamanda, həmin qərardadın məzmunundan görünür ki, məhkəmə tərəfindən iddiaçının məhkəməyə iddia ərizəsi təqdim edərkən ödədiyi 138 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə iddiaçı əvvəlcə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, bununla əlaqədar ödədiyi rüsumunun da ona qaytarılması qərara alınmış, iddiaçı isə daha sonra eyniməzmunlu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən yenidən dövlət rüsumu ödəməli olmasına baxmayaraq bunu etməmiş, Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən, yəni qüvvədə olan məhkəmə aktı ilə faktiki olaraq ona qaytarılması nəzərdə tutulan məbləğin əks edildiyi ödəniş qəbzindən istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə olunmuş sənələri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsinki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar