Məhkəmə qərarları › İş №e-2-2(119)-118/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-118/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-118/2025 11.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Guseinov Gasanın və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 02 avqust 2023-cü il tarixli AZL-184 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2024-cü il tarixə ödənilməmiş 250,98 manat gecikdirilmiş əsas borc, 206,99 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 328,28 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 1416,20 manat pul vəsaiti olmaqla, ümumilikdə 2202,45 manat borcun və ödənilmiş 42,03 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2023-cü il tarixli AZL-184 saylı daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 480,28 manat olmaqla, ümumilikdə 32817 manat məbləğində pul vəsaitini İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 32817 manatın 23750 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı mülkiyyətində olan “Chevrolet Nexia” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 avqust 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1416,20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-184 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2024-cü il tarixə ümumilikdə 786,25 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar olaraq 02 avqust 2023-cü il tarixli AZL-184 saylı daxili lizinq müqaviləsinə əsasən 1 aylıq ödənişi edə bilməmişdir. Problemli şöbədən əməkdaşlar gəlmiş və 02 avqust 2023-cü il tarixli AZL-184 saylı daxili lizinq müqaviləsinə əsasən onun müvəqqəti istifadəsinə verilmiş “Chevrolet Nexia” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili geri təhvil almış, ödəniş etdiyi zaman avtomobilin ona geri qaytaracaqlarını bildirmişlər. O, ödəniş etmək üçün ofisə getsə də, rəhbərlik orada olmamış, bundan əlavə ondan 300 manat da tələb edilmişdir. Avtomobil təhvil verilən zaman yalnız buferlərinə ziyan dəymişdir. Bu səbəbdən avtomobilin təmir-bərpası üçün hesablanmış məbləğ çoxdur. Sonda o, tələb olunan məbləğlə razı olmadığını, ödənişlə bağlı iddiaçı tərəflə razılığa gəlmək istədiyini bildirmiş, maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “lizinq verən” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan”Cavabdeh (VÖEN **********) arasında bağlanmış 02 avqust 2023-cü il tarixli AZL-184 nömrəli daxili lizinq müqaviləsinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 23750 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 4000 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 4000 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16 % həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq lizinq obyetinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli AZL-184 nömrəli daxili lizinq müqaviləsinə 02 avqust 2023-cü il tarixli 1 nömrəli Əlavəyə əsasən həmin müqavilə üzrə təchiz olunacaq əmlakın ümumi dəyəri 23750 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli AZL-184 nömrəli daxili lizinq müqaviləsinə 2 nömrəli Əlavə olan, satıcı "xxxx" MMC, alıcı "xxxx" MMC və lizinq alan Cavabdeh arasında imzalanmış 02 avqust 2023-cü il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti satıcı tərəfindən alıcı və lizinq alana təhvil verilmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli AZL-184 nömrəli daxili lizinq müqaviləsinə 3 nömrəli Əlavə olan 02 avqust 2023-cü il tarixli ödəniş cədvəlinə əsasən lizinq alan Cavabdeh İddiaçınə olan borcunun son ödəniş tarixi 02 avqust 2028-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli Cavabdeh imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 09 oktyabr 2024-cü 1403 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh 02 avqust 2023-cü il tarixli AZL-184 nömrəli daxili lizinq müqaviləsi üzrə 12 avqust 2024-cü il tarixə 250,98 manat gecikdirilmiş əsas borc, 206,99 manat gecikdirilmiş mükafat borcu, həmin günə hesablanmış 328,28 manat cərimə olmaqla, cəmi 786,25 manat məbləğində borcu vardır. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 12 avqust 2024-cü il tarixli akta əsasən “Chevrolet Nexia” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış, nəqliyyat vasitəsinin arxa sağ “krılo”sunun əzik, arxa, qabaq buferinin sınıq, ön kapotunun batıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 26 avqust 2024-cü il tarixli aktda “Chevrolet Nexia” markalı, tünd boz rəngli, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin və texniki xidmət siyahısı qeyd olunmuş, həmin avtomobilin təmir-bərpası üçün tələb olunan xərcin miqdarı 1416,20 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında 02 avqust 2023-cü il tarixli AZL-184 nömrəli daxili lizinq müqaviləsi bağlanmış, lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək vaxtlı-vaxtında lizinq ödənişləri edilməmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş “Chevrolet Nexia” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 avqust 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1416,20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Buna görə də "xxxx" MMC tərəfindən həmin müqavilə üzrə 250,98 manat gecikdirilmiş əsas borc, 206,99 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 328,28 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 1416,20 manat pul vəsaiti hesablanaraq həmin borcların Cavabdeh tutulması üçün məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 02 avqust 2023-cü il tarixli AZL- 184 nömrəli daxili lizinq müqaviləsi üzrə 250,98 manat manat məbləğində əsas borcun və 206,99 manat gecikdirilmiş mükafat borcunun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2023-cü il tarixli AZL-184 nömrəli daxili lizinq müqaviləsinə əsasən iddiaçı tərəfindən “Chevrolet Nexia” markalı, ban nömrəsi: XWBTF69V9PA135842 olan avtomobil cavabdehin istifadəsinə verilmiş və imzalanmış 02 avqust 2023-cü il tarixli aktla avtomobil saz vəziyyətdə ona təhvil verilmişdir. 12 avqust 2024-cü il tarixli aktla avtomobil cavabdeh tərəfindən iddiaçıya təhvil verilərkən avtomobilin nasaz olması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda həmin avtomobilin təmir-bərpası üçün tələb olunan xərcin miqdarının 1416,20 manat məbləğində olduğu qeyd edilmişdir. Göründüyü kimi, Cavabdeh lizinq müqaviləsinə əsasən avtomobili istifadə üçün saz vəziyyətdə təhvil almış, lakin onu iddiaçıya təhvil verərkən avtomobildə qüsurlar aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən İddiaçı tərəfindən avtomobilin təmir-bərpası üçün tələb olunan 1416,20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin cavabdehdən 328,28 manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin lizinq müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (lizinq müqaviləsinin 7.1-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 328,28 manat dəbbə pulunun tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan cərimənin məbləği azaldılaraq Cavabdeh 02 avqust 2023-cü il tarixli AZL-184 nömrəli daxili lizinq müqaviləsi üzrə 50 (əlli) manat cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və X1 (VÖEN: **********) 250,98 (iki yüz əlli manat 98 qəpik) manat məbləğində əsas borc, 206,99 (iki yüz altı manat 99 qəpik) manat məbləğundə mükafat borcu, 50 (əlli) manat məbləğində dəbbə pulu, 1416,2 (min dörd yüz on altı manat 20 qəpik) manat məbləğində avtomobilin təmirbərpa xəci və 39,24 (otuz doqquz manat 24 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla - cəmi 1963,41 (min doqquz yüz altmış üç manat 41 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 (VÖEN: **********) 250,98 (iki yüz əlli manat 98 qəpik) manat məbləğində əsas borc, 206,99 (iki yüz altı manat 99 qəpik) manat məbləğundə mükafat borcu, 50 (əlli) manat məbləğində dəbbə pulu, 1416,2 (min dörd yüz on altı manat 20 qəpik) manat məbləğində avtomobilin təmir-bərpa xəci və 39,24 (otuz doqquz manat 24 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla - cəmi 1963,41 (min doqquz yüz altmış üç manat 41 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar