Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1182/2024 07.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12800 (on iki min səkkiz yüz) manat məbləğində borc və hüquqi yardımla əlaqədar ödənilmiş 1600 (min altı yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 14400 (on dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 133,20 (yüz otuz üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 64-22/AG saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 12800 manat olan 1 ədəd T 2000 LT markalı 2 tonluq turbo çiləyicinin satılması razılaşdırılmışdır. Qeyd olunan T 2000 LT markalı 2 tonluq turbo çiləyici xx.xx.2022-ci il tarixli, **********3693 nömrəli gömrük bəyannaməsinə əsasən Azərbaycan Respublikasına idxal edilmiş və İddiaçı tərəfindən rəsmiləşdirilmişdir. Müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 4xx-xx/2022 saylı “Texniki Təminat haqqında” məktub da verilmiş və mallar cavabdehə təhvil verildiyi gündən həmin mallara 12 ay zəmanət verilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə ödənişin edilməsi üçün ümumi dəyəri 12800 manat olan EBDQ seriyalı, 848927 nömrəli elektron qaimə göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1 saylı Əlavəsinə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olaraq ümumi məbləğin 60%- nin 10 iş günü ərzində satıcıya ödənilməsi, qalan 40% məbləğin isə güzəşt proqramı çərçivəsində AKİA-nın müəyyən etdiyi müvəkkil bank tərəfindən satıcıya ödənilməsi razılaşdırılsa da, cavabdeh tərəfindən ilkin ödəniş həyata keçirilməmiş, bu səbəbdən də qalan 40% güzəşt məbləği də AKİA tərəfindən iddiaçıya ödənilməmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də (X1) qeyd olunan malı və ya malları alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Lakin Cavabdeh tərəfindən öhdəliklər vaxtında və düzgün şəkildə icra olunmamışdır, mallar ona təhvil verilsə də, bu günədək heç bir ödəniş aparılmamışdır. Beləliklə, Cavabdeh 28 iyun 2024cü il tarixinədək İddiaçınə olan borcu 12800 (on iki min səkkiz yüz) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilməsinə və borcun ödənilməsi üçün 10 gün müddətinə vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. 07 noyabr 2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 64-22/AG nömrəli alqı-satqı müqaviləsinə əsasən “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, satıcı kənd təsərrüfatı texnikalarını (bundan sonra ismin müvafiq hallarında “texnika"’ və ya “texnikalar'" adlandırılacaq) yerli istehsal olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinə 40 faiz həcmində güzəşt tətbiq etməklə alıcıya satır, alıcı isə həmin güzəşt tətbiq edildikdən sonra texnikanın qalıq dəyərini ödəyir və onu qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satıcı Əlavədə göstərilən texniki göstəricilərə uyğun kənd təsərrüfatı texnikasını alıcıya satır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də (X1) qeyd olunan malı və ya malları alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən alıcı tələb olunan məbləği əvvəlcədən, qalan məbləği isə Əlavədə göstərilmiş ödəniş şərtləri üzrə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.8-ci bəndinə əsasən bu müqavilə və şərtləri 27 dekabr 2023-ci il tarixinə qədər keçərlidir və bu tarixdən sonrası tərəflərin razılığı ilə müqavilə dəyişən şərtlər daxilində yenilənəcəkdir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli 64-22/AG nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə olan X1na əsasən İddiaçı tərəfindən Cavabdehnə satılan 1 ədəd 2 tonluq turbo çiləyicinin qiyməti 12800 (on iki min səkkiz yüz) manat müəyyən edilmişdir. Həmin X1nun ödəniş şərtində qeyd olunmuşdur ki, alıcı ilkin ödəniş olaraq ümumi məbləğin 60%-ini 10 iş günü ərzində Satıcıya ödəyəcək, qalan 40%-i isə dövlət subsidiyası tərəfində AKİA-nın mükəlləf etdiyi bank tərəfindən satıcıya ödəniləcək. Alıcı subsidiyanın alınması üçün tələb edilən bütün sənədləri bu ilkin ödəniş ödənildikdən sonra 3 (üç) iş günü ərzində banka təqdim etməlidir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli EBDQ seriyalı 848927 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, 27 dekabr 2022-ci il tarixli 64-22/AG nömrəli alqısatqı Müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə cəmi 12800 (on iki min səkkiz yüz) manat dəyərində bir ədəd T2000 LT markalı 11779 şassi nömrəli 2 tonluq turbo çiləyicinin satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 10 iyul 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 64- 22/AG saylı alqı-satqı müqaviləsinə əsasən alıcı D.Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyul 2024-cü il tarixinə satıcı İddiaçınə 12800 (on iki min səkkiz yüz) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 27 dekabr 2022-ci il tarixli 64-22/AG nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdehnə 12800 (on iki min səkkiz yüz) manat dəyərində 1 ədəd T2000 LT markalı 11779 şassi nömrəli 2 tonluq turbo çiləyici satılmış, lakin Cavabdeh həmin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək satılan malın dəyərini iddiaçıya ödəməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 12800 (on iki min səkkiz yüz) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 1600 (min altı yüz) manat məbləğində xidmət haqqının” tutulması hissəsi isə qismən əsaslıdır. Belə ki, məhkəmə prosesində nümayəndə qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil ilə təmsil olunan iddiaçı - hazırkı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 1600 (min altı yüz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına hüquqi xidmətə görə 1400 (min dörd yüz) manat və Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına 200 (iki yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 05 iyun 2024-cü il tarixli ödəniş tapşırıqlarını və digər sənədləri təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, sifarişçi İddiaçı MMC ilə icraçı "xxxx" MMC arasında 09 fevral 2024-cü il tarixli 011 nömrəli xidmət müqaviləsi əsasında imzalanmış Qiymətlərin razılaşdırılması protokolu ilə sifarişçi "xxxx" MMC Cavabdeh MMC-nin işi üzrə “sənədlərin təhlili, işin məhkəməyə hazırlanması, ilkin mediasiya sessiyasının təşkili və təmsilçilik, birinci instansiya məhkəməsində təmsilçilik” üçün 1400 manat məbləğində xidmət haqqının ödənilməsi razılaşdırılmış və həmin Müqavilə üzrə 05 iyun 2024-cü il tarixli OD8 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1400 (min dörd yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən "xxxx" MMC-nin və Bakı şəhəri 6 saylı vəkil bürosunun bank hesabına köçürülmüş ümumilikdə 1600 (min altı yüz) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ - bu iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddia tələbində hüquqi xidmətə görə tələb olunan 1600 manat məbləğində pul vəsaitinin 1400 (min dörd yüz) manat hissəsi nümayəndə qismində məhkəmə prosesində iştirak edən vəkilin, yəni Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil hesabına və yaxud, onun vəkil kimi üzvü olduğu və hazırkı məhkəmə prosesində iştirakı üçün 05 iyun 2024-cü il tarixli ******* nömrəli vəkil orderini vermiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına deyil, müstəqil kommersiya təşkilatı olan "xxxx" MMC-nin hesabına ödənilmişdir (hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (MPM-nin 69.2-ci maddəsi)). Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 1600 (min altı yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 1600 manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 1600 (min altı yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “133,20 (yüz otuz üç manat iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 128,4 (yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 12800 (on iki min səkkiz yüz) manat məbləğində borc, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 128,4 (yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13428,4 (on üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 12800 (on iki min səkkiz yüz) manat məbləğində borc, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 128,4 (yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13428,4 (on üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1182/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1182/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver