Məhkəmə qərarları › İş №e-2-2(119)-1183/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1183/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1183/2023 20.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı “Quba-Konserv-1” X2 nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazın uçotunun pozulması barədə” xx.xx.2023-cü il tarixli UP-09473 nömrəli aktın ləğv edilərək əsasssız hesablanmış 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat borcun silinməsi və 93 (doxsan üç) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 27 yanvar 2023-cü il tarixdə “Təbii qazın uçotunun pozulması haqqında” UP-09473 nömrəli akt tərtib olunmuşdur. Aktın tərtib edilməsinə əsas kimi “X1”nın 4.3-cü bəndinə uyğun olaraq “G- 1000” markalı 83047669 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilməsi göstərilmişdir. Aktda Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablanması 33077,8 m3 müəyyən edilmiş və qaz sərfinin dəyəri olan 8269,5 manatın istehlakçı tərəfindən 2 ay müddətində ödənilməsi razılaşdırıldı” qeyd edilmişdir. İddiaçının nümayəndəsi aktı təsdiqləməkdən imtina etmişdir. İddiaçı tərəfindən cavabdehə 07 fevral 2023-cü il tarixində 12 saylı məktub göndərilmiş məktubda aktın “X1”nın və xx.xx.2019-cu il tarixli AMX-1996/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.1.8 və 2.1.11-ci bəndlərinin tələblərinə zidd olduğuna görə 8269,5 manatın ödənilməsindən imtina edilməsi qeyd edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-8-2-262/2023 saylı məktubunda müraciətin araşdırıldığını, Cavabdeh SOCAR **********0040020A00513 nömrəli əmri ilə təsdiq olunmuş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən sayğacda uçota alınmayan 33077 m3 qaz sərfinə görə 7276,94 manat hesabat aparılaraq iddiaçının abonent hesabına işlənildiyini bildirmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş aktda sayğac göstəricilərinin xətası normalara uyğun olmadığı, normadan artıq olduğu qeyd edilmiş, lakin norma göstərilməmişdir. Qazın hesablanma metodologiyası cavabdehdən tələb olunmasına baxmayaraq iddiaçıya təqdim edilməmişdir. Qaz sayğacının layihə gücünə uyğun olmadığı, qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılmadığını və istimar edilmədiyini göstərən heç bir göstərici yoxdur. İddiaçının normal qazla təmin olunması üçün qaz xəttində qazın təzyiqi 1 bardan aşağı olmamalıdır. Bunu iddiaçının buxar qazanlarının gücü tələb edir. Buxar qazan sexinə gedən xətdən başqa xətt yoxdur ki, iddiaçının sayğacı minimal sərfölçmə qabiliyyətindən aşağı həddə istifadə olunsun. 29 sentyabr 2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsində Cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və qanunsuz olaraq xx.xx.2023-cü il tarixli, UP-09473 saylı akta əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə yazılmış 7276,94 manat pulun silinməsi tələbi irəli sürülmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz iddiasının əsası kimi barəsində tərtib edilmiş aktın düzgün olmadığını, sayğacında göstərilən nöqsanların olmadığınə, təbii qazdan qanunsuz istifadə etmədiyini göstərmişdir. Lakin abonent üçün sayğac göstəricisindən əlavə sərfiyyat məbləğinin hesablanması qanuna uyğun şəkildə yerinə yetirilmişdir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən açılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Belə olan halda “X1”nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.1.6-cı yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının üzərinə qoyulmuşdur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə attestasiya edilmiş ölçmə metodikaları yerinə yetirilməlidir. Turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0.25%, qazın tərkibindəki azota görə 3,5% və karbon qazma görə 4,0% olmaqla, cəmi 7,75% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən X1 və qazın alqısatqısı müqaviləsi ilə müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğaclarının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab edilir. Abonentin G-1000 markalı 83047669 nömrəli qaz sayğacına yerində xidmət göstərərkən xətaların normadan artıq olduğu müəyyən edilmişdir. Sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 33077,8 m3 miqdarında və ya 33077,8 m3 x 0,22 manat 7276,94 manat məbləğində uçota alınmayan qazın həcmi hesablanmışdır. Göründüyü kimi,İddiaçı Açıq Səhmdar Cəmiyyəti üçün hesablanmış uçotu pozulmuş qaz həcminin məbləği qanuna və ölçmə metodikasına əsaslanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi isə qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 05 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Təbii qazın uçotunun pozulması barədə” xx.xx.2023-cü il tarixində tərtib olunmuş UP-09473 nömrəli aktın ləğv edilməsi hissəsinin etibarsız hesab edilməsi, əsassız hesablanmış 7276,94 manatlıq borcun silinməsi, 103 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Təbii qazın uçotunun pozulması barədə” xx.xx.2023-cü il tarixində tərtib olunmuş UP-09473 nömrəli akt üzrə əsassız hesablanmış 7276,94 manatlıq borcun silinməsi, 103 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Quba-Konserv-1” X2 nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli 16 fevral 2022-ci il tarixli Aktdan görünür ki, X3 İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus “G 1000” markalı 83047669 nömrəli qaz sayğacına yerində xidmət göstərilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP-09473 nömrəli aktda qeyd olunur ki, “X1”nın 4.3-cü bəndinə uyğun olaraq “G1000” markalı 83047669 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 33077,8 m3 müəyyən olunmuşdur. Aktda qeyd olunmuşdur ki, müəyyən olunmuş 33077,8 m3 qaz sərfinin dəyəri olan 8269,5 manatın istehlakçı tərəfindən 2 ay müddətə ödənilməsi razılaşdırıldı. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi aktı imzalamaq imtina etmişdir. İş materiallarında olan X3 İstismarı İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 9 may 2023-cü il tarixli 14-2-2-8/2-262/2023 nömrəli məktubunda göstərilmişdir ki, qeydə alınmayan 33077,8 m3 qaz sərfinə görə 7276,94 manat məbləğində hesabat aparılaraq abonent hesabınıza işlənilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin fevral ayında akt əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus abonent hesabına 7276,94 manat məbləğində borc hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti barəsində “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP-09473 nömrəli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, “X1”nın 4.3-cü bəndinə uyğun olaraq “G1000” markalı 83047669 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 33077,8 m3 müəyyən olunmuş və iddiaçıya həmin akt əsasında 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP-09473 nömrəli akt əsasında hesablanmış 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən 103 manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və Cavabdehndən hazırkı iddia tələbinə uyğun hesablanmış 92,77 (doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********00090) “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP-09473 nömrəli akt əsasında hesablanmış 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borc silinməli, Cavabdehndən 92,77 (doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********00090) “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP-09473 nömrəli akt əsasında hesablanmış 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 92,77 (doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar