Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1189/2025 08.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 14492,8 (on dörd min dörd yüz doxsan iki manat, səksən qəpik) manat məbləğində əsas bоrc və 134 (yüz otuz dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 25 noyabr 2024-cü il tarixli KP-010/2024 nömrəli və 06 yanvar 2025-ci il tarixli KP-001/2025 nömrəli alqı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən, cavabdeh 2024-cü ilin noyabr ayında 1750 manat, dekabr ayında 4401 manat, 2025-ci ilin yanvar ayında 51830 manat və fevral ayında 16959 manat məbləğində dəyəri olan dizel yanacağı almışdır. Cavabdeh MMC-yə hər ay aldığı yanacaq məhsulları üçün iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilmişdir. Təqdim olunmuş elektron qaimə-fakturalara əsasən 2024-cü il üzrə alınmış yanacaq məhsullarının dəyəri cavabdeh tərəfindən tam ödənilmiş, lakin 2025-ci ilin yanvar ayı üzrə 51301,3 manat, fevral ayı isə cəmi 2994,9 manat məbləğində ödənişlər olunmuşdur. Sonuncu dəfə ödəniş 18 aprel 2025-ci il tarixində həyata keçirilmişdir. Cavabdehin aldığı yanacaq məhsulu üzrə 2025-ci ilin yanvar ayı üzrə 528,7 manat, fevral ayı isə 13964,1 manat məbləğində olmaqla, ümumilikdə 14492,8 manat məbləğində borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli KP- 001/2025 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən olunmuş qaydada satıcı (iddiaçı) alıcıya (cavabdehə) pərakəndə qaydada “Ai 92” markalı benzin yanacağını və dizel yanacağı satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında məhsulun dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, alıcı məhsul (yanacaq) üçün sifariş verir, satıcı isə alıcının sifarişi əsasında onun nəqliyyat vasitələrini məhsulla (yanacaqla) təmin etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, alıcı aldığı məhsulun təchizatını və təchizatı ilə bağlı olan bütün xərcləri ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı satılan neft məhsulları üçün aylıq (illik) tələbatına uyğun olaraq satıcıya sifariş verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, məhsulun 1 (bir) litrinin qiyməti ƏDV daxil olmaqla “Benzin Ai 92” 1.1 manat, “Dizel yanacağı” 1 manatdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcı alıcı tərəfindən verilmiş sifarişə uyğun olaraq alıcıya hər ay “e-qaimə” təqdim edir. Alıcı hissə-hissə aldığı yanacağın dəyərini ona təqdim edilmiş “e-qaimə”yə əsasən yanacağın əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı aldığı məhsulun dəyərini satıcıya hər ayın sonuna kimi ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10972904 nömrəli elektron qaimə-faktura üzrə 1966,99 manat, 20 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10023903 nömrəli elektron qaimə-faktura üzrə 14048 manat, 03 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10035839 nömrəli elektron qaimə-faktura üzrə 18000 manat, 03 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10036134 nömrəli elektron qaimə-faktura üzrə 17815 manat, 19 fevral 2025-ci il tarixli MT2502 seriyalı 11342183 nömrəli elektron qaimə-faktura üzrə 16958,99 manat məbləğində olmaqla, cəmi 68788,98 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 1440 manat, 22 yanvar 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 972 manat, 12 fevral 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 2787,55 manat, 20 fevral 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 2178 manat məbləğində olmaqla, cəmi 7377,55 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli kredit haqqında bildiriş üzrə 8000 manat, 23 yanvar 2025-ci il tarixli kredit haqqında bildiriş üzrə 5400 manat, 10 fevral 2025ci il tarixli kredit haqqında bildiriş üzrə 15486,44 manat, 20 fevral 2025-ci il tarixli kredit haqqında bildiriş üzrə 12100 manat, 18 aprel 2025-ci il tarixli kredit haqqında bildiriş üzrə 5932,2 manat məbləğində olmaqla, cəmi 46918,64 pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 01 may 2025-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya üzləşmə aktının tərtib edildiyi tarixə 14492,8 manat məbləğində borcu vardır. İş materiallarına, həmçinin üzləşmə aktının tərtib edildiyi 01 may 2025-ci il tarixdən 28 iyul 2025-ci il tarixədək dövrü əhatə edən hesabdan çıxarış əlavə edilmişdir. Hesabdan çıxarışın məzmununda həmin dövr üzrə cavabdeh tərəfindən iddiaçının hesabına hər hansı ödəniş edilməsi öz əksini tapmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 25 noyabr 2024-cü il tarixli KP-010/2024 nömrəli və 06 yanvar 2025-ci il tarixli KP-001/2025 nömrəli alqı-satqı müqavilələri bağlanmış, satıcı qismində çıxış edən iddiaçı 06 yanvar 2025-ci il tarixli KP-001/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan yanacaq məhsullarını cavabdehə təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10972904 nömrəli elektron qaimə-faktura üzrə 1966,99 manat, 20 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10023903 nömrəli elektron qaimə-faktura üzrə 14048 manat, 03 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10035839 nömrəli elektron qaimə-faktura üzrə 18000 manat, 03 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10036134 nömrəli elektron qaimə-faktura üzrə 17815 manat, 19 fevral 2025-ci il tarixli MT2502 seriyalı 11342183 nömrəli elektron qaiməfaktura üzrə 16958,99 manat məbləğində olmaqla, cəmi 68788,98 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən 21 yanvar 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 1440 manat, 22 yanvar 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 972 manat, 12 fevral 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 2787,55 manat, 20 fevral 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 2178 manat məbləğində, 22 yanvar 2025-ci il tarixli kredit haqqında bildiriş üzrə 8000 manat, 23 yanvar 2025-ci il tarixli kredit haqqında bildiriş üzrə 5400 manat, 10 fevral 2025ci il tarixli kredit haqqında bildiriş üzrə 15486,44 manat, 20 fevral 2025-ci il tarixli kredit haqqında bildiriş üzrə 12100 manat, 18 aprel 2025-ci il tarixli kredit haqqında bildiriş üzrə 5932,2 manat məbləğində olmaqla, cəmi 54296,19 manat mələğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdehə 2025-ci il ərzində 68788,98 manat məbləğində dəyəri olan mallar təhvil verilmiş, cavabdeh tərəfindən 54296,19 manat məbləğində ödəniş həyata keçirilmişdir, qalıq borc məbləği 14492,79 manat təşkil etmişdir. Tərəflərin nümayəndələri 01 may 2025-ci il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya 14492,8 manat məbləğində borcu olduğunu təsdiq etdiyindən və iş materiallarına əlavə edilmiş hesabdan çıxarış sənədi ilə cavabdehin həmin tarixdən sonra hansısa ödəniş həyata keçirmədiyi müəyyən edildiyindən 14492,8 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iş materiallarında olan 17 iyun 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 134 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilənlərə əsasən, iddia təmin edildiyindən 134 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 14492,8 manat məbləğində əsas borc və 134 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14626,8 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 14492,8 (on dörd min dörd yüz doxsan iki manat, səksən qəpik) manat məbləğində bоrc və 134 (yüz otuz dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14626,8 (on dörd min altı yüz iyirmi altı manat, səksən qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1189/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1189/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver