Məhkəmə qərarları › İş №e-2-2(119)-1190/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1190/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1190/2025 05.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 34258 (otuz dörd min iki yüz əlli səkkiz) manat məbləğində əsas borc, 1448,9 (min dörd yüz qırx səkkiz manat, doxsan qəpik) manat məbləğində zərər, 719,4 (yeddi yüz on doqquz manat, qırx qəpik) manat məbləğində dəbbə pulu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 37226,3 (otuz yeddi min iki yüz iyirmi altı manat, otuz qəpik) manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 202 (iki yüz iki) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 03 sentyabr 2024-cü il tarixli 1/24-245 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə cavabdehə ümumilikdə 34258 manat dəyərində məhsul verilmişdir. Cavabdeh həmin məhsulların dəyəri üzrə ödəniş həyata keçirməmiş və həmin məbləğdə pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla iddiaçıya zərər vurmuşdur. Zərər Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablamaqla 1448,9 manat məbləğində dəyərləndirilmişdir. Bundan başqa, müqavilənin 8.3-cü bəndinə əsasən razılaşdırılan ödəniş müddətinin pozulmasına görə gecikdirilən məbləğin 0,01% olaraq qeyd edilmişdir. Hazırkı günə 719,4 manat dəbbə pulu hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, məhkəməyə təqdim edilmiş 5 ədəd elektron qaiməfakturadan üçündə, həmçinin cavabdehin möhürü mövcuddur. Digər iki elektron qaiməfaktura 11 sentyabr 2024-cü il və 24 sentyabr 2024-cü il tarixli elektron qaimə-fakturalar, yəni cavabdehə ilk və son dəfə göndərilənlərdir. Tərəflər arasında etibarlı münasibət mövcud olduğundan həmin elektron qaimə-fakturaların cavabdeh tərəfindən möhürlənməsi tələb edilməmişdir. Eyni zamanda digər elektron qaimə-fakturaların eyni gündə göndərilməsi də nəzərə alınmalıdır. Müqavilə üzrə ödəniş qaydaları müqaviləyə 1 nömrəli Əlavədə nəzərdə tutulmuşdur. Həmin Əlavənin məzmununa əsasən, malların dəyərinin 30%-i mallar təhvil verilməzdən öncə, 70%-i isə 1 ay ərzində ödənilməli idi. Faiz borcu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun (7,25%) 2024-cü ilin noyabr ayından etibarən 7 ay müddətinə hesablanmışdır. İddia ərizəsində 800 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş xidmət haqqı tələb edilir və müvafiq halı təsdiqləyən sənəd mövcuddur, lakin həmin sənədi iş materiallarına əlavə edilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 03 sentyabr 2024-cü il tarixli 1/24- 245 nömrəli bitki mühafizə vasitələrinin satışına dair müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı (İddiaçı QSC) müqavilənin əlavəsi hesab edilən və alıcı (Cavabdeh MMC) tərəfindən rəsmiləşdirilən 1 saylı Əlavədə göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, malların alıcıya çatdırılması müvafiq əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcəkdir. Həmin müqavilənin 3.4-cü bəndinin 1-ci cümləsinə əsasən, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (qaiməfaktura) əsasında həyata keçirəcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müvafiq saylı Əlavədə müəyyən edilir. Malların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya artması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqaviləyə əlavə olunmaqla (Əlavə 2) müəyyənləşdiriləcəkdir. Həmin müqavilənin 5.2.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 5.3.1-ci yarımbəndinə əsasən, hazırkı müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini Müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliyidir. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən, alıcı malların dəyəri olan pul məbləğinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilə üzrə tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli 01 nömrəli Əlavə olan X1 1-ci bəndinə əsasən, satıcının alıcıya satdığı malların ümumi dəyəri 12800 manat məbləğində təşkil edir. Həmin Protokolun 2-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə malların çatdırılması və təhvil verilməsi, malların ümumi dəyərinin 30%-i mal təhvilindən öncə qalan 70%-i isə 1 (bir) ay ərzində həyata keçiriləcəkdir. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli **********4 nömrəli hesab-faktura üzrə 12800 manat, 18 sentyabr 2024-cü il tarixli **********1 nömrəli hesab-faktura üzrə 6059 manat, 18 sentyabr 2024-cü il tarixli **********2 nömrəli hesab-faktura üzrə 949 manat, 20 sentyabr 2024-cü il tarixli **********4 nömrəli hesab-faktura üzrə 8670 manat, 20 sentyabr 2024-cü il tarixli **********5 nömrəli hesab-faktura üzrə 5780 manat məbləğində olmaqla, cəmi 34258 manat məbləğində dəyəri olan mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 10734944 nömrəli elektron qaimə-faktura üzrə 12800 manat, 20 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11389564 nömrəli elektron qaimə-faktura üzrə 6059 manat, 20 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11390053 nömrəli elektron qaimə-faktura üzrə 8670 manat, 20 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11390620 nömrəli elektron qaimə-faktura üzrə 5780 manat,24 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11607751 nömrəli elektron qaimə-faktura üzrə 949 manat manat məbləğində olmaqla, cəmi 34258 manat məbləğində dəyəri olan mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 03 sentyabr 2024-cü il tarixli 1/24-245 nömrəli bitki mühafizə vasitələrinin satışına dair müqavilə üzrə 34258 manat məbləğində borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 03 sentyabr 2024-cü il tarixli 1/24-245 nömrəli bitki mühafizə vasitələrinin satışına dair müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 34258 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 03 sentyabr 2024-cü il tarixli 1/24-245 nömrəli müqavilə üzrə 34258 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış 1448,9 manat məbləğində faiz borcunun tutulmasına dair hissəsi qismən təmin edilməlidir. Belə ki, 03 sentyabr 2024-cü il tarixli müqaviləyə 01 nömrəli Əlavə olan X2 əsasən cavabdeh malların ümumi dəyərinin 30%-i mal təhvilindən öncə, qalan 70%-i isə 1 (bir) ay ərzində həyata keçiriləcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalar və hesab-fakturalar nəzərə alındıqda, ilk elektron qaimə-faktura və hesab-faktura cavabdehə 11 sentyabr 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, cavabdeh müqavilə öhdəliyinə uyğun olaraq, ən geci 11 oktyabr 2024-cü il tarixinədək ödənişi həyata keçirməli olmuşdur. İddiaçının nümayəndəsi izahatında 7 aylıq dövr (2024cü il noyabr ayından iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixə, 2025-ci il iyun ayına) üzrə faiz borcunun tutulması ilə bağlı mövqeyi müdafiə etdiyindən və həmin dövrdə bank uçot faiz dərəcəsi 7,25 faiz olduğundan, 34258 manat məbləğində olan əsas borc məbləğinə münasibətdə gecikmə məbləği olan 1448,82 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır (34258 : 100 x 7,25) : 12 x 7 = 1448,82). İddia tələbinin 03 sentyabr 2024-cü il tarixli 1/24-245 nömrəli müqavilə üzrə 719,4 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (müqaviləsinin 8.3-cü bəndi) iddiaçı cavabdehlərdən müştərək qaydada cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Həmçinin iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hüquqi yardımın göstərilməsi ilə əlaqədar qeyd edilən məbləğdə ödəniş həyata keçirildiyini təsdiq edən hər hansısa sənəd və ya ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin həmin hissədə əsaslılığı iş materialları ilə sübut olunmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 202 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 16 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 202 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 199,28 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 34258 manat məbləğində əsas bоrc, 1448,82 manat məbləğində faiz bоrcu, 719,4 manat məbləğində cərimə, 199,28 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36625,5 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 34258 (otuz dörd min iki yüz əlli səkkiz) manat məbləğində əsas bоrc, 1448,82 (min dörd yüz qırx səkkiz manat, səksən iki qəpik) manat məbləğində faiz bоrcu, 719,4 (yeddi yüz on doqquz manat, qırx qəpik) manat məbləğində cərimə, 199,28 (yüz doxsan doqquz manat, iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36625,5 (otuz altı min altı yüz iyirmi beş manat, əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar