Məhkəmə qərarları › İş №e-2-2(119)-1197/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1197/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1197/2021 01.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “İddiaçı” tərəfindən cavabdeh “X2 Foundry Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “İddiaçı” “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X2 Foundry Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hesabından 1 milyon 321 min 434 ABŞ dolları və 302700 avro həcmində borcun, əldən çıxmış fayda üçün ******* manatın, məhkəmə məsrəfləri üçün 1000 manat (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) pulun tutularaq “X1 San. Ve Tic.Ltd.Şti”-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı “İddiaçı” tərəfindən cavabdeh “X2 Foundry Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi iddiaçı “İddiaçı” nümayəndəsi kimi göstərilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil tərəfindən imzalanmış və həmin səlahiyyət ona iddia ərizəsinə əlavə edilmiş 23 avqust 2021-ci il tarixli Etibarnamə əsasında verilmişdir. Lakin, həmin Etibarnamə “İddiaçı”-nin direktoru kimi göstərilmiş Kemal Seçer tərəfindən imzalanmış olsa da, sonuncunun həmin hüquqi şəxsin direktoru olması və nümayəndəyə iddia ərizələrini imzalamaq üçün nəzərdə tutulan etibarnamələr vermək səlahiyyətinə malik olması - iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunmur. Çünki, bunun müəyyən edilməsi üçün zəruri olan sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi (mövcud mübahisə üzrə cavabdehə nümayəndə Vəkil (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili) tərəfindən imzalanmış 17 avqust 2021-ci il tarixli “Pretenziya” məktubu göndərilmiş olsa da, ona həmin hüquqi şəxsi təmsil etmək üçün nəzərdə tutulan etibarnamə 23 avqust 2021-ci il tarixində verilmişdir. Bununla da belə nəticəyə gəlmək olar ki, cavabdehə göndərilmiş “Pretenziya” məktubunu imzalayan vaxt Vəkil iddiaçının nümayəndəsi olmamış və sonuncunun iddiaçının adından hər hansı bir sənədi imzalamaq səlahiyyəti olmamışdır) və eləcə də, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddiaçı iddia tələbində “cavabdeh "xxxx" MMC-nin hesabından 1 milyon 321 min 434 ABŞ dolları və 302700 avro həcmində borcun, əldən çıxmış fayda üçün ******* manatın, məhkəmə məsrəfləri üçün 1000 manat (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) pulun tutularaq “X1 San. Ve Tic.Ltd.Şti”-nin hesabına ödənilməsini” xahiş etsə də, iddia ərizəsinə əlavə edilmiş “Exspresspay” ödəniş sistemi vasitəsi ilə dövlət rüsumunun ödənilməsini təsdiq edən 23 sentyabr 2021-ci il tarixli ********* №-li qəbzdə həmin rüsumu ödəyən ödəyici qismində iddiaçı “İddiaçı”-nin adı deyil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili olan nümayəndə Vəkil adı göstərilmişdir. Bu halda isə həmin dövlət rüsumunun məhz bu iddia tələbi ilə əlaqədar ödənilməsi müəyyən olunmur. Ona görə də, məhkəməyə verilən iddia ərizələri üzrə dövlət rüsumları iddiaçının özünün adından ödənməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə də, təsvir olunanlardan görünür ki, Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi üçün hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “İddiaçı” tərəfindən cavabdeh “X2 Foundry Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar