Məhkəmə qərarları › İş №e-2-2(119)-1204/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1204/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1204/2022 24.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş müqavilənin ləğv edilməsi və pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli RC-001-21 saylı müqavilənin ləğv edilməsini və həmin müqavilə üzrə Cavabdehndən 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində əsas borcun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz ) manat məbləğində pulun Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli RC-001-21 saylı müqavilə üzrə Cavabdeh öhdəliyini yerinə yetirməmiş və ona ödənilmiş 70800 (yetmiş min səkkiz yüz) manat pulu geri qaytarmamışdır. İddia ərizəsinə əlavə edilmiş qaimə-fakturadan göründüyü kimi iddiaçı tərəfindən sözügedən müqavilə üzrə öhdəlik yerinə yetirilərək 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülmüş, lakin cavabdeh müqavilənin 2.2.1-ci bəndinin tələbini pozaraq malları təhvil verməmişdir. Cavabdeh öhdəliyini icra etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasında məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. 21 sentyabr 2022-ci il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi X1 izahatında iddiaçı tərəfindən 70800 manat məbləğində pul ödənildiyini, lakin malların iddiaçıya təhvil verilmədiyini bildirərək iddia tələbini etiraf etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan satıcı X2 Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli RC-001-21 saylı müqaviləsinin 1.1-ci bəndinə əsasən “satıcı” adları və qiymətləri müqavilənin 1 nömrəli Əlavəsində göstərilən malı satmağı, “alıcı” isə həmin malları almağı öz öhdələrinə götürürlər. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən və tərəflərin razılaşdığı malı qaimə-faktura əsasında alıcıya satır. 2.2.1-ci bəndinə əsasən isə satıcı malı müqavilədə müəyyən edilən ünvanda və qaydada alıcıya təhvil verilməsini təmin edir. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən alıcı malı müqavilədə göstərilən ünvanda satıcıdan təhvil alır. 2.4.2-ci bəndinə əsasən malın qiymətini müqavilədə müəyyən edilən qaydada satıcının hesabına, əlavə dəyər məbləğini isə ödəniş gününə mövcud qanunvericliyə uyğun şəkildə və qaydada ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 20 oktyabr 2021-ci il tarixdən etibarən 31 dekabr 2022-ci il tarixinə kimi qüvvədədir. Tərəflərdən biri bu müqavilənin müddətinin bitməsinə ən azı 1 (bir) həftə qalmış həmin müqavilənin ləğv olunması ilə bağlı digər tərəfə yazılı bildiriş verməzsə, bu müqavilənin müddəti əlavə 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 4.2-ci bəndə görə “alıcı” və “satıcı” istənilən vaxt bu müqaviləni birtərəfli qaydada ləğv etmək istədikdə bu barədə qarşı tərəfə 10 (on) gün əvvəldən yazılı xəbərdarlıq məktubu göndərir. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli RC-001-21 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, satıcı 74340 manat dəyərində olan (ƏDV daxil olmaqla) 90 ədəd armaturu alıcıya verməli, alıcı da qeyd olunan məbləği satıcıya ödəməli idi. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli cavabdeh Ramin Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş hesab-fakturadan görünür ki, cavabdeh 20 oktyabr 2021-ci il tarixli RC-001-21 saylı alqı-satqı müqaviləsi və EBBL 000391 saylı elektron qaimə əsasında 74340 manat dəyərində (ƏDV daxil olmaqla) olan 90 ədəd armaturu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdehnə 20 oktyabr 2021-ci il və 21 oktyabr 2021-ci il tarixlərində 70800 manat məbləğində ödəniş edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi; - alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsində irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində pul cavabdehə ödənilmiş, cavabdeh Ramin Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti isə öhdəliyini yerinə yetirməyərək malları iddiaçıya təhvil verməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia alqı-satqı müqaviləsinin ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göründüyü kimi, Cavabdeh qanuni təmsilçisi X1 iştirak etdiyi məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddiaçı tərəfindən 70800 manat məbləğində ödəniş edildiyini, lakin malların iddiaçıya təhvil verilmədiyini etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan ödəniş tapşırıqlarından da iddiaçının cavabdehə 70800 manat məbləğində pul vəsaitini ödədiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 70800 manat məbləğində pul vəsaiti tutulmalı və tərəflər arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli RC-001-21 saylı alqı-satqı müqaviləsi ləğv edilməlidir. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən dövlət nəfinə 302,40 (üç yüz iki manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən (VÖEN **********) 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində əsas bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 71700 (yetmiş bir min yeddi yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli RC-001-21 nömrəli Müqavilə ləğv edilsin. Cavabdehndən dövlət nəfinə 302,40 (üç yüz iki manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar