Məhkəmə qərarları › İş №e-2-2(119)-1204/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1204/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1204/2025 27.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən tərəflər arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən 12269,2 (on iki min iki yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində əsas borc, 2208,46 (iki min iki yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində ƏDV borcu, əsas borca hesablanmış 1447,76 (min dörd yüz qırx yeddi manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 340 (üç yüz qırx) manat məbləğində xidmət haqqı və 140,18 (yüz qırx manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh arasında 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı aldığı 19741,64 (on doqquz min yeddi yüz qırx bir manat altmış dörd qəpik) manat dəyərində malların baza məbləğindən 4461 (dörd min dörd yüz altmış bir) manat və ƏDV borcundan 802,98 (səkkiz yüz iki manat doxsan səkkiz qəpik) manat məbləğində hissəsini ödəmiş, geri qalan hissəni ödəməmiş və nəticədə onun satıcıya 12269,2 (on iki min iki yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində əsas borc, 2208,46 (iki min iki yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində ƏDV borcu olmaqla, cəmi 14477,66 (on dörd min dörd yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində borcu yaranmışdır. Dəfələrlə edilən müraciətlərə baxmayaraq cavabdeh borc öhdəliyini yerinə yetirməmiş, bununla bağlı iddiaçı tərəfindən cavabdehə rəsmi pretenziya məktubu göndərilmiş, lakin həmin pretenziya məktubuna da cavab verilməmişdir. Bu isə tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin şərtlərinin pozulmasına, sahibkarlıq fəaliyyətinin normal yerinə yetirilməsinə maneçilik törətməklə işgüzar münasibətlərə xələl gətirməsinə səbəb olmuşdur.

3. 27 avqust 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 məhkəməyə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilmiş 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi tərəflər arasında razlaşdırılmış, iddiaçı tərəfindən tam rəsmiləşdirilərək digər tərəfə imzalanması və bir nüsxəsinin iddiaçıya verilməsi üçün təqdim olunmuş, lakin cavabdeh müqaviləni iddiaçı tərəfə verməmişdir. Buna baxmayaraq razılaşdırılmış 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfə təqdim olunmuş elektron qaimələrdən ikisi cavabdehin özü tərəfindən, qalan beş qaimə isə avtomatik olaraq sistem tərəfindən təsdiq olunmuşdur. Həmin elektron qaimələr əsas göstərilməklə tərəflər arasında 19741,64 manat məbləğində alqı-satqı əməliyyatları baş tutmuş, bundan 4461 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür. Təqdim olunmuş elektron qaimələrə münasibətdə cavabdeh iddiaçıya hər hansı formada pretenziya bildirməmiş, qaimələri ləğv etməmişdir. Bununla da cavabdeh iddiaçının göndərdiyi ofertanı aksept etmişdir.

4. 03 oktyabr 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əsas və ƏDV borcuna görə hesablanmış faiz məbləğinin tutulmasına dair tələbdən imtina etdiklərini bildirmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinin, iddia ərizəsi ilə bağlı məhkəməyə təqdim etdiyi mülahizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, malların təhvil verilməsi, elektron qaimələrin göndərilməsi, elektron qaimələrdən ikisinin cavabdeh tərəfindən təsdiq edilməsi və 15 fevral 2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil ödəniş edilməsi təsdiq edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmuşdur və qarşı tərəf həmin müqavilə üzrə təqdim edilmiş elektron qaimələrə etiraz etməmişdir. Buna görə də o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdeh tərəfindən həmin müqavilə üzrə avans ödənişi edilmiş, lakin dəyəri ödənilən həmin mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdir. Belə ki, 19 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndində qeyd olunmuşdur ki, satılan malların dəyəri avans şəklində ödənilir, daha sonra mallar satıcı tərəfindən 5 iş günü müddətində alıcıya təhvil verilir. Ancaq malların alıcıya təhvil verilməsi ilə bağlı heç bir sübut yoxdur. Cavabdeh MMC-nin işçilərinin səriştəsizliyi nəticəsində bir neçə iş üzrə bu hallara rast gəlinir. Bu səbəbdən rəhbərlik dəyişmişdir. Köhnə rəhbərlik barəsində vergi orqanları tərəfindən araşdırma başlanılmışdır. Elektron qaimələr malların təhvil verilməsini təsdiq etmir. Tərəflər arasında işgüzar adətlər mövcud deyil. Mühasibin şirkətin boşluğundan və rəhbərliyin zəifliyindən istifadə edərək hesaba pul köçürməsi tərəflər arasında adət formalaşdırmır. Çünki adət dəfələrlə baş verdikdə yaranır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

9. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı ona məxsus malları satmağı, alıcı isə onların dəyərini ödəməklə almağı öhdəsinə götürür. Hər partiya satılan malların adları, çeşidi, miqdarı, qiyməti və məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi kimi tərtib edilmiş və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiqlənmiş “X1”na əsasən müəyyən ediləcəkdir (Müqavilə cavabdeh tərəfindən imzalanmamışdır).

10. Həmin müqavilənin 2-ci bəndinə əsasən satılan malların dəyəri satıcının bank hesabına ödənildikdən sonra mallar Azərbaycan Respublikası qanunvericiliklərində nəzərdə tutulmuş sənədlərlə birlikdə satıcı tərəfindən 5 (beş) bank günü müddətində alıcıya təhvil verilir.

11. Həmin müqavilənin 3.1-ci bəndinə görə tərəflər bu müqavilə çərçivəsində satılacaq malların ümumi dəyərini ƏDV ilə birlikdə razılaşdırırlar.

12. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər tərtib edilmiş elektron-qaimə əsasında bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir.

13. İş materiallarından görünür ki, 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqısatqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə satılan malların qiyməti 20 dekabr 2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 6726 manat, 15 fevral 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 5263,98 manat, 01 mart 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 1553,12 manat, 07 mart 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 2301 manat, 27 mart 2023cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 247,8 manat, 03 aprel 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 3581,3 manat müəyyən edilmişdir.

14. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 5263,98 manat dəyərində malların satılması ilə bağlı 15 fevral 2023-cü il tarixli EBCO seriyalı 948735 nömrəli, 1553,12 manat dəyərində malların satılması ilə bağlı 01 mart 2023-cü il tarixli EBDA seriyalı 377065 nömrəli, 2301 manat dəyərində malların satılması ilə bağlı 07 mart 2023-cü il tarixli EBDB seriyalı 123097 nömrəli, 247,8 manat dəyərində malların satılması ilə bağlı 27 mart 2023-cü il tarixli EBDC seriyalı 213997 nömrəli, 3581,3 manat dəyərində malların satılması ilə bağlı 03 aprel 2023-cü il tarixli EBDC seriyalı 550094 nömrəli, 5675,8 manat dəyərində malların satılması ilə bağlı 26 aprel 2023-cü il tarixli EBDE seriyalı 234963 nömrəli, 1118,64 manat dəyərində malların satılması ilə bağlı 12 may 2023-cü il tarixli EBDF seriyalı 360372 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir.

15. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş EBCO seriyalı 948735 nömrəli elektron qaimə-faktura üzrə 4461 (dörd min dörd yüz altmış bir) manat məbləğində ödəniş olunmuşdur.

16. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, İddiaçı hesabına 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş EBCO seriyalı 948735 nömrəli elektron qaimə-faktura üzrə 802,98 (səkkiz yüz iki manat doxsan səkkiz qəpik) manat məbləğində ödəniş edilmişdir.

17. İddiaçı nümayəndəsi Vəkil1 vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid2 Xalıq oğlu ifadəsində bildirmişdir ki, o, sürücü işləyir və işlədiyi müddətdə İddiaçı məxsus sahibkarlıq obyektindən Cavabdeh MMC-yə dəfələrlə mal aparmışdır. Qaynaq əlcəyi və.s kimi digər malları anbardara təhvil vermiş, təhvil verilən mallar üçün ödənişi Cavabdeh MMC-dən Məzahir adlı şəxs etmişdir. Məzahir İddiaçı məxsus obyektə gəlib və Şahid2 Məzahiri təqribən 5-6 dəfə görüb. Daha sonra o, pulu tələb etmək üçün Cavabdeh MMC-yə məxsus zavoda getsə də, mühafizəçi onu içəri buraxmamış, obyektin sahibi olduğu deyilən şəxs gələrək Məzahirin artıq burada işləmədiyini bildirmişdir. Malların təhvil verilməsi ilə bağlı qaimə-fakturaları iddiaçı tərəfdən satıcı imzalamış, Şahid2 isə qarşı tərəfə həmin malları təhvil verib onların düzgünlüyünü yoxlamışdır. Mallar təhvil verilərkən tərtib olunan qaimə-fakturaların “təhvil verildi” hissəsinə iddiaçı tərəfdən adətən satıcı imza çəkmiş və digər nüsxəsini qarşı tərəfə təqdim etmişdir.

18. İddiaçı nümayəndəsi Vəkil1 vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı məxsus sahibkarlıq obyektində satış işləri ilə məşğul olmuş, malların sifarişini Cavabdeh MMC-dən Məzahir adlı şəxsdən götürmüş, əvvəllər təqribən 7-8 ay ərzində həmin şəxs nağd formada ödəniş edərək onlardan mal almışdır. Daha sonra isə münasibətlər rəsmi formada davam etdirilmişdir. Rəsmi formada mallar göndərildikdən sonra Cavabdeh MMC tərəfindən 1 dəfə 4461 manat məbləğində ödəniş olunmuşdur. Daha sonra Məzahir Şahid1 Cavabdeh MMC-də bir müddət direktor vəzifəsində işləyən Nazim adlı şəxsin nömrəsini verərək ödənişlərə onun baxdığını qeyd etmişdir. Bundan sonra Şahid1 Cavabdeh MMC-yə dəfələrlə mal aparmış, Nazim ilə əlaqə saxladıqda o, ödəniş edəcəyini bildirsə də, bir müddət sonra onunla da əlaqə saxlamaq mümkün olmamışdır.

19. İddiaçı nümayəndəsi Vəkil1 vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, etibarnamə əsasında İddiaçı sahibkarlıq obyektini idarə etmişdir. Şahid3 həmçinin qeyd etmişdir ki, 4 elektron qaimədə göstərilən mallar qarşı tərəfə təhvil verilmişdir. Belə ki, özünü Cavabdeh MMC-nin işçisi kimi təqdim etmiş Məzahir adlı şəxs malları bir neçə dəfə nağd formada ödəniş edərək almış, daha sonra isə tərəflər arasında müqavilə bağlanmışdır. Bu münasibətlər təqribən 1 il yarım davam etmişdir. Mallar təhvil verilərkən qaimə-fakturaların bir nüsxəsi Məzahirə verilmiş, bir nüsxəsi isə obyektin mühasibində qalmışdır. Nağd formada ödəniş edilən ərəfələrdə mallar təhvil verilərkən qısa müddətdə ödəniş olunmuşdur. Hal-hazırda sənədləşmə işləri ciddi formada aparılsa da, həmin dövrdə 19 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və qaimə-fakturaların cavabdeh tərəfindən imzalanmamasının ona şübhəli gəlmədiyini qeyd etmişdir. Borcla bağlı "xxxx" MMC-nin mühasibi ilə əlaqə saxladıqda o, Məzahirin onları da aldatdığını və malları şirkətə gətirmədiyini, eyni zamanda bu işi araşdıracağını demiş, lakin 20 gün sonra yenidən zəng etdikdə mühasib ona məhkəməyə müraciət edilməsini bildirmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

24. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 19 dekabr 2022ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 19741,64 (on doqquz min yeddi yüz qırx bir manat altmış dörd qəpik) manat dəyərində (ƏDV məbləği daxil) malların satılması ilə əlaqədar elektron qaimə-fakturalar göndərilmiş, lakin cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. Qeyd olunmalıdır ki, məhkəməyə təqdim edilmiş 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi cavabdeh tərəfindən imzalanmasa da, məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 izahatında tərəflər arasında müqavilə münasibətlərinin olduğunu, cavabdeh tərəfindən 19 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 5263,98 manat məbləğində avans ödənişi edildiyini, həmin müqavilənin 2-ci bəndinə əsasən satılan malların dəyəri ödənildikdən sonra malların satıcı tərəfindən 5 bank günü müddətində alıcıya təhvil verilməli olduğunu, lakin malların alıcıya təhvil verilmədiyini və təhvil-təslimlə bağlı iddiaçının heç bir sübutunun olmadığını bildirmişdir.

31. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə istinad edərək cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 5263,98 manat məbləğində pul vəsaitinin alqı-satqı müqaviləsi üzrə avans ödənişi olduğunu bildirsə də, həmin vəsait avans kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəfindən 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehə 15 fevral 2023-cü il tarixli, 01 mart 2023-cü il tarixli, 07 mart 2023-cü il tarixli, 27 mart 2023-cü il tarixli, 03 aprel 2023-cü il tarixli, 26 aprel 2023-cü il tarixli və 12 may 2023-cü il tarixli ektron qaimə-fakturalar təqdim edilmiş, bu qaimə-fakturalardan birincisi - 15 fevral 2023-cü il tarixli qaimə üzrə cavabdeh tərəfindən tam ödəniş olunmuşdur (həmin qaimə-faktura sistem tərəfindən təsdiqlənmişdir). Cavabdeh tərəfindən ödənilmiş 5263,98 manat məbləğində pul vəsaiti cavabdehin nümayəndəsinin dediyi kimi avans ödənişi olsa idi, müqavilənin 2-ci bəndinə uyğun olaraq müvafiq qaimə üzrə mallar cavabdehə 5 bank günü müddətində təhvil verilməli idi. Lakin həmin mallar təhvil verilmədiyi halda növbəti elektron qaimələrin cavabdeh tərəfindən təsdiq olunması malların iddiaçı tərəfindən təhvil verilməməsi ehtimalını şübhə altına alır.

32. Həmçinin məhkəmə qeyd edir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə-fakturaları təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ən azı həmin qaimələrə etirazını bildirə, yaxud hər hansı dəqiqləşdirmə apara bilərdi. Lakin hazırkı işdə bu hal mövcud deyildir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

34. Həmin Qaydaların 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

35. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 14477,66 (on dörd min dörd yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğdə borcun (12269,2 manat əsas, 2208,46 manat ƏDV) tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər.

37. Bundan əlavə, iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 340 (üç yüz qırx) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə “Hüquqi yardımın göstərilməsi haqqında” 04 iyun 2024-cü il tarixli EM-1119VK-29581/25 nömrəli müqaviləni və müvafiq elektron qaimə-fakturanı əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 340 (üç yüz qırx) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Həmçinin hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 133,43 (yüz otuz üç manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ƏDV daxil olmaqla 14477,66 (on dörd min dörd yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 340 (üç yüz qırx) manat məbləğində vəkil xərci və 133,43 (yüz otuz üç manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14951,09 (on dörd min doqquz yüz əlli bir manat doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

42. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

45. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən 14477,66 (on dörd min dörd yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 340 (üç yüz qırx) manat məbləğində vəkil xərci və 133,43 (yüz otuz üç manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14951,09 (on dörd min doqquz yüz əlli bir manat doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar