Məhkəmə qərarları › İş №e-2-2(119)-1216/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1216/2025

25.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1216/2025 25.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 21 iyun 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 5343,48 (beş min üç yüz qırx üç manat, qırx səkkiz qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 1984-cü il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs izahatında bildirdi ki, ərizəni qəbul etmir. 14 iyul 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında qeyd etdiyi məsələlərlə əlaqədar iclasdan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə icra orqanının rəhbəri olduğu hüquqi şəxsin borcunun olmadığını təsdiq edən arayışın təqdim edilməsi ilə bağlı müraciət etmiş və 17 iyul 2025-ci il tarixli arayışı həm elektron formada, həm də yazılı formada əldə etmişdir. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq məhkəmədən ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 14 iyul 2025-ci il tarixində keçirilmiş iclasında iştirak edən maraqlı şəxs izahatında bildirmişdir ki, ərizəni qəbul etmir. "xxxx" MMC 2025-ci ilin yanvar ayından fəaliyyətini dayandırmışvə bu barədə aidiyyəti vergi qurumuna məlumat verilmişdir. Şirkət fəaliyyət göstərmədiyi müddətdə əvvəlki il əldə edilmiş mənfəətə uyğun olaraq hər rüb üzrə borc hesablanır. Ərizənin məzmununda qeyd edilmiş borc da məhz bu formada yaranmışdır. Hazırda hüquqi şəxsin hər hansı vergi borcu mövcud deyildir, vergi borcu sıfırlanmışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi Xidmətinin rəsmi portalından əldə edilmiş "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinin (çap olunma tarixi: xx.xx.2025) “Vergilər üzrə vərəqə” bölməsinin “Cəmi ödənməli borc” sütununda məbləğ “0” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 17 iyul 2025-ci il tarixli 3-21-2-3/2-50xx-xx/2025 nömrəli arayışın məzmununda "xxxx" MMCnin (VÖEN: **********) vergilər üzrə borcunun olmadığı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmənin mövqeyi: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən göründüyü kimi, vergi ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi əsas gətirilərək Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 5343,48 manat məbləğində vergi borcunun olması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 17 iyul 2025-ci il tarixli 3-21-2- 3/2-50xx-xx/2025 nömrəli arayışdan görünür ki, "xxxx" MMC-nin vergi borcu mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “Borc barədə məlumatın verilməsi” bölməsində (https://new.etaxes.gov.az/etaxes/tax-debts ) müvafiq axtarış aparıldıqda müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi borcu yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni hazırkı ərizədə qeyd olunan məlum borc artıq mövcud olmadığından, həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar