Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1217/2022 14.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 148.678 (yüz qırx səkkiz min altı yüz yetmiş səkkiz) manat məbləğində borcun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 29 may 2020-ci il tarixli 06/2020 saylı “Malların alqı-satqısına dair” müqaviləyə əsasən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövrü şəkildə verilən yazılı və təsdiq olunmuş sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda və keyfiyyətdə damazlıq yumurtanı alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satmağı, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan yazılı və təsdiq olunmuş əlavə razılaşmalarla (sifariş) razılaşdırılmış miqdarda, assortimenttə və keyfiyyətdə olan, yuxarıda sözügedən damazlıq yumurtanı qəbul edib, bu müqavilə ilə şərtləndirilmiş qaydada malın dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin “malın qiyməti” adlanan 2-ci bəndinin tələbinə görə malın qiyməti və həcmi müvafiq sifariş üzrə göndərilən malın qaimə-fakturasında göstərilən məbləğdə razılaşdırılmalıdır. Hazırkı vaxta cavabdeh sözügedən müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 148.678 (yüz qırx səkkiz min altı yüz yetmiş səkkiz manat) borcu yaranmışdır. Həmin borcun ödənilməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tələb olunsa da, cavabdeh borcunu ödəməmiş və iddiaçının ünvanına birtərəfli qaydada imzaladığı və möhürü ilə təsdiq etdiyi 05 yanvar 2021-ci il tarixli “29 may 2020-ci il tarixli 06/2020 saylı müqavilə üzrə əlavə razılaşma” adlanan sənədi göndərərək iddiaçıdan həmin əlavə razılaşmanı imzalayıb təsdiq etməyi xahiş etmişdir. Həmin əlavə razılaşmadan görünür ki, xx.xx.2021ci tarixinə cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 148.678 (yüz qırx səkkiz min altı yüz yetmiş səkkiz ) manat məbləğində borcu olduğu etiraf edilsə də, guya iddiaçı ilə cavabdeh arasında olan müqavilə və əlavələrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim olunmuş yumurtanın çıxım faizi 80%-dən aşağı olduğu halda çıxmamış hər yumurta üzrə müvafiq məbləğin satıcı tərəfindən alıcıya geri qaytarılması şərtləndirilmişdir ki, bununla da xx.xx.2021-ci il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalı məbləğ 22891 (iyirmi iki min səkkiz yüz doxsan bir) manat təşkil edir. Eyni zamanda həmin əlavə razılaşmada göstərilmişdir ki, guya iddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən yumurtanın çıxım faizi 80%-dən aşağı olduqda çıxmamış hər yumurta üçün satıcı tərəfindən alıcıya geri qaytarılmalı olan məbləğ Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya olan borcundan çıxılacaqdır. İddiaçının cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə göstərilən qaydada bu və ya digər formada razılaşması mövcud olmamışdır. Cavabdehlə iddiaçı arasında olan xx.xx.2020-ci il tarixli 06/2020 saylı “malların alqı satqısına dair” müqavilənin alıcının öhdəlikləri adlanan 4.2.4, 4.2.5 və 5.1-ci bəndlərində təsbit olunmuşdur ki, alıcı ona satılmış malın keyfiyyət, çeşid və miqdarını, malın qəbulu zamanı aşkar olunan keyfiyyət, miqdar, assortiment, əksiklik və çatışmazlıqları dərhal aktlaşdıraraq Satıcıya xəbər vermək öhdəliyini daşımaqla, mal ona təhvil veriləndə onu yoxlamalı, əksiklik aşkar etdiyi təqdirdə isə bu barədə dərhal akt tərtib edərək bu vəziyyəti sənədləşdirməli və bu barədə satıcı kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dərhal məlumat verməlidir. İddiaçı tərəfindən müqavilə öhdəliyinin pozulması hallarına yol verilməmiş, bu səbəbdən də müqavilənin istinad edilən bəndlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya hər hansı bir məlumat daxil olmamışdır. İddiaçı ilə cavabdeh arasında olan müqavilədə yumurtanın çıxım faizi və bu faizə münasibətdə hər hansı məbləğin geri qaytarılması barədə şərt müəyyən edilməmiş, bununla bağlı heç bir razılaşma mövcud olmamışdır. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün "xxxx" MMC tərəfindən cavabdehə “mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmiş, lakin 04 may 2022-ci il tarixinə təyin edilmiş ilkin mediasiya sessiyasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iştirak etsə də, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etməmiş və bu barədə 04 may 2022-ci il tarixli MŞİH- 16652 nömrəli arayış verilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək (izahatını yazılı formada da təqdim etmişdir) bildirmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 may 2020- ci il tarixli 06/2020 saylı “Malların alqı-satqısına dair” müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən yazılı və təsdiq olunmuş sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda və keyfiyyətdə damazlıq yumurtanı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satmağı, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan yazılı və təsdiq olunmuş əlavə razılaşmalarla (sifariş) razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə olan malları qəbul edib, bu müqavilə ilə şərtləndirilmiş qaydada malın dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə “Əlavə razılaşma”lardan görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq 2020-ci ilin avqust ayınadək olan dövrdə, ayrı-ayrı razılaşmalarda müxtəlif çeşiddə və sayda, göstəricilərə uyğun malın təhvil verilməsi və cavabdeh tərəfindən təhvil alınması razılaşdırılmış, malın dəyəri həmin razılaşmalarda konkret göstərilmişdir. Hər bir razılaşma üzrə təhvil verilmiş malın dəyərinə uyğun satıcı qismində iddiaçı şirkət tərəfindən elektron qaimə verilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə həmin malları təhvil almış və elektron qaimələrdə göstərilən məbləğlərin hissə-hissə ödənişini həyata keçirmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınan malların dəyəri müqaviləyə uyğun olaraq xx.xx.2020-ci il tarixdən hissələrlə ödənilməyə başlanılmış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 55158,20 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli müqavilə əsasında 2020-ci il ərzində iddiaçı şirkət tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə cəmi 1001395,80 manat dəyərində damazlıq yumurta və cücə təhvil verilmiş, cavabdeh tərəfindən həmin mallara görə 852717,80 manat bank köçürmələri yolu ilə iddiaçının hesablaşma hesabına ödənilmiş, qalan 148678 manat isə ödənilməmişdir. İddiaçıya cavabdeh tərəfindən 852717,80 manat ödənilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi ödəniş sənədlərindən çıxarışlarla təsdiq olunur. Lakin cavabdehin nümayəndəsi hazırlıq iclaslarında iddianı qəbul etmədiyini bildirərək təqribən 128000 manat dəyərində malın satıcı tərəfindən onlara təhvil verilmədiyini, təxminən 22000 manat dəyərində yumurtanın isə lazımi keyfiyyətdə olmadığından müqaviləyə əsasən satıcı tərəfindən kompensasiya edilməli olduğunu qeyd etmişdir. Cavabdehin nümayəndəsi izahatında “Əlavə razılaşma”ların 2-ci bəndinə görə malların dəyəri qabaqcadan ödənilməli olduğundan, alınan mallara görə borc məbləği qalmadığını qeyd etsə də, həmin razılaşmaların 3-cü bəndinə əsasən “Tərəflərin razılaşdırdığı müəyyən hallarda malların dəyəri mallar təhvil verildikdən və müvafiq qaiməfaktura (elektron qaimə) təqdim edildikdən sonra köçürmə yolu ilə ödənilə bilər. Sənədlərlə müəyyən olunur ki, malların həcmi, çeşidi, keyfiyyət göstəriciləri və dəyəri “Əlavə razılaşma”larla razılaşdırılmış və hər bir razılaşmadan sonra satıcı tərəfindən elektron qaimə verilmiş və alıcı tərəfindən qəbul olunan elektron qaimələr əsasında 2020-ci ilin 03 iyun tarixindən başlayaraq 2021-ci ilin 22 fevral tarixinədək ödənişlər icra olunmuşdur. Göründüyü kimi, tərəflər arasında “Əlavə razılaşma”nın 3-cü bəndi üzrə münasibətlər formalaşmış, yəni, malların dəyəri qabaqcadan avans şəklində deyil, malların təhvil verilməsindən sonra elektron qaimə əsasında həyata keçirilmişdir. Hesablaşma münasibətlərinin bu cür formalaşması onunla izah olunur ki, satılan damazlıq yumurta və cücə elə maldır ki, onların təhvil verilməsi konkret vaxtda – müəyyən saatlar ərzində icra olunmalıdır. Yumurtanın müəyyən saatlar gecikdirilməsi, malın dəyərinin ödənilməsinin gözlənilməsi həmin malın sıradan çıxmasına, damazlıq yumurtanın təyinatının və keyfiyyətinin pozulmasına səbəb ola bildiyindən qarşılıqlı surətdə etimad və inam münasibətlərinə güvənərək satıcı real təhvil verilmiş malın dəyərinə uyğun ödənişin icra olunmasına razılaşmışdır. Təhvil verilmiş 1001395,80 manat dəyərində mala qarşılıq cavabdeh tərəfindən 852717,80 manatın ödənilməsi prosesində heç bir halda malların “təhvil-təslim aktı” imzalanmamış, heç bir məbləğ avans olaraq ödənilməmişdir. Ödənilməmiş 148678 manat məbləğ isə konkret bir göndərişdən və ya bir elektron qaimədən deyil, “Əlavə razılaşma”lar üzrə verilmiş 38 elektron qaimənin hissəvi ödənilməsi nəticəsində həmin elektron qaimələr üzrə ödənişlərdən qalıq qalmış borc məbləğidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin izahatında bildirdiyi təxminən 22000 manat dəyərində malın lazımi keyfiyyətdə olmadığına görə iddiaçı şirkət tərəfindən kompensasiya edilməli olması ilə bağlı qeyd edilir ki, müqavilənin tələblərinə görə malın keyfiyyət, çeşid və miqdarını yoxlamaq, eləcə də hesab-faktura və qaimə fakturanı imzalamaq, malın qəbulu zamanı aşkar olunan keyfiyyət, miqdar, assortiment, əskiklik və çatışmazlıqları dərhal aktlaşdıraraq satıcıya xəbər vermək və mal təhvil veriləndə onun yoxlanılması alıcının öhdəliyidir. Müqavilənin sadalanan bəndlərindən göründüyü kimi malın keyfiyyəti, çeşidi, miqdarı və s. aşkar olunarsa, alıcı dərhal bu barədə satıcıya məlumat verməli, belə halları müvafiq formada aktlaşdırmalıdır. Cavabdeh isə damazlıq yumurtanın miqdarı və çeşidi ilə bağlı deyil, guya, çıxım faizinin aşağı olduğuna görə bir qisminin kompensasiya edilməli olduğunu iddia edir. Bununla bağlı bildirilir ki, yumurtanın çıxım faizinin müəyyənləşməsi bir çox göstəricilərdən asılıdır. Bura saxlanma şəraiti, temperatur və s. amillər təsir göstərə bilər. Alıcı əgər həqiqətən, hansısa göndərilmiş malda qüsur, keyfiyyətsizlik aşkar etmişdisə, onu satıcın əməkdaşlarının iştirakı ilə aktlaşdırmalı, müvafiq mütəxəssislərin, baytar həkimin və ya laboratoriyaların rəyini almalı və bütün bu proseslər satıcı şirkətin rəhbər şəxsləri məlumatlandırılmaqla müvafiq mütəxəssislərinin iştirakı ilə həyata keçirməlidir. Lakin cavabdeh tərəfindən hər hansı qüsur və keyfiyyətsizlik barədə satıcıya rəsmi məlumat verilməmiş, habelə mütəxəssis rəyləri alınmamış və satıcının əməkdaşlarınnın iştirakı ilə akt tərtib olunmamışdır. Bundan başqa cavabdeh tərəfindən imza və möhür qoyulmaqla təqdim olunmuş “Əlavə razılaşma”dan göründüyü kimi, xx.xx.2021-ci il tarixə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 205158,20 manat borcu olduğu, ondan 22981 manat kompensasiya məbləğinin çıxılmaqla qalan 182267,20 manatın xx.xx.2021-ci ilədək ödəməyi öhdəsinə götürdüyü cavabdeh tərəfindən etiraf edilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin Əlavə razılaşmada 22981 manat kompensasiya məbləğinin çıxılmalı olması şərtilə razılaşmadığından onu imzalamamışdır. xx.xx.2021-ci ildən sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən qalıq borc məbləğindən 55158,20 manat ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 148.678 manat məbləğində borcun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hazırda guya ki, 148.678 manat borcu olduğunu və Cavabdeh ASC xx.xx.2021-ci il tarixli “29 may 2020-ci il tarixli 06/2020 saylı müqavilə üzrə əlavə razılaşma adlanan sənəddə bu borcu etiraf etdiyini qeyd edir. Halbuki sözügedən razılaşma Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin arxiv sənədlərində, mövcud sənəd dövriyyəsində, çıxan sənədlər kitabında, qeydiyyat dəftərində aşkar edilməmişdir və bu razılaşmanın mötəbərliyi şübhə doğurur. Həmçinin göstərilən borc məbləğini ikitərəfli qaydada təsdiq edən təhvil-təslim akları və ya qarşılıqlı üzləşmə aktları Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mühasibatlıq sənədlərində aşkar olunmamışdır, nə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Müqavilənin 3.3cü bəndinə və “Əlavə razılaşma”ların 2-ci bəndinə əsasən alıcı malın dəyərini satıcıya mal göndərilməmişdən öncə 100% avans olaraq ödəyir. Belə olan halda Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borclu olması fikri əsassızdır. Çünki müqavilə şərtinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malları ancaq dəyəri ödənildikdən sonra təhvil verirdi və qeyd edilən məbləğdə yumurtaların həqiqətən də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsini sübut edən təhviltəslim sənədləri mövcud deyildir. Təqdim edilən elektron qaimələrin bir çoxu, yəni 129899 manat məbləğində elektron qaimə elektron sistem tərəfindən avtomatik təsdiq edilmişdir. Mütəmadi dövriyyə münasibətləri olduğu üçün işçilər qaiməyə etiraz etməli olduqlarını bilməmişdir. Həmçinin təqdim olunmuş damazlıq yumurtalar keyfiyyət göstəricilərinə uyğun olmadığı üçün tərəflər arasında alqı-satqı münasibətləri dayandırılmışdır. Belə ki, iddiaçı tərəfindən keyfiyyətsiz yumurtalar verilmiş, bu səbəbdən də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xeyli ziyan dəymişdir. Yumurtalar lazımi keyfiyyətdə olmadığından müqaviləyə “Əlavə razılaşma”lara əsasən satıcı tərəfindən kompensasiya ödənilməlidir. Lakin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə razılaşma”larla və dövri şəkildə verilən yazılı və təsdiq olunmuş sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə damazlıq yumurtasını alıcıya təhvil verməyi, alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan yazılı və təsdiq olunmuş əlavə razılaşmalarla (sifariş) razılaşdırılmış miqdarda, assortimenttə, keyfiyyətdə malı qəbul edib bu müqavilə üzrə şərtləşdirilmiş qaydada malın dəyərinin tam və vaxtında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı malın dəyərini qaimə fakturada və ya müqavilənin ayrılmaz tərkib hissələri olan əlavə razılaşmalarda göstərilən qaydada həyata keçirir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı malın dəyərini satıcıya mal göndərilməmişdən öncə ödəyir. Həmin müqavilənin 4.2.5-ci bəndinə əsasən malın qəbulu zamanı aşkar olunan keyfiyyət, miqdar, assortiment, əksiklik və çatışmamazlıqları dərhal aktlaşdıraraq satıcıya xəbər vermək alıcının öhdəliyidir. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 30 may 2020-ci il tarixli 1 nömrəli Əlavə razılaşmaya əsasən 30 may 2020-ci il tarixindən 04 iyun 2020-ci il tarixədək satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 81216 manat dəyərində 172800 ədəd damazlıq yumurtanın alıcının istehsalat sahələrində satıcı tərəfindən alıcıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 03 iyun 2020-ci il tarixli 2 nömrəli Əlavə razılaşmaya əsasən 09 iyun 2020-ci il tarixindən 04 iyul 2020-ci il tarixədək satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 471052,80 manat dəyərində ******* ədəd damazlıq yumurtanın alıcının istehsalat sahələrində satıcı tərəfindən alıcıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 03 iyun 2020-ci il tarixli nömrəli Əlavə razılaşmasına 25 iyun 2020-ci il tarixli Əlavəyə əsasən 25 iyun 2020-ci il tarixindən etibarən Razılaşma əsasında satıcı tərəfindən alıcıya təhvil veriləcək damazlıq yumurtanın 1 ədədinin qiyməti 0,41 manat müəyyən edilmiş və buna uyğun tədarük qrafiki dəyişdirilərək 09 iyun 2020-ci il tarixindən 04 iyul 2020-ci il tarixədək satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 452390,40 manat dəyərində ******* ədəd damazlıq yumurtanın satıcı tərəfindən alıcıya təhvil verilməsi nəzərdə tutulmuş, razılaşmanın bu əlavəyə zidd olmayan şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 08 iyun 2020-ci il tarixli 3 nömrəli Əlavə razılaşmaya əsasən 09 iyun 2020-ci il tarixində satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 9982,80 manat dəyərində 21240 ədəd damazlıq yumurtanın alıcının istehsalat sahələrində satıcı tərəfindən Alıcıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 03 iyul 2020-ci il tarixli 4 nömrəli Əlavə razılaşmaya əsasən 06 iyul 2020-ci il tarixindən 08 avqust 2020-ci il tarixədək satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 398160 manat dəyərində 995400 ədəd damazlıq yumurtanın alıcının istehsalat sahələrində satıcı tərəfindən Alıcıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 03 iyul 2020-ci il tarixli 4 nömrəli Əlavə razılaşmasına 22 iyul 2020-ci il tarixli Əlavəyə əsasən 25 iyul 2020-ci il tarixindən etibarən Razılaşmaya əsasən satıcı tərəfindən alıcıya təhvil veriləcək damazlıq yumurtanın 1 ədədinin qiyməti 0,33 manat müəyyən edilmiş, xx.xx.2020-ci il tarixində təqdim edilməli olan 49320 ədəd damazlıq yumurta qrafikdən çıxarılmaqla onun alqı-satqısı ləğv edilmiş və bu dəyişikliklərə uyğun olaraq tədarük qrafiki də yenilənərək bu Əlavədə göstərilən cədvəldəki kimi razılaşdırılmış, 06 iyul 2020-ci il tarixindən 08 avqust 2020-ci il tarixədək satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 339019,20 manat dəyərində 946080 ədəd damazlıq yumurtanın satıcı tərəfindən alıcıya təhvil verilməsi nəzərdə tutulmuş, Razılaşmanın bu Əlavəyə zidd olmayan şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 06 avqust 2020-ci il tarixli 5 nömrəli Əlavə razılaşmaya əsasən 14 avqust 2020-ci il tarixindən 20 avqust 2020-ci il tarixədək satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 114048 manat dəyərində 345600 ədəd damazlıq yumurtanın alıcının istehsalat sahələrində satıcı tərəfindən alıcıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 24 avqust 2020-ci il tarixli 6 nömrəli Əlavə razılaşmaya əsasən 28 avqust 2020-ci il tarixində satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 7500 manat dəyərində 15000 ədəd 1 günlük cücənin alıcının istehsalat sahələrində satıcı tərəfindən alıcıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 07 sentyabr 2020-ci il tarixli 7 nömrəli Əlavə razılaşmaya əsasən 10 sentyabr 2020-ci il tarixində satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən 9000 manat dəyərində 18000 ədəd 1 günlük cücənin alıcının istehsalat sahələrində satıcı tərəfindən Alıcıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunaraq imzalanıb möhürlənmiş ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanmamışdır) 29 may 2020-ci il tarixli 06/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 05 yanvar 2021-ci il tarixli Əlavə razılaşmada göstərilir ki, müqavilə üzrə bu razılaşmanın bağlandığı tarixə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borc məbləğinin 205158,20 (iki yüz beş min yüz əlli səkkiz manat iyirmi qəpik) təşkil edir. Müqavilə və əlavələrdəki şərtə uyğun olaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmiş yumurtanın çıxım faizi 80%-dən aşağı olduğu halda, çıxmamış hər yumurta üzrə müvafiq məbləğin Satıcı tərəfindən Alıcıya geri qaytarılması nəzərdə tutulmuş və xx.xx.2021 tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalı məbləğ 22891,00 (iyirmi iki min səkkiz yüz doxsan bir) manat təşkil edir. Bununla əlaqədar bu Razılaşmanın bağlanmasından öncə yazılı qaydada alıcı tərəfindən satıcıya məlumat bildirilmişdir. Tərəflərin razılığına əsasən yumurtanın çıxım faizi 80%-dən aşağı olduğu üçün, çıxmamış hər yumurta üzrə Satıcı tərəfindən Alıcıya geri qaytarılmalı məbləğin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcundan çıxılacaq və borcun məbləğinin 182267,20 (yüz səksən iki min iki yüz altmış yeddi manat iyirmi qəpik) manat (205 158,20 - 22891,00 = 182267,20) təşkil edəcək. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bu razılaşmanın bağlandığı tarixə olan borcunu təşkil edən 182267,20 (bir yüz səksən iki min iki yüz altmış yeddi manat iyirmi qəpik) məbləğin xx.xx.2021-ci il tarixinədək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hissə-hissə olmaqla tam ödəniləcək. İş materiallarında olan elektron qaimələrdən görünür ki, alqı-satqı müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müxtəlif dəyərdə damazlıq yumurta və cücənin satılması ilə əlaqədar 01 iyun 2020-ci il tarixindən 11 sentyabr 2020-ci il tarixinədək 38 elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli tərəfindən təqdim edilmiş maliyyə arayışda göstərilir ki, 01 iyun 2020-ci il tarixindən 11 sentyabr 2020-ci il tarixinədək müqavilə üzrə satıcı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə cəmi 1001395,80 manat dəyərində malların satılması ilə əlaqədar 38 ədəd elektron qaimə təqdim olunmuşdur. Həmin qaimələr üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 852717,80 manat məbləğində ödəniş olunmuş, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin 148678 manat məbləğində qalıq borcu qalmışdır (göstərilən məbləğin ödənilməsi ilə bağlı ödəniş tapşırıqları məhkəməyə təqdim olunmuşdur). Azərbaycan Respublikası Mülki Məcəlləsini: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 29 may 2020-ci il tarixli 06/2020 saylı “Malların alqı-satqısına dair” müqavilə bağlanmış, həmin müqavilə və ona “Əlavə razılaşma”lar üzrə iddiaçı cavabdehə damazlıq yumurta və bir günlük cücə satmış, lakin alıcı öhdəliyini icra etməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 148.678 (yüz qırx səkkiz min altı yüz yetmiş səkkiz) manat məbləğində borcun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi üzrə iddiaçı Giləzi Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə cavabdeh “Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 148.678 (yüz qırx səkkiz min altı yüz yetmiş səkkiz) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 148.678 (yüz qırx səkkiz min altı yüz yetmiş səkkiz) manat məbləğində borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 410 (dörd yüz on) manat məbləğində ödənilmiş mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 410 (dörd yüz on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumu 438,68 manat təşkil edir. Lakin iddiaçı məhkəməyə müraciət edərkən 410 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun həmin hissəsindən azad edildiyinə və cəmi 28,68 manat dövlət rüsumu ödədiyinə görə 410 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən (VÖEN: **********) 148678 (yüz qırx səkkiz min altı yüz yetmiş səkkiz) manat məbləğində əsas bоrc və mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 149088 (yüz qırx doqquz min səksən səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 410 (dörd yüz on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1217/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1217/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver