Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1218/2025 27.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddia tələbi:
1. İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2417,42 (iki min dörd yüz on yeddi manat, qırx iki qəpik) manat məbləğində borc və 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 noyabr 2024-cü il tarixli 461/24N nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. 30 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin sözügedən müqavilə üzrə 2417,42 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. İddiaçı 23 iyul 2025-ci il tarixdə “təqdim olunmuş sənədlərin aydınlaşdırılması barədə izahat”la məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 12 fevral 2024-cü il tarixində cavabdehlə İddiaçı MMC və "xxxx" MMC (Birgə fəaliyyət göstərən müxtəlif adlarda olan şirkətlər) arasında qarşılıqlı üzləşmə aktı tərtib edilərək imzalanmışdır. Həmin akta əsasən cavabdeh ümumilikdə 8219,85 məbləğində borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. Üzləşmə aktında qeyd olunmuşdur ki, 07 fevral 2024-cü il tarixində 400 manat məbləğində ödəniş edilmişdir və qalıq borc 7819,85 manat məbləğində təşkil edir. Qeyd olunan borc hər iki şirkətə - İddiaçı MMC və "xxxx" MMC-yə olan öhdəliklər üzrə hesablanmışdır. Hazırda hər iki şirkət tərəfindən ayrı-ayrılıqda iddialar qaldırılmışdır və işlər müvafiq olaraq müxtəlif hakimlərin icraatındadır. Əlavə olaraq qeyd edilir ki, aparılmış daxili təhlil və dövriyyələrin dəqiqləşdirilməsi nəticəsində müəyyən edilmişdir ki, 13 fevral 2024-cü il tarixinə "xxxx" MMC-yə olan borc məbləği 5847,25 manat məbləğində təşkil etmişdir. Həmin gün kassaya 400 manat məbləğində ödəniş daxil olmuş və nəticədə "xxxx" MMC-yə olan qalıq borc 5447,25 manat məbləğində təşkil etmişdir. “NH Group MMC-yə isə həmin tarixə olan borc məbləği 2372,6 manat təşkil etmişdir. Beləliklə, cavabdehin 12 fevral 2024-cü il tarixli üzləşmə aktında göstərilən ümumi borc məbləği - 8219,85 manat məbləğində borc faktiki olaraq iki şirkət arasında bölüşdürülmüş və hər bir şirkətin balansında müvafiq borc rəsmiləşdirilmişdir. Üzləşmədən sonrakı dövr üzrə “1C” mühasibatlıq proqramı üzərindən aparılan təhlilə əsasən məlum olmuşdur ki, 14 oktyabr 2024-cü il tarixinədək İddiaçı MMC ilə cavabdeh arasında mal dövriyyəsi və ödənişlər davam etmiş, nəticədə qalıq borc məbləği 2417,42 manat təşkil etmişdir.
4. İddiaçı 15 avqust 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən istinad edilən 01 noyabr 2024-cü il tarixli 461/24N nömrəli müqavilə tərəflər arasında əvvəldən mövcud olmuş şifahi razılaşma əsasında yaranmış ticarət dövriyyəsi və cavabdehin borcu yarandıqdan sonra bağlanılmışdır. Müqavilədən əvvəl isə tərəflər arasında şifahi razılaşma əsasında mal tədarükü və ödəniş öhdəlikləri üzrə münasibətlər mövcud olmuş, cavabdeh həmin dövrdə də mal qəbul etmiş və öhdəliklər götürmüşdür. Bu səbəbdən, tələb edilən məbləğ müqavilə ilə deyil, müqavilədən əvvəlki şifahi razılaşma və faktiki ticarət münasibətlərinə əsaslanır.
5. İddiaçı eyni tarixdə məhkəməyə ərizə ilə müraciət edərək həmçinin qeyd etmişdir ki, 06 avqust 2024-cü il tarixində cavabdehə son dəfə mal satışı həyata keçirilmiş və mallar təhvil verilmişdir. “Məxaric qaiməsi” adlanan aktda cavabdehin son borc məbləği 2767,42 manat olaraq göstərilmişdir. Cavabdeh həmin malları təhvil aldığını və son borc məbləğini öz imzası ilə təsdiq etmişdir. Son mal satışından sonra cavabdeh tərəfindən yalnız 14 oktyabr 2024-cü il tarixində 350 manat məbləğində ödəniş həyata keçirilmişdir. Nəticədə cavabdehin qalıq borcu 2417,42 manat məbləğində təşkil edir. Cavabdehlə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalar aparılmış və həmin yazışmalarda cavabdeh borc məbləğini tam şəkildə qəbul etdiyini bildirmişdir.
6. İddiaçı 04 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qadasında baxılmasına etiraz etmədiyini qeyd etmişdir.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 27 fevral 2026-cı il tarixli e-2-2(119)- 1218/2025 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
8. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər.
9. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
İş materialları:
11. İş materiallarında olan İddiaçı MMC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 12 fevral 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktının məzmununda cavabdehin 8219,85 manat məbləğində borcu olduğu qeyd edilmişdir.
12. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli 16717 nömrəli məxaric qaiməsi sənədindən görünür ki, iddiaçı tərəfindən ümumi dəyəri 136,02 manat məbləğində olan mallar cavabdehə - alıcı “SAMİR TOPDANÇİ”ya təhvil verilmişdir. Həmin aktın məzmununda son borcun 2767,42 manat məbləğində olduğu qeyd edilmişdir.
13. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli 12070 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh (“Samir Topdançı”) tərəfindən iddiaçının hesabına 350 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
14. İş materiallarında olan iddiaçı təşkilatın sistemindən çıxarışdan - cavabdehlə (“Samir Topdançı”) bağlı əməliyyatları əks etdirən “qarşılıqlı hesablaşmalar” sənədindən görünür ki, cavabdehə ümumi dəyəri 7412,37 manat məbləğində olan mal təhvil verilmiş, cavabdeh tərəfindən 4994,95 manat məbləğində ödəniş həyata keçirilmişdir və qalıq borc 2417,42 manat məbləğində təşkil edir. Həmin sənəddən, həmçinin görünür ki, sonuncu dəfə 06 avqust 2024-cü il tarixində “mal və xidmətlərin realizasiyası” həyata keçirilmiş, 14 oktyabr 2024-cü il tarixində kassa mədaxil orderi üzrə iddiaçının hesabına 350 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
15. İş materiallarında olan 30 may 2025-ci il tarixli maliyyə arayışının məzmununda qeyd edilmişdir ki, 04 yanvar 2022-ci il tarixində “Samir Topdançı (Siyəzən)” adlı müştəri ilə iddiaçı arasında 7412,37 manat məbləğində dövriyə yaranmışdır. Mövcud dövriyəyə qarşılıq olaraq “Samir Topdançı (Siyəzən)” tərəfindən 4994,95 manat məbləğində ödəniş edilmişdir. Sonuncu satış 06 avqust 2024-cü il tarixində baş tutmuşdur. Son qalıq borc 2417,42 manat məbləğində təşkil edir.
16. İş materiallarına, həmçinin 01 noyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalar əlavə edilmişdir.
17. Sumqayıt Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və kommersiya işinin icraatı ekspert rəyi alınanadək dayandırılmışdır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən “... ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə 07 noyabr 2025-ci il tarixli vəsatət göndərilmiş, vəsatətə cavab olaraq 02 dekabr 2025-ci il tarixdə Mərkəzə əlavə sənədlər daxil olmuşdur. Belə ki, təqdim edilmiş sənədlər iş materiallarında da mövcuddur. Lakin yaranmış çatışmazlığın müəyyən edilməsi üçün ilkin mühasibat sənədləri (elektron qaiməfakturalar, təhvil-qəbul aktları, kassa mədaxilləri, bank çıxarışları və s.) təqdim edildikdən sonra tədqiqat aparıla bilər” əsası ilə tərtib olunmuş 04 fevral 2026-cı il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatla Sumqayıt Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
21. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
22. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
23. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
25. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
26. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
28. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
31. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
32. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
34. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
35. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
41. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
42. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
Məhkəmənin mövqeyi:
43. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında şifahi əqd - alqı-satqı ilə bağlı razılaşma bağlanılmış, razılaşma öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin razılaşmanın predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 2417,42 manat məbləğində borcu yaranmışdır.
44. Belə ki, qətnamənin “İş materialları” hissəsində istinad edilən iddiaçı təşkilatın sistemindən çıxarış - cavabdehlə (“Samir Topdançı”) bağlı əməliyyatları əks etdirən “qarşılıqlı hesablaşmalar” sənədi, 06 avqust 2024-cü il tarixli 16717 nömrəli məxaric qaiməsi və 14 oktyabr 2024-cü il tarixli 12070 nömrəli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən cavabdehə sonuncu dəfə 06 avqust 2024-cü il tarixində mallar təhvil verilmiş, həmin tarix üçün borc məbləği 2767,42 manat müəyyən edilmiş və həmin tarixdən sonra cavabdeh tərəfindən cəmi 1 dəfə: 14 oktyabr 2024-cü il tarixində 350 manat məbləğində ödəniş həyata keçirilmişdir.
45. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehdən 2417,42 manat məbləğində borcun (2767,42-350=2417,42) cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir.
46. Bundan əlavə, iş materiallarında olan 24 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 44 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
51. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2417,42 manat məbləğində bоrc və 44 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2461,42 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 241-244, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia təmin edilsin. Cavabdeh2 2417,42 (iki min dörd yüz on yeddi manat, qırx iki qəpik) manat məbləğində borc və 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2461,42 (iki min dörd yüz altmış bir manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fərman Həmidli