Məhkəmə qərarları › İş №e-2-2(119)-122/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-122/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-122/2020 02.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında xx.xx.2018-ci il tarixdə 30/2018 №-li mal alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh MMC-yə mal satmışdır. Cavabdeh MMC aldığı malların dəyəri olan 15627,92 (on beş min altı yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 6.2-ci bəndində göstərilmışdir ki, alıcı aldığı malın dəyərini razılaşdırılmış müddət ərzində ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə, gecikən hər gün üçün qalan məbləğin 0,1%-i məbləğində cərimə ödəməlidir. İddiaçı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəməsi üçün müraciət etmişdir. Lakin, cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 15627,92 (on beş min altı yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 1404 manat cərimə təşkil edir. Beləliklə, cavabdehin İddiaçı MMC-yə olan borcu cəmi 17031,92 manat təşkil edir. Gecikmə faizi olaraq hesablanan borc xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən Cavabdeh MMC-dən əsas borc olaraq 15627,92 (on beş min altı yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 1404 manat cərimə, cəmi 17031,92 (on yeddi min otuz bir manat doxsan iki qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə bank hesabına və yaxud nəğd şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "Cavabdeh" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 30/2018 №-li alqı-satqı müqaviləsinin 2.1-ci maddəsinə əsasən satıcı ("İddiaçı" MMC) malı alıcının (Cavabdeh MMC-nin) mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.2-ci bəndinə görə alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1%-i məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 480687 №-li xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, həmin tarixdə İddiaçı MMC "Cavabdeh" MMC-yə 3304 manatlıq mal vermişdir. İş materiallarında olan 327561 №-li xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, həmin tarixdə İddiaçı” MMC "Cavabdeh" MMC-yə 1652 manatlıq mal vermişdir. İş materiallarında olan 803778 №-li xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, həmin tarixdə İddiaçı” MMC "Cavabdeh" MMC-yə 2444,96 manatlıq mal vermişdir. İş materiallarında olan 905118 №-li xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, həmin tarixdə İddiaçı” MMC "Cavabdeh" MMC-yə 4063,92 manatlıq mal vermişdir. İş materiallarında olan 163444 №-li xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, həmin tarixdə İddiaçı” MMC "Cavabdeh" MMC-yə 4116,04 manatlıq mal vermişdir. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC "Cavabdeh" MMC-dən xx.xx.2020-ci il tarixə qədər 15627,92 manat borcunun ödəməsini xahiş etmiş, əks təqdirdə aidiyyəti orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "Cavabdeh" MMC alqısatqı müqaviləsi əsasında İddiaçı MMC-dən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında malın satış qiymətini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malları qəbul etməsinə dair hüququndan istifadə etmiş, alqı-satqı məbləğini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdehdən malların alqısatqısı ilə bağlı yaranmış əsas borcu və müqavilədə nəzərdə tutulan cəriməni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 30/2018 №-li alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin İddiaçı MMC-yə 15627,92 manat əsas borc və 1404 manat cərimə borcu yaranmışdır. Lakin, cavabdeh "Cavabdeh" MMC İddiaçı MMC-yə olan borcunu ödəməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin olunmalı, cavabdeh "Cavabdeh" MMC-dən 15627,92 manat əsas borc, 1404 manat cərimə olmaqla, cəmi 17031,92 manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən 15627,92 (on beş min altı yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat əsas borc, 1404 (min dörd yüz dörd) manat cərimə olmaqla, cəmi 17031,92 (on yeddi min otuz bir manat doxsan iki qəpik) manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar