Məhkəmə qərarları › İş №e-2-2(119)-122/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-122/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-122/2025 10.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı 17 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 saylı malların alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 12360 (on iki min üç yüz altmış) manat məbləğdə (ƏDV məbləği daxil) əsas borc və gecikdirilən hər bir günə görə nəzərdə tutulmuş ümumi məbləğin 5%-i miqdarında hesablanmış və güzəşt tətbiq edilərək ağlabatan məbləğdə müəyyən olunmuş 57880 (əlli yeddi min səkkiz yüz səksən) manat məbləğində faiz borcu (cərimənin) və ödənilmiş 302 (üç yüz iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 70542 (yetmiş min beş yüz qırx iki) manat məbləğində vəsaitin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 saylı malların alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement malları satmaq hüququnu Cavabdeh vermişdir. Cavabdeh iddiaçının verdiyi malların satışını təşkil edərək iddiaçı tərəfindən təchiz edilən malların hazırkı müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini iddiaçının hesabına ödəyir. İddiaçı satılan malın keyfiyyətini və malın vaxtında verilməsini təmin etməyi, alıcı isə bu müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtlı-vaxtında qəbul edərək onun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 saylı müqaviləyə edilmiş 1 nömrəli Əlavədə iddiaçı tərəfindən Cavabdeh verilən malların satış qiymətləri müəyyən edilmişdir. Həmin müqavilə üzrə Cavabdeh malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə 19 noyabr 2022-ci il tarixli EBCJ seriyalı, 490881 nömrəli elektron qaimə fakturaya əsasən dəyəri 4095 (dörd min doxsan beş) manat olan 26 ton sement (ƏDV məbləği daxil) məhsullarının, EBCJ seriyalı, 614305 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV məbləği daxil ümumi dəyəri 4170 (dörd min yüz yetmiş) manat olan 26 ton sement məhsullarının, EBCJ seriyalı, 490884 saylı elektron qaimə fakturaya əsasən dəyəri 4095 (dörd min doxsan beş) manat olan 26 ton sement məhsullarının satışı həyata keçirilərək təhvil verilmişdir. Tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 nömrəli müqaviləyə əsasən verilmiş iltizamnaməyə görə Cavabdeh adıçəkilən müqavilə üzrə aldığı malların dəyərini rəsmi qaydada hesablaşma hesabı vasitəsilə İddiaçı bank hesabına ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh iltizamnamə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. 28 sentyabr 2022-ci il tarixli CHC 98/2022 nömrəli malların alqı-satqı müqaviləsinin 9.2.4-cü yarımbəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq alıcı malı vaxtlı-vaxtında qəbul etməyi və onun dəyərini ödəməyi, həmçinin sifariş verilən malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdən gec ödəyərsə, gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 5%-i miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11-ci bəndində müqavilə üzrə ödəniş şərtləri nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 11.2-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra 5 gün müddətində alıcı tərəfindən malların təchiz olunması üçün satıcıya yazılı sifariş verilir və alıcı tərəfindən verilmiş sifarişin dəyəri satıcıya 10 gün müddətində ödənilir. Lakin cavabdeh tərəfindən müqavilənin qeyd olunan şərtləri kobudcasına pozulmuş və müəyyən edilmişdir ki, satış həyata keçirilən gündən alınmış malların dəyəri, yəni 12360 (on iki min üç yüz altmış) manat məbləğində pul vəsaiti (ƏDV məbləği daxil) hələ də ödənilməmişdir. Bundan əlavə müqavilə bağlandığı tarixdən indiyədək heç bir ödəniş edilməmiş və buna görə də cavabdehə hər gecikdirilmiş gün üçün (12360x5%)x22 ay=407880) manat məbləğində ƏDV daxil olmaqla ümumilikdə 407880 (dörd yüz yeddi min səkkiz yüz səksən) manat məbləğində faiz borcu olaraq cərimə hesablanmışdır. Lakin buna baxmayaraq cavabdehə güzəşt edilərək ağlabatan məbləğ müəyyən olunmaqla 57880 (əlli yeddi min səkkiz yüz səksən) manat məbləğində faiz borcunun (cərimənin) tələb olunması nəzərdə tutulmuşdur. 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 nömrəli müqavilənin 17.1-ci bəndinə əsasən müqavilə üzrə bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Razılıq əldə olunmadıqda mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmə yolu ilə həll edilir. Həmin müddəaya uyğun olaraq Cavabdeh dəfələrlə telefonla xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən öhdəliyin icrası üçün heç bir addım atılmamışdır. Buna görə də qeyd olunan əsas borcun, habelə faiz borcunun (cərimənin) ödənilməsi ilə bağlı Cavabdeh 23 sentyabr 2024-cü il tarixdə yazılı xəbərdarlıq (pretenziya) göndərilmiş və cavabdeh tərəfindən həmin pretenziyaya münasibtədə şifahi olaraq ödəniş edilməyəcəyi bildirilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirilməsi ilə əlaqədar yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən ödənişin edilməsi ilə bağlı heç bir tədbir görülməmiş, müqavilə üzrə öhdəlik icra edilməmiş və cavabdeh ödəniş edilməsindən müxtəlif bəhanələrlə boyun qaçırmışdır.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, müqavilə üzrə mallar ona təhvil verilərkən iddiaçı şirkətin əməkdaşı olan sürücüyə nağd qaydada 4400 manat məbləğində ödəniş etmişdir. Ödənişi həmin şəxs təsdiq edə bilər. Buna görə də o, 8170 manat borcdan həmin ödəniş çıxılmaqla əsas borcun tutulması hissəsində iddia tələbini qəbul etdiyini və qalan hissədə borcunu ödəyəcəyini qeyd etmişdir.

5. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

6. Belə ki, iş materiallarından görünür ki, satıcı - İddiaçı ilə alıcı - Cavabdeh arasında 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

7. 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi ilə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "Əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu alıcıya verir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən alıcı satıcının göndərdiyi malların satışını (bu malların ticarət nişan və markasını tətbiq etməklə) təşkil edir və satıcıdan təchiz edilən malların hazırkı müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini satıcının hesabına ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən satıcının təchiz etdiyi malların satışı, alıcı tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-ə əsasən təşkil olunur. Həmin müqavilənin 9.2.4-cü bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtı-vaxtında qəbul etməyi və onun dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 9.2.5-ci bəndinə əsasən alıcı sifariş verdiyi malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdən gec ödəyərsə, gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 5 %-i miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən bu müqavilə üzrə təchiz olunacaq mallara görə ödəniş, alıcı tərəfindən bu müqavilənin müvafiq maddələrində qeyd olunan şərtlər üzrə həyata keçirilir: Həmin müqavilənin 11.2-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra 5 gün müddətində alıcı tərəfindən malların təchiz olunması üçün satıcıya yazılı sifariş verilir və alıcı tərəfindən verilmiş sifarişin dəyəri satıcıya 10 gün müddətində ödənilir. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödəniş bank köçürmə yolu ilə və Azərbaycan manatı ilə həyata keçirilir.

8. İş materiallarından görünür ki, tərəflər arasında 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 saylı alqı-satqı müqaviləsinə dair 1 nömrəli əlavə bağlanmış və həmin əlavəyə əsasən satıcı tərəfindən alıcıya verilən qalaq və kisə sement məhsullarının satış qiyməti həmin əlavədə qeyd edilən cədvələ uyğun müəyyən edilir və müqavilənin bütün qiymət və endirim əlavələri dəyişdirilir.

9. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 saylı alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən həmin müqavilə üzrə satılan malların qiyməti tərəflər arasında razılaşdırılmışdır.

10. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 4095 manat dəyərində malların satılması ilə əlaqədar 19 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 490881 nömrəli, 4095 manat dəyərində malların satılması ilə əlaqədar 19 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 490884 nömrəli, 4170 manat dəyərində malların satılması ilə əlaqədar 22 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 614305 nömrəli elektron qaimələr təqdim olunmuşdur.

11. İş materiallarından görünür ki, Cavabdeh iltizamnamə imzalayaraq tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 saylı alqı-satqı müqaviləsi əsasında alınan malların dəyərinin rəsmi qaydada hesablaşma hesabı vasitəsi ilə İddiaçı bank hesabına ödənilməsi, zərurət yarandığı halda kassa mədaxil orderi vasitəsi ilə pulun nağd şəkildə yalnız şirkətin təyin etdiyi əməkdaş X1 verilməsi və heç bir digər üçüncü şəxsə ödəniş etməyəcəyinə dair öhdəlik götürülmüşdür.

12. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

25. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 nömrəli Əlavədə göstərilən sement məhsullarının satılması barədə razılaşma əldə edilmiş, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12360 (on iki min üç yüz altmış) manat dəyərində (ƏDV məbləği daxil) malların satılması ilə əlaqədar müvafiq elektron qaimələr təqdim edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçı şirkətdən ümumilikdə 6 dəfə mal aldığını, lakin iddiaçı tərəfindən cəmi üç elektron qaimə tərtib edildiyini bildirmişdir. O, iddiaçıya borcu qaldığını etiraf etsə də, borc məbləğinin iddia ərizəsində qeyd edildiyi qədər olmadığını, həmçinin malları təhvil verən sürücüyə nağd qaydada 4400 manat məbləğində ödəniş etdiyini qeyd etmiş, 8170 manat əsas borcdan həmin ödəniş çıxıldıqdan sonra qalan borcu qəbul etdiyini bildirmişdir. Lakin o, məhkəməyə həmin ödənişi təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh ödəniş etdiyi şəxsin şahid kimi dindirilməsini xahiş etsə də, buna şərait yaradılmasına baxmayaraq həmin şəxsin şahid qismində məhkəmədə dindirilməsini təmin etməmişdir. (Mülki Prosessual Məcəllənin 104.6-ci maddəsinə görə şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.) Bundan başqa, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 nömrəli alqı-satqı müqaviləsinin 11.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin bank köçürmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuş, həmçinin Cavabdeh iltizamnamə imzalayaraq həmin müqavilə əsasında alınan malların dəyərinin rəsmi qaydada hesablaşma hesabı vasitəsi ilə İddiaçı bank hesabına ödənilməsi, zərurət yarandığı halda kassa mədaxil orderi vasitəsi ilə pulun nağd şəkildə yalnız şirkətin təyin etdiyi əməkdaş X1 verilməsi və heç bir digər üçüncü şəxsə ödəniş etməyəcəyinə dair öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 12360 (on iki min üç yüz altmış) manat məbləğdə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

27. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

28. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 57880 (əlli yeddi min səkkiz yüz səksən) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır.

30. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 302 (üç yüz iki) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanan iddiaçı tərəfindən ödənilmiş 128,93 (yüz iyirmi səkkiz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 28 sentyabr 2022-ci il tarixli, CHC 98/2022 saylı alqı-satqı müqaviləsi üzrə 12360 (on iki min üç yüz altmış) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 128,58 (yüz iyirmi səkkiz manat 58 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12988,58 (on iki min doqquz yüz səksən səkkiz manat 58 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

34. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN: **********) 12360 (on iki min üç yüz altmış) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 128,58 (yüz iyirmi səkkiz manat 58 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12988,58 (on iki min doqquz yüz səksən səkkiz manat 58 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN: **********) xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar