Məhkəmə qərarları › İş №e-2-2(119)-1226/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1226/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1226/2021 24.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci ilin aprel ayında xidmətlərin göstərilməsi haqqında İND-04.20/02 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı olaraq "xxxx" MMC sifarişçi Cavabdeh MMC üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə qaynaq yoxlaması, testi və kvalifikasiyasını icra etməyi, sifarişçi isə ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişləri icraçının bank hesabına ödəməyi öz öhdəsinə götürmüşlər. İcra ediləcək xidmətlərin qiymətləri müqaviləyə əlavə olunmuş 1 və 2 saylı əlavələrlə müəyyən olunmuşdur. Müqavilənin 4-cü bəndinə əsasən sifarişçi faktiki icra edilmiş xidmət haqqını 30 gün ərzində köçürmə yolu ilə icraçının bank hesabına köçürməlidir. Lakin cavabdeh könüllü şəkildə öhdəliklərini tam icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlandıqdan sonra iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş işlərin icrasına başlamış və görülən işlər müvafiq olaraq sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən heç bir narazılıq və iddia olmadan işlər qəbul edilmişdir. Belə ki, müqaviləyə uyğun olaraq müəyyən edilmiş işlərin və xidmətlərin dəyəri ƏDV daxil olmaqla 10.856 manat müəyyən edilmişdir. Sifarişçi tərəfindən işlər qəbul edilsə də, göstərilən xidmətlərin dəyərinin 4.720 manat hissəsi ödənilməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təşkilatın rəhbərliyi həmin məbləği ödəməkdən yayınmış və hər dəfə bir bəhanə gətirməklə öhdəliyin icrasından boyun qaçırmışdır. Bu səbəbdən iddiaçı 24.05.2021-ci il tarixdə borcun qaytarılması və mübahisənin məhkəməyədək 10 gün müddətində həll edilməsindən ötrü rəsmi pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət etmiş və bu məktub onlar tərəfindən alınmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən yenə də heç bir tədbir görülməmiş, hətta telefon zənglərinə belə cavab verilməmişdir. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 4-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə gecikdirilmiş borc üçün icraçı tərəfindən ona müvafiq hesabfaktura üzrə ödəniləcək ümumi məbləğin aylıq 1 faizi miqdarında cərimə tətbiq edilə bilər. Odur ki, müqavilənin müvafiq bəndini və MM-nin 462.1-ci maddəsini əsas götürərək işlərin cavabdehə təhvil verildiyi 30 sentyabr 2020-ci il tarixdən müqavilənin imkan verdiyi cavabdeh üçün 30 günlük ödəniş etmək imkanını nəzərdə tutan müddəti çıxmaqla, 30 oktyabr 2020-ci il tarixdən qismən ödənişin həyata keçirildiyi 26 fevral 2021-ci il tarixədək 4 ay üçün borcun məbləği olan 10.856 manata, 26 fevral 2021-ci il tarixdən isə 4.720 manata aylıq 1 faiz cərimə hesablanmalıdır. Belə ki, 10.856 manata aylıq 1 faiz hesablandıqda 108,56 manat təşkil edir və həmin məbləği gecikdirilmiş ayların sayına, yəni 4-ə vurduqda 434,24 manat, 4720 manata aylıq 1 faiz hesablandıqda 47,2 manat təşkil edir və həmin məbləği gecikdirilmiş ayların sayına, yəni 6-ya vurduqda 283,2 manat təşkil edir. Buna görə cəmi 717,44 manat məbləğdə dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 3-cü bəndində qeyd olunur ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Həmçinin, hər bir sahibkar, kommersiya və ya qeyrikommersiya təşkilatı dayanıqlı rəqabət aparmaq üçün öz işgüzar nüfuzunu qorumağa çalışır. Çünki bu, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və gəlirlərinin artmasına xidmət edir. Lakin mülki hüquq pozuntusu (delikt) törətmiş cavabdehin hərəkətləri ilə bağlı hüquqların pozulması nəticəsində təşkilat olaraq bazar subyektləri arasında iddiaçının işgüzar nüfuzuna və təsərrüfat fəaliyyətinə zərbə dəymişdir. Buna görə də, cavabdehdən hüquqa zidd əməlləri ilə vurmuş olduğu maddi zərərin əvəzi kimi 2.000 (iki min) manat tələb edir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən Cavabdeh MMC-dən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 4.720 (dörd min yeddi yüz iyirmi) manat, həmin məbləğə hesablanmış dəbbə (cərimə) puluna görə 717,44 (yeddi yüz on yeddi manat, qırx dörd qəpik) manat, öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş maddi ziyan üçün 2.000 (iki min) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 7.467,44 (yeddi min dörd yüz altmış yeddi manat, qırx dörd qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 4.720 (dörd min yeddi yüz iyirmi) manat, həmin məbləğə hesablanmış dəbbə (cərimə) puluna görə 717,44 (yeddi yüz on yeddi manat, qırx dörd qəpik) manat, öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş maddi ziyan üçün 1.000 (min) manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 250 (iki yüz əlli) manat, ilkin mediasiya sessiyasına görə ödənilən 100 (yüz) manat, cəmi 6.787,44 (altı min yeddi yüz səksən yeddi manat qırx dörd qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci ilin aprel ayında xidmətlərin göstərilməsi haqqında İND-04.20/02 №-li müqavilədən görünür ki, icraçı "xxxx" MMC sifarişçi "xxxx" MMC üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə qaynaq yoxlaması, testi və kvalifikasiyasını icra etməyi, sifarişçi isə ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişləri icraçının bank hesabına ödəməyi öz öhdəsinə götürmüşlər. Müqavilənin 4-cü bəndinə əsasən sifarişçi faktiki icra edilmiş xidmət haqqını 30 gün ərzində köçürmə yolu ilə icraçının bank hesabına köçürməlidir. İcra ediləcək xidmətlərin qiymətləri müqaviləyə əlavə olunmuş 1 və 2 saylı əlavələrlə müəyyən olunmuşdur. Müqavilənin 4-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə gecikdirilmiş borc üçün icraçı tərəfindən ona müvafiq hesab-faktura üzrə ödəniləcək ümumi məbləğin aylıq 1 faizi miqdarında cərimə tətbiq edilə bilər. İş materiallarından olan 30.09.2020-ci il tarixli, 689187 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə göstərdiyi xidmətlərə görə ödənilməli məbləğ 10.856 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, icraçı "xxxx" MMC sifarişçi Cavabdeh MMC üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə qaynaq yoxlaması, testi və kvalifikasiyasını icra etməyi, sifarişçi isə ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişləri icraçının bank hesabına ödəməyi öz öhdəsinə götürmüşlər. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh könüllü şəkildə öhdəliklərini tam icra etməmişdir. Buna görə də, iddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarından olan 30.09.2020-ci il tarixli, 689187 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə göstərdiyi xidmətlərə görə ödənilməli məbləğ 10.856 manat təşkil edir. İddiaçı həmin məbləğin bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini, 4.720 manat məbləğində borcun isə ödənilməmiş qaldığını bildirir. Məhkəmə hesab edir ki, iddianın əsas borcla bağlı hissəsi iş materialları ilə öz təsdiqini tapır. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilədə cərimə öhdəliyi də nəzərdə tutlduğuna görə əsas öhdəliyin icra edilməməsinə görə 4.720 manata hesablanmış 717,44 manat məbləğində cərimə tələbi əsaslıdır və həmin məbləğ cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş 1.000 (min) manat məbləğində maddi ziyan hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələb həmin hissədə əsaslandırılmadığına və bununla bağlı hər-hansı sübut təqdim edilmədiyinə görə əsassız sayılaraq təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə tam əsaslı olduğu üçün tam təmin olunmalı, əsas öhdəliyin icra edilməməsinə görə 4.720 manat, həmin məbləğə hesablanmış dəbbə pulu olaraq 717,44 manat pul iddiaçının xeyrinə ödənilməli, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə xərclərinin 15%-i iddiaçıya, 85%-i cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğin 15%-i iddiaçıya, 85%-i cavabdehə aid edilməli, cavabdehdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 85 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 250 manat məbləğində xidmət haqqının 15%-i iddiaçıya, 85%-i cavabdehə aid edilməli, cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 212 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 4.720 manat, həmin məbləğə hesablanmış dəbbə pulu olaraq 717,44 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 15%-i iddiaçıya, 85%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğin 15%-i iddiaçıya, 85%-i cavabdehə aid edilsin. Cavabdehdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 85 manat pul tutularaq, iddiaçıya ödənilsin. İddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 250 manat məbləğində xidmət haqqının 15%-i iddiaçıya, 85%-i cavabdehə aid edilsin. Cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 212 manat pul tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar