Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1229/2022 18.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş sənədlərin təqdim edilməsi və pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış ili 2019-cu il olan 045917E mühərrik nömrəli, 2.2 L mühərrik həcmli, sarı rəngli və RAJ205WSHK3224335 şassi/ban nömrəli mini yükləyici JCB205 avadanlığına məxsus texniki pasportun, mənşə sertifikatının, həmin avandanlığın Azərbaycan Respublikasına idxal edilməsi ilə bağlı gömrük bəyannaməsinin və digər aidiyyəti sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmçinin müvafiq avadanlığın silindiri təhvil verilmədiyi üçün vurulmuş zərər kimi - 1300 avro məbləğində yeni silindirin alınmasının dəyəri, 200 avro məbləğində həmin silindirin xaricdən Azərbaycan Respublikasına daşınma xərci, 643,01 manat məbləğində gömrük və vergi rüsumları, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 məbləğində manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 iyul 2020-ci il tarixində AZTX/196 saylı alqı-satqı müqaviləsi bağlanmış və 1 ədəd buraxılış ili 2019-cu il olan yeni 045917E mühərrik nömrəli, 2.2 L mühərrik həcmli, sarı rəngli və RAJ205WSHK3224335 şassi/ban nömrəli mini yükləyici JCB205 avadanlığının alqı-satqısı həyata keçirilmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı 1 (bir) ədəd mini-yükləyici JCB205 üçün 73160 (yetmiş üç min yüz altmış) manat məbləği satıcının hesabına ödədikdən sonra satıcı 3 (üç) iş günü ərzində avadanlığı alıcıya təhvil verir. İddiaçı tərəfindən müvafiq ödənişin edilməsindən uzun müddət keçməsinə baxmayaraq mini yükləyici JCB205 təhvil verilsə də, həmin avadanlığa məxsus aidiyyəti sənədlər cavabdeh tərəfindən qərəzli şəkildə iddiaçıya təhvil verilməmişdir. 13 yanvar 2022-ci il tarixdə 016/22 saylı məktubla Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-mədən X3 həmin mini yükləyicinin qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, lakin yükləyicinin lazımi sənədləri olmadığı üçün qeydiyyata alınmamışdır. Sənədlərin verilməməsinə görə bu günə qədər müvafiq avadanlığın rəsmi qeydiyyatının aparılması mümkün olmamışdır. Həmin sənədlərin iddiaçıya təhvil verilməsi üçün dəfələrlə müraciət olunsa da, heç bir nəticə əldə edilməmişdir. Qeyd edilənlərdən başqa, mini yükləyici JCB205 avadanlığına məxsus silindir təmir üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilsə də, təmir edildikdən sonra müvafiq silindirin iddiaçıya təhvil verilməsindən imtina edilmişdir. Həmin silindirin təmirdən sonra iddiaçıya qəsdən verilməməsinə görə “DAServices Holding GmbH&Co.KG” şirkətindən 08092020/89 nömrəli 08 sentyabr 2020-ci il tarixli müqavilə əsasında 21056 nömrəli 28 dekabr 2021-ci il tarixli invoys ilə 1300 avro məbləğinə yenisi alınmış, onun İddiaçınə gətirilməsi üçün həmin invoysda qeyd edilmiş 200 avro daşınma xərci, gömrükdə sənədləşdirilməsi üçün 07 yanvar 2022-ci il tarixində **********7019 nömrəli gömrük bəyannaməsi üzrə 643,01 manat məbləğində vergi və gömrük ödənişləri edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən Mediasiya şurasına müraciət olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi əvvəlcədən məktubla və telefon vasitəsi ilə mediasiya prosesinin yeri və vaxtı barədə məlumatlandırılsa da, proses başlayan zaman, barışıq sazişi bağlamaq istədiyini və bu səbəbdən yeni vaxt təyin olunmasını xahiş etmişdir. Lakin yeni təyin olunmuş vaxtda da prosesdə iştirak etməmişdir. Bununla bağlı mediator tərəfindən MŞB\2-01121 saylı 04 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında işirak edilməməsi barədə" arayış təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 11 noyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, buraxılış ili 2019-cu il olan 045917E mühərrik nömrəli, 2.2 L mühərrik həcmli, sarı rəngli və RAJ205WSHK3224335 şassi/ban nömrəli mini yükləyici JCB205 avadanlığı ilə bağlı xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədinin (gömrük bəyannaməsi) iddiaçıya verilməsi, həmçinin müvafiq avadanlığın silindiri təhvil verilmədiyi üçün vurulmuş zərər kimi - 1300 avro məbləğində yeni silindirin alınmasının dəyəri, 200 avro məbləğində həmin silindirin xaricdən Azərbaycana daşınma xərci, 643,01 manat məbləğində gömrük və vergi rüsumları, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 məbləğində manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarının 2.8-ci bəndində qeyd edilən xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədinin təqdim olunmaması ilə əsaslandırılmışdır. 11 noyabr 2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında və 31 oktyabr 2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 izahatında cəmiyyətin xarici dövlətdən alıb gətirdiyi JCB205 markalı mini yükləyici üçün gömrük orqanlarının verdiyi icazə sənədinin cavabdehin daxili sənədi olduğunu və onun mühasibatlığında saxlanıldığını qeyd etmişdir. Eyni zamanda o, cəmiyyət tərəfindən texnikaların təmirinin qüsur aktı və ya müqavilə əsasında həyata keçirildiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında JCB205 markalı mini yükləyicinin silindirinin təmir edilməsi ilə bağlı müqavilə olmadığını, həmin silindirin xarab olması barədə qüsur aktı tərtib edilmədiyini və təmir üçün onlara hər hansı məbləğdə ödəniş olunmadığını bildirmişdir. Tərəflər 18 noyabr 2022-ci il tarixinə təyin edilmiş məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən həmin məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 iyul 2020-ci il tarixli AZTX/196 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd yeni (0 km.) mini-yükləyici JCB205 (avanadlığı) bu müqavilədən irəli gələn bütün vəzifə və öhdəlikləri öz üzərinə götürərək alıcıya satır, alıcı həmin avadanlığı alır, onun dəyərini tərəflərin razılaşdırdıqları qaydada satıcının hesabına ödəyir və bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan şərtlərə əməl edir. Avadanlığın texniki spesifikasiyası müqavilənin ayrılmaz hissəsi sayılan 1 saylı əlavədə göstərilmişdir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı 1 ədəd mini-yükləyici JCB205 üçün 73160 (yetmiş üç min yüz altmış) manat məbləğini satıcının hesabına ödədikdən sonra satıcı 3 (üç) iş günü ərzində avadanlığı alıcıya təhvil verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən avadanlığın adı, markası və sayı yeni miniyükləyici JCB205, 1 (bir) ədəd 18% ƏDV daxil 73160 (yetmiş üç min yüz altmış) manat təşkil edir. Bu müqavilə imzalandıqdan sonra alıcı 10 (on) iş günü ərzində avadanlığın ümumi dəyərinin 73160 (yetmiş üç min yüz altımış) manat məbləğini satıcının hesablaşma-hesabına ödəyir. Avadanlığın dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcı avadanlığı qabaqcadan 73160 (yetmiş üç min yüz altmış) manat məbləğini satıcının hesabına ödənildikdən sonra texniki cəhətdən istismara yararlı vəziyyətdə 3 (üç) iş günü ərzində alıcıya Abşeron rayonu, Hökməli qəsəbəsi, Şamaxı şossesi 15-ci km-də satıcının anbarında təhvil verir. İş materiallarında olan 21 iyul 2020-ci il tarixli AZTX/196 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, satıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mini yükləyici JCB205 (RAJ205WSHK3224335) avadanlığını satmağı, alıcı da öz növbəsində həmin avadanlığın dəyəri olan 73160 manat (62000 manat malın dəyəri + 11,160 manat ƏDV) məbləğində pul vəsaitini satıcıya verməyi öhdəsinə götürür. İş materillarında olan 29 iyul 2020-ci il tarixli buraxılış blankından görünür ki, JCB205 markalı mini-yükləyici alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul şəxsi tərəfindən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarından aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 25 aprel 2022-ci il tarixli xx/xx-02630 saylı məktubunda göstərilmişdir ki, JCB205 markalı mini-yükləyici Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin V-İİ bəndinə əsasən müayinə və texniki baxış keçirildikdən sonra dövlət qeydiyyatına alınacaqdır. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - xarici dövlətdən alınaraq Azərbaycan Respublikası ərazisinə gətirilmiş JCB205 markalı mini yükləyici (şassi nömrəsi 3224335) üçün gömrük orqanlarının verdiyi icazə sənədinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi; - pul tələbi (JCB205 markalı mini-yükləyicinin silindiri cavabdeh tərəfindən təmir edildikdən sonra iddiaçıya təhvil verilmədiyindən vurulmuş zərər kimi - 1300 avro məbləğində yeni silinderin alınmasının dəyərinin, 200 avro məbləğində həmin silindirin xaricdən Azərbaycana daşınma xərcinin və 643,01 manat məbləğində gömrük və vergi rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. İddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 21 iyul 2020-ci il tarixli AZTX/196 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh “Az Texnika LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilənin predmeti olan JCB205 markalı miniyükləyicinin dəyəri tam olaraq ödənilmiş, lakin cavabdeh xarici dövlətdən alıb gətirdiyi həmin avadanlığı iddiaçıya vermiş olsa da, onun dövlət qeydiyyatına alınması üçün zəruri olan gömrük orqanlarının verdiyi icazə sənədini təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xarici dövlətdən alınaraq Azərbaycan Respublikası ərazisinə gətirilmiş JCB205 markalı mini yükləyici (şassi nömrəsi 3224335) üçün gömrük orqanlarının verdiyi icazə sənədinin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia pul tələbi -“JCB205 markalı mini yükləyicinin silindiri cavabdeh tərəfindən təmir edildikdən sonra iddiaçıya təhvil verilmədiyindən vurulmuş zərər kimi - 1300 avro məbləğində yeni silinderin alınmasının dəyərinin, 200 avro məbləğində həmin silinderin xaricdən Azərbaycana daşınma xərcinin və 643,01 manat məbləğində gömrük və vergi rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti JCB205 markalı mini yükləyicinin silindirinin təmir üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsini və həmin silindirin cavabdeh tərəfindən geri qaytarılmamasını, habelə iddiaçı tərəfindən xarici ölkədən silindir alınmasının cavabdehin üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi ilə bağlılığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xarici dövlətdən alınaraq Azərbaycan Respublikası ərazisinə gətirilmiş JCB205 markalı mini yükləyici (şassi nömrəsi 3224335) üçün gömrük orqanlarının verdiyi icazə sənədi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia qismən təmin edildiyindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin 30 manatı cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia tələbi yalnız qiymələndirilməyən tələb hissəsində təmin olunduğundan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xarici dövlətdən alınaraq Azərbaycan Respublikası ərazisinə gətirilmiş JCB205 markalı mini yükləyici (şassi nömrəsi 3224335) üçün gömrük orqanlarının verdiyi icazə sənədi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1229/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1229/2022
18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver