Məhkəmə qərarları › İş №e-2-2(119)-1239/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1239/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1239/2024 02.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “X2 LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “X2 LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə 958,18 (doqquz yüz əlli səkkiz manat, on səkkiz qəpik) manat məbləğində borc, 95,81 (doxsan beş manat, səksən bir qəpik) manat məbləğində dəbbə pulu, həmçinin 30,94 (otuz manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 10 iyun 2021ci il tarixli 892/M21 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıya məxsus müxtəlif adlı və çeşidli məhsulları sifariş verərək təhvil alsa da, həmin malların tam dəyərini hazırkı vaxtadək tam ödəməmiş, nəticədə onun 958,18 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli 892/M21 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı “X2 LTD") alıcının (Cavabdeh) sifarişi əsasında malları alıcıya satır, alıcı isə malların dəyərini nağd və ya müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, malların adları, çeşidinə müvafiq olaraq standart qiymətləri, müqavilə üzrə ödəniş və digər kommersiya şərtləri qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Satıcı qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətləri birtərəfli qaydada dəyişə bilər və alıcı belə dəyişikliyi qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə ayrı-ayrı partiyalarla təchiz olunan malların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdiyi qaimə-fakturaya əsasən tənzimlənir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, mallar sifariş olunduqdan sonra satıcı alıcıya qaimə-faktura təqdim edir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı malların dəyərini nağd və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq X1 müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş malların ümumi məbləğinin 10 (on) % miqdarında müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna məhsulların razılaşdırılmış qiymət cədvəli əlavə edilmiş, eyni zamanda həmin protokolla 2000 manat məbləğində kredit limiti və 21 gün olmaqla maksimum ödəniş günü müəyyənləşdirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 586,39 manat dəyərində malın satılması ilə əlaqədar 06 iyun 2022-ci il tarixli EBBX seriyalı 708179 nömrəli, 260,33 manat dəyərində malın satılması ilə əlaqədar 18 iyun 2022-ci il tarixli EBBY seriyalı 503686 nömrəli, 165,07 manat dəyərində malın satılması ilə əlaqədar 09 iyul 2022-ci il tarixli EBBZ seriyalı 779355 nömrəli, 62,52 manat dəyərində malın satılması ilə əlaqədar 09 iyul 2022-ci il tarixli EBBZ seriyalı 779358 nömrəli, 75,96 manat dəyərində malın satılması ilə əlaqədar 09 iyul 2022-cü il tarixli EBBZ seriyalı 779361 nömrəli, 42,35 manat dəyərində malın satılması ilə əlaqədar 09 iyul 2022-ci il tarixli EBBZ seriyalı 779364 nömrəli, 117,67 manat dəyərində malın satılması ilə əlaqədar 16 iyul 2022-ci il tarixli EBCA seriyalı 147454 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli 184181 nömrəli malların təhvil-qəbul aktına əsasən 1944,28 manat dəyərində, 15 iyun 2022-ci il tarixli 209561 nömrəli malların təhvil-qəbul aktına əsasən 260,95 manat dəyərində, 06 iyul 2022-ci il tarixli 156746, 156744, 156742 və 156748 nömrəli malların təhvil-qəbul aktlarına əsasən hər akt üzrə ayrı-ayrılıqda 345,88 manat dəyərində və 13 iyul 2022-ci il tarixli 205446 nömrəli malların təhvil-qəbul aktına əsasən 463,55 manat dəyərində olan və siyahısı həmin aktlarda göstərilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 04475 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı müqavilə dövrü ərzində cavabdehi ümumi dəyəri 7737,36 manat olan müxtəlif mallarla təchiz etmiş, cavabdeh həmin mallara görə 6565,58 manat məbləğində ödəniş etmiş, eləcə də 213,60 manat məbləğində qaytarma etmiş, nəticədə cavabdehin iddiaçıya 958,18 manat məbləğində borcu qalmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 10 iyun 2021-ci il tarixli, 892/M21 nöməli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə versə də, alıcı qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 958,18 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 10 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 958,18 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 95,81 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən, onun özü tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə də öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilən 5.1-ci bəndi) nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 95,81 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən cəmi 50 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 30,94 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 10 iyun 2021-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 30,54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, hazırkı iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə (958,18 manat + 50 manat = 1008,18 manat) mütənasib olaraq hesablanan 30,08 manat məbləğində dövlət rüsumunun əvəzi də iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən 10 iyun 2021-ci il tarixli nömrəli alqı-satqı müqaviləsi üzrə 958,18 manat məbləğində borc, 50 manat məbləğində dəbbə pulu, həmçinin 30,08 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 1038,26 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10 iyun 2021-ci il tarixli nömrəli 892/M21 alqı-satqı müqaviləsi üzrə 958,18 (doqquz yüz əlli səkkiz manat, on səkkiz qəpik) manat məbləğində borc, 50 (əlli) manat məbləğində cərimə, həmçinin 30,08 (otuz manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 1038,26 (min otuz səkkiz manat, iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X2 LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar