Məhkəmə qərarları › İş №e-2-2(119)-124/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-124/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-124/2025 10.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 11582,97 (on bir min beş yüz səksən iki manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, illik gecildirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 1271,97 (min iki yüz yetmiş bir manat doxsan yeddi qəpik) manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 136 (yüz otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13310,94 (on üç min üç yüz on manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05 noyabr 2022-ci il tarixli 2022/177 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öz öhdəsinə götürür. Müqavilənin 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 201804 nömrəli elektron qaimə-fakturaya əsasən 7251,87 (yeddi min iki yüz əlli bir manat səksən yeddi qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 513670 nömrəli elektron qaimə-fakturaya əsasən 3225,50 ( üç min iki yüz iyirmi beş manat əlli qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 415743 nömrəli elektron qaimə-fakturaya əsasən 2560,90 (iki min beş yüz altmış manat doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 032204 nömrəli elektron qaimə-fakturaya əsasən 1467,90 ( min dörd yüz altmış yeddi manat doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 233042 nömrəli elektron qaimə-fakturaya əsasən 572 (beş yüz yetmiş iki) manat dəyərində mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır. Buna baxmayaraq 11582,97 (on bir min beş yüz səksən iki manat doxsan yeddi qəpik) manat dəyərində əsas borc məbləği alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı müqavilə üzrə öhdəliklərini pozmuşdur. İddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Bundan başqa cavabdeh "xxxx" MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. İllik gecikdirmə faizinə görə ümumilikdə 1271,97 (min iki yüz yetmiş bir manat doxsan yeddi qəpik) manat borc yaranmışdır. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndələri məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli 2022/177 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, alıcı malları sifariş edir, satıcı isə həmin malları təqdim edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 7251,87 (yeddi min iki yüz əlli bir manat səksən yeddi qəpik) manat dəyərində malların satılması ilə əlaqədar 15 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 201804 nömrəli, 3225,50 (üç min iki yüz iyirmi beş manat əlli qəpik) manat dəyərində malların satılması ilə əlaqədar 11 mart 2023-cü il tarixli EBDB seriyalı 513670 nömrəli, 2560,90 (iki min beş yüz altmış manat doxsan qəpik) manat dəyərində malların satılması ilə əlaqədar 29 mart 2023-cü il tarixli EBDC seriyalı 415743 nömrəli, 1467,90 (min dörd yüz altmış yeddi manat doxsan qəpik) manat dəyərində malların satılması ilə əlaqədar 20 aprel 2023-cü il tarixli EBDE seriyalı 032204 nömrəli, 572 (beş yüz yetmiş iki) manat dəyərində malların satılması ilə əlaqədar 26 aprel 2023-cü il tarixli EBDE seriyalı 233042 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli 000İCZ********** nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh tərəfindən İddiaçınə 15 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 201804 nömrəli elektron qaimə-faktura üzrə 3000 (üç min) manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan İddiaçınə məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 10 fevral 2023-cü il tarixdə 540 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçınə 10 fevral 2025-ci il tarixinə 11538,17 (on bir min beş yüz otuz səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borcu və illik gecildirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 1141,1 (min yüz qırx bir manat on qəpik) manat məbləğində faiz borcu vardır. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdehnə müqavilə üzrə yaranmış 11582,97 (on bir min beş yüz səksən iki manat doxsan yeddi qəpik) manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsini xahiş etmiş, əks halda borcun tutulması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyini bildirmişdir. Həmin pretenziya məktubu cavabdehə poçt vasitəsilə göndərilsə də “ünvanda belə idarə yoxdur” qeydi ilə geri qaytarılmış, daha sonra həmin pretenziya məktubu 17 oktyabr 2024-cü il tarixində Dövlət Vergi Xİdmətinin X1 Sistemi vasitəsilə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 05 noyabr 2022-ci il tarixli 2022/177 nömrəli Mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdehnə cəmi 15078,17 (on beş min yetmiş səkkiz manat on yeddi qəpik) manat dəyərində mallar satmış, lakin Cavabdeh tərəfindən həmin malların dəyərindən ƏDV daxil cəmi 3540 manat ödəniş həyata keçirilmiş, onun 11538,17 (on bir min beş yüz otuz səkkiz manat on yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Buna görə də, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə iddiaçı , İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək, aldığı malların dəyərini tam ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “11582,97 (on bir min beş yüz səksən iki manat doxsan yeddi qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin olunaraq 05 noyabr 2022-ci il tarixli 2022/177 nömrəli Mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi üzrə ödənilməmiş 11538,17 (on bir min beş yüz otuz səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc (15078,17 manat – 3540 manat = 11538,17 manat ) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı iddia tələbində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 1271,97 (min iki yüz yetmiş bir manat doxsan yeddi qəpik) manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında həmin məbləğin hər elektron qaimə-fakturanın cavabdehə göndərildiyi tarixdən 5 gün keçdikdən sonra 10 oktyabr 2024-cü il tarixə hesablandığını göstərmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Tərəflər arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli 2022/177 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinin 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyərinin ödənilməsi razılaşdırılsa da, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, borc məbləğinin ödənilməsi tələb edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir. İddiaçının 17 oktyabr 2024-cü il tarixdə 3 iş gün müddətində pulun ödənilməsi tələbi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq 21 oktyabr 2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 21 oktyabr 2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarixədək hesablanmalıdır. İddia ərizəsinin məhkəməyə 18 oktyabr 2024-cü il tarixdə verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 1271,97 (min iki yüz yetmiş bir manat doxsan yeddi qəpik) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat məbləğində pul ödənilməsini təsdiq edən 04 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığını əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 136 (yüz otuz altı) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 124,61 (yüz iyirmi dörd manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 11538,17 (on bir min beş yüz otuz səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 124,61 (yüz iyirmi dörd manat altmış bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11982,78 (on bir min doqquz yüz səksən iki manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 11538,17 (on bir min beş yüz otuz səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 124,61 (yüz iyirmi dörd manat altmış bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11982,78 (on bir min doqquz yüz səksən iki manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar