Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1252/2025 10.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “AZ ESTETİK GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “AZ ESTETİK GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4418 (dörd min dörd yüz on səkkiz) manat məbləğində borc, 50 (əlli) manat məbləğində cərimə və 64,68 (altmış dörd manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27 dekabr 2022-ci il tarixli 015761 nömrəli malların alqı-satqı müqaviləsinin 7.1-ci və 7.2-ci bəndləri ilə tərəflər müqavilənin icrası ilə əlaqədar aralarında yaranmış mübahisələrə öncə pretenziya, bu nəticə verməzsə, mediasiya qaydasında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq həll edilməsinə cəhdlər edəcəkləri, bunlar da nəticə verməzsə, mübahisənin yarandığı vaxtdan 15 gün ərzində qarşılıqlı razılığa gələ bilmədikləri halda, həmin mübahisənin müvafiq məhkəmələrdə həll ediləcəyi ilə bağlı razılığa gəlmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsinin rəsmi portalından çıxarışdan görünür ki, iddiaçı pretenziya məktubunu cavabdehə "Onlayn kargüzarlıq” vasitəsilə 30 iyun 2025-ci il tarixində göndərmiş və 07 iyul 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin iddiaçı tərəfindən iş materiallarına yaranacaq mübahisələrin məhkəməyə qədər həlli ardıcıllığını tənzimləyən alqı-satqı müqaviləsinin 7.1-ci bəndinə uyğun olaraq mediasiya prosesinin həyata keçirilib-keçirilməsi və həmin prosesin nəticəsi barədə hər hansısa sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən, mediasiyaya dair qeyd-şərt – tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə olan şərtdir. Həmin Qanunun 21.9.2-ci maddəsinə əsasən, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu hallarda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Göründüyü kimi, mübahisənin məhkəməyə qədər həlli zamanı mediasiya prosesinin zəruriliyi ilə tərəflər arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli müqaviləyə bənd əlavə edilmiş, lakin iddiaçı tərəfindən müqavilənin, həmçinin Mülki Prosessual Məcəllənin 150.1.7-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9.2-ci bəndləri pozularaq, iş materiallarına mediasiya prosesinin nəticəsi barədə hansısa sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin ikinci cümləsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı “AZ ESTETİK GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1252/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1252/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver