Məhkəmə qərarları › İş №e-2-2(119)-1255/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1255/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1255/2024 11.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 11 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 yanvar 2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 2020-ci ilin fevral ayında satılmış mallara görə yaranmış 1903,72 (min doqquz yüz üç manat, yetmiş iki qəpik) manat məbləğində borcun və 39,04 (otuz doqquz manat, dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 07 yanvar 2020-ci il tarixli SX20/038 nömrəli məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 1903,72 dəyərində mallar satmış, bu malların təhvil verilməsini təsdiq edən təhvil-qəbul aktları tərtib edilmiş, eyni zamanda cavabdehə müvafiq elektron qaimə-fakturalar göndərilmişdir. Buna baxmayaraq cavabdeh hazırkı vaxtadək hər hansı ödəniş etmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-2-2(119)- 1255/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh 03 oktyabr 2024-cü il tarixdə "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək ərizədə qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərin həqiqət olduğu qəbul edilsə belə, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Yəni iddiaçı 2023-cü ilin fevral ayınadək məhkəməyə müraciət etməli olmasına baxmayaraq, 2024-cü ilin iyul ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddiadan imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 21 noyabr 2024-cü il tarixdə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizədə göstərmişdir ki, borcun ödənilməsi tələbi barədə iddia ərizəsinin verilməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan müddət üzürlü səbəbdən buraxılmışdır. Belə ki, iddia tələbində qeyd edilən borcla bağlı 2020-ci ilin fevral ayında elektron-qaimələr göndərilmiş, eyni zamanda iddiaçının nümayəndəsi cavabdehlə dəfələrlə əlaqə saxlayaraq borcun ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edildiyi üçün sahibkarlıq fəaliyyətini həyata keçirdiyi otelin fəaliyyətinin dayandırıldığını bildirmiş və ödənişlə bağlı möhlət verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən bu xahiş anlayışla qarşılanaraq ona möhlət verilmişdir. Lakin otellərin fəaliyyəti tam bərpa olunduqdan sonra da cavabdeh tərəfindən ödəniş edilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa 26 dekabr 2023-cü il tarixli müvafiq Qanunla dəyişiklik edilməmişdən öncə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya sessiyasında iştirak tələb olunurdu. Cavabdeh həmin dövrdə yaşayış olmayan Zəngilan rayonu, Zəngilan şəhəri, C.Cabbarlı küçəsi, ev 11 ünvanında qeydiyyatda olduğu üçün mediasiya təklifinin göndərilməsi üçün onun faktiki yaşadığı ünvanın dəqiqləşdirilməsi zərurəti yaranmış, bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmiş, müraciətə xx.xx.2024-cü il tarixində gecikmə ilə cavab verildiyi üçün iddia müddəti üzürlü səbəbdən ötürülmüşdür. İddiaçı göstərilənlərin nəzərə alınaraq iddia müddətinin buraxılmasının səbəbini üzürlü hesab edilməsini və həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 07 yanvar 2020-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə onun administratoru olduğu “Anatolia” otelin fəaliyyətində istifadə olunacaq qida və qeyri-qida məhsulları satılmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmiş, cavabdeh isə bunun müqabilində müəyyən məbləğdə ödənişlər həyata keçirsə də, öhdəliyini tam icra etməmiş və nəticədə 1903,72 manat məbləğində borcu qalmışdır. Cavabdehdən borc məbləği üzrə ödəniş həyata keçirməsi tələb edildiyi zaman pandemiya dövründə otelin fəaliyyət göstərmədiyini bildirərək müəyyən müddət vaxt verilməsini xahiş etmişdir. Bu müraciət nəzərə alınaraq ona müəyyən qədər vaxt verilsə də, o, ödənişləri həyata keçirməkdən yayınmış, buna görə də iddiaçı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh tərəfindən sonuncu dəfə 02 fevral 2020-ci il tarixdə ödəniş edilmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, müqavilə üzrə lazımi olan bütün ödənişləri sonuncu dəfə 2020-ci ilin fevral ayında iddiaçıya ödəmişdir. Ola bilsin ki, iddiaçı təşkilatın əməkdaşı onun ödədiyi ödənişləri müvafiq şöbəyə yönləndirməmişdir. Bu proseslərdən təxminən 5 ilə yaxın vaxt keçmişdir. Əgər borc olsa idi, bu müddət ərzində iddiaçı tərəfindən rəsmi qaydada ona borcla bağlı məlumat verilərdi. Keçən müddət ərzində hazırda tələb edilən borcu ilə bağlı ona hər hansı rəsmi müraciət edilməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiqi barədə ərizəni, iddia müddətinin bərpa edilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli SX20/038 nömrəli alqı-satqı müqaviləsinin 1-ci hissəsinə əsasən, şirkət (İddiaçı MMC) mülkiyyətində olan müxtəlif növ malları müştəriyə (Cavabdeh) satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən məhsulların siyahısı, çeşidi, adı və onların qiymətləri şirkət tərəfindən müştəriyə təqdim edilən qiymətlər cədvəlində əksini tapır. Qiymətlər cədvəlində, o cümlədən, məhsulların qiymətlərində dəyişiklik olduqda, şirkət tərəfindən müştəriyə yenilənmiş qiymətlər cədvəli təqdim edilir. Məhsulların qiymətində olacaq dəyişiklik həmin günü şirkət tərəfindən müştərinin təqdim etdiyi elektron e-mail adresinə göndərilir. Göndərilən qiymət dəyişikliyi, göndərildiyi tarixdən sonraki gün üçün qüvvəyə minir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən şirkət bu müqavilə qüvvəyə mindikdən sonra müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları müştəriyə nağd və ya nisyə satış qaydasında faktura əsasında verir və müştərinin özü və ya səlahiyyətli nümayəndəsi təhvil-qəbul aktını imzalamaqla onları qəbul edir. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 25 yanvar 2020-ci il tarixdə 169,95 manat dəyərində, 30 yanvar 2020-ci il tarixdə 62,75 manat, 04 fevral 2020-ci il tarixdə 13,74 manat və 12,5 manat dəyərində, 06 fevral 2020-ci il tarixdə 34,25 manat, 07 fevral 2020-ci il tarixdə 25,47 manat dəyərində, 12 fevral 2020-ci il tarixdə 13,74 manat dəyərində, 14 fevral 2020-ci il tarixdə 104,93 manat dəyərində, 15 fevral 2020-ci il tarixdə 301,32 manat və 91,92 manat dəyərində, 18 fevral 2020-ci il tarixdə 32,35 manat dəyərində, 20 fevral 2020-ci il tarixdə 35,12 manat dəyərində, 25 fevral 2020-ci il tarixdə 25,47 manat dəyərində, 27 fevral 2020-ci il tarixdə 70,34 manat dəyərində mallar təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə sonuncusu 70,33 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAG seriyalı, 944287 nömrəli elektron qaimə-faktura olmaqla çoxsaylı elektron qaimə-fakturalar təqdim edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə edən "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 17 fevral 2020-ci il tarixində edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377 .1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 07 yanvar 2020-ci il tarixli SX20/038 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən müxtəlif dəyərlərdə olan mallar cavabdehə təhvil verilməklə ona satılmış, iş materiallarına iddiaçının özü tərəfindən əlavə edilmiş malların təhvil-qəbul aktı və elektron qaimə-fakturaya əsasən sonuncu satış xx.xx.2020-ci il tarixdə baş tutmuş və iddiaçının tələbinə əsasən cavabdehin ona olan borcunun məbləği hazırda 1903,72 manat təşkil edir. Müqavilə üzrə iddiaçıya cavabdeh tərəfindən sonuncu ödəniş isə 13 fevral 2020-ci il tarixində edilmişdir. Cavabdeh, eyni zamanda məhkəməyə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən sonuncu dəfə 27 fevral 2020-ci il tarixli təhvil-qəbul aktına əsasən 70,34 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və 70,33 manat dəyərində malın satılması ilə əlaqədar 27 fevral 2020-ci il tarixli EBAG seriyalı, 944287 nömrəli elektron qaimə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında cavabdeh tərəfindən sonuncu dəfə 02 fevral 2020-ci il tarixdə ödəniş edildiyini bildirmişdir (cavabdehin təqdim etdiyi hesabdan çıxarışa əsasən iddiaçıya sonuncu ödəniş 17 fevral 2020-ci il tarixinə təsadüf edir). İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra - 11 iyul 2024-cü il tarixdə müraciət etmişdir. Başqa sözlə, iddiaçının sonuncu malın təhvil verildiyi 27 fevral 2020-ci ildən başlayaraq 3 il müddətində ödənişləri tələb etmək hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, yəni hüququnun müdafiəsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə, həmçinin iddiaçının prosessual müddətin bərpa edilməsi haqqında ərizəsində qeyd etdiyi dəlilləri əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi cavabdehdən borc məbləğinin tələb edilməsinə əngəl yaradan hal hesab edilə bilməz, çünki həmin dövrdə məhkəmə və digər müvafiq dövlət orqanları fəaliyyət göstərmişdir. Yəni bu hal Mülki Məcəllənin 379.1.1-ci maddəsində qeyd edilən iddia müddətinin axımının dayandırılmasına səbəb ola biləcək iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda - hal hesab edilə bilməz. Digər tərəfdən, mediasiya sessiyasında iştirakla əlaqədar cavabdehin faktiki yaşayış ünvanının dəqiqləşdirilməsi zərurətinə görə müddətin ötürülməsi barədə dəlil də əsaslı deyildir. Belə ki, iddiaçı cavabdehə dair onda olan mövcud ünvanı (özünün qeyd etdiyi kimi ünvan 1iasiya təklifinin göndərilməsi üçün mediasiya təşkilatına təqdim edə bilərdi. Burada o da nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış məhsulların alqı-satqısı müqaviləsinin 5.12-ci bəndinə əsasən, müştəri (cavabdeh) onun hüquqi və ya poçt ünvanında dəyişikliklər barədə şirkəti (iddiaçını) dərhal xəbərdar etmək vəzifəsi daşıyır, yəni mediasiya təşkilatının müvafiq təklifi cavabdehə çatmasa belə, bu iddiaçının məsuliyyət daşımadığı hal hesab ediləcəkdi. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırkı iddia ərizəsi mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən, yəni həmin müddət ötürülmüş olduğundan iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərcinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar