Məhkəmə qərarları › İş №e-2-2(119)-126/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-126/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-126/2025 18.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 402769,79 manat məbləğində vəsaitin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 yanvar 2015-ci il tarixli müqavilə ilə həmin tarixdən başlayaraq tərəflər arasında yem və yem məhsullarının alqı-satqısı üzrə uzun müddətli tərəfdaşlıq olmuşdur. İddiaçı malları göndərmiş, cavabdeh qəbul etmiş, bunun əsasında elektron qaimələr ünvanlanmış, həmin qəimələr əsasında cavabdeh tərəf ödənişlər etmişdir. Bu illər ərzində 26 yanvar 2015-ci il tarixli müqaviləyə münasibətdə bir neçə dəfə “əlavə razılaşmalar” imzalanmış, cavabdeh daima aldığı məhsulların dəyərindən borclu olsa da, ödənişlər edilmişdir. Sonuncu ödəniş 11 iyul 2024-cü il tarixdə edilmiş, 12 avqust 2024-cü il tarixdə borcların qarşılıqlı vəziyyəti müəyyən edilmiş, “üzləşmə aktı” əsasında cavabdehin 373009,79 manat borcunun olması təsdiqlənmişdir. Qeyd olunan tarixdən sonra daha bir neçə dəfə cavabdehə mallar satılmış, hazırda cavabdehin İddiaçınə ödənilməmiş 402769,79 (dörd yüz iki min yeddi yüz altmış doqquz manat, yetmiş doqquz qəpik) manat borcu yaranmışdır. Qeyd edilən borc tələb edilsə də, cavabdeh tərəfindən ödənilməmişdir.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək tərəflər arasında 26 yanvar 2015-ci il tarixli müqavilə ilə həmin tarixdən başlayaraq yem və yem məhsullarının alqı-satqısı üzrə uzun müddətli tərəfdaşlıq olduğunu, 26 yanvar 2023-cü il tarixdə 09-T/23 nömrəli alqı-satqı müqaviləsinin imzalandığını bildirmişdir. O, həmçinin məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək 16 avqust 2024-cü il və 28 avqust 2024-cü il tarixli elektron qaimələrdə müqavilənin nömrəsi düzgün göstərilsə də, tarixlərin səhvən 10 fevral 2024-cü il qeyd olunduğunu, lakin tərəflər arasındakı müqavilənin 26 yanvar 2023-cü il tarixdə bağlandığını bildirmiş, 402769,78 (dörd yüz iki min yeddi yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Lakin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

7. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 26 yanvar 2023-cü il tarixli 09-T/23 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı hər dəfə alıcının sifarişi əsasında tərtib olunacaq və müqaviləyə əlavə olunacaq müvafiq Əlavələrdə göstərilən (Qiymətlərin razılaşdırma protokolarında) malları həmin Əlavələrdə nəzərdə tutulan miqdarda və qiymətlərlə alıcının təyin etdiyi ünvana çatdırmağı və sonuncuya təhvil verməyi öz öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan tərəflər arasında imzalanmış “Üzləşmə aktı”ndan görünür ki, 12 avqust 2024-cü il tarixə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 373009,79 (üç yüz yetmiş üç min doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində borcunun olduğu müəyyənləşdirilmişdir.

9. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 3410 manat dəyərində malların satılması ilə əlaqədar 16 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10943451 nömrəli, 26350 manat dəyərində malların satılması ilə əlaqədar 28 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11325841 nömrəli elektron qaimələr təqdim olunmuşdur. (həmçinin xx.xx.2021-ci il-xx.xx.2024-cü il tarix aralığında müxtəlif dəyərdə malların satılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə digər çoxsaylı elektron qaimələr təqdim edilmişdir.)

10. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 2021-ci il ərzində 943333 (doqquz yüz qırx üç min üç yüz otuz üç) manat dəyərində mal verilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin bank hesabına 839079 (səkkiz yüz otuz doqquz min yetmiş doqquz) manat məbləğində pul köçürülmüş, 2022-ci il ərzində 954126,26 (doqquz yüz əlli dörd min yüz iyirmi altı manat, iyirmi altı qəpik) manat dəyərində mal verilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin bank hesabına 964142,97 (doqquz yüz altımış dörd min yüz qırx iki manat, doxsan yeddi qəpik) manat məbləğində pul köçürülmüş, 2023-cü il ərzində 1654666,19 (bir milyon altı yüz əlli dörd min altı yüz altımış altı manat, on doqquz qəpik) manat dəyərində mal verilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1485265,70 (bir milyon dörd yüz səksən beş min iki yüz altımış beş manat, yetmiş qəpik) manat məbləğində pul köçürülmüş, 2024cü il ərzində 723649,50 (yeddi yüz iyirmi üç min altı yüz qırx doqquz manat,əlli qəpik) manat dəyərində mal verilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin bank hesabına 584517,50 (beş yüz səksən dörd min beş yüz on yeddi manat,əlli qəpik) manat məbləğində pul köçürülmüşdür. Beləliklə, 2021-2024-cü illər ərzində İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 4275774,95 (dörd milyon iki yüz yetmiş beş min yeddi yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat dəyərində mal verilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin bank hesabına 3873005,17 (üç milyon səkkiz yüz yetmiş üç min beş manat, on yeddi qəpik) manat məbləğində pul köçürülmüş, Cavabdeh ASC-nin İddiaçı MMCyə 402769,78 (dörd yüz iki min yeddi yüz altımış doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcu qalmışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

17. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 2015-ci ildən alqı-satqı münasibətləri olmuş, daha sonra 26 yanvar 2023-cü il tarixli 09-T/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri icra edərək aralarında bağlanmış müqavilələr üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müvafiq mallar satmış, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmiş və tərəflər arasında 12 avqust 2024-cü il tarixə cavabdehin iddiaçıya 373009,79 (üç yüz yetmiş üç min doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində borcunun olduğunu təsdiq edən üzləşmə aktı imzalanmışdır. Bundan sonra isə iddiaçı tərəfindən cavabdehə 3410 manat dəyərində malların satılması ilə əlaqədar 16 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10943451 nömrəli, 26350 manat dəyərində malların satılması ilə əlaqədar 28 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11325841 nömrəli elektron qaimələr təqdim olunmuş, lakin cavabdeh qeyd edilən qaimələr üzrə heç bir ödəniş həyata keçirməmişdir. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 402769,78 (dörd yüz iki min yeddi yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

20. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə uyğun hesablanan iddiaçı tərəfindən ödənilmiş 692,77 (altı yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 402769,78 (dörd yüz iki min yeddi yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 692,77 (altı yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır.

24. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 402769,78 (dörd yüz iki min yeddi yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 692,77 (altı yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar