Məhkəmə qərarları › İş №e-2-2(119)-127/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-127/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-127/2020 13.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehn qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli 2610\2018 saylı Müqavilə üzrə ödədiyi 8000 manat avans ödənişi, Müqavilənin 7-ci maddəsinə əsasən nəzərdə tutulmuş 700 manat cərimə məbləği, cavabdehin öhdəliyini icra etməməsi səbəbindən 11 saylı Regional Ekologiya və X3 tərəfindən tətbiq olunmuş inzibati cərimə məbləğinin əvəzi olaraq 3500 manat, ötən il yarım müddət ərzində sahibi olduğu “Alyans” şadlıq sarayı normal fəaliyyət göstərə bilmədiyinə görə vurulmuş maddi və mənəvi zərərin əvəzi 10000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 22230 (iyirmi iki min iki yüz otuz) manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri və ətraf ərazilərdə ictimai iaşə obyektlərindən, restoran və şadlıq evlərindən atmosferə atılan tüstü qazlarının qarşısını almaq məqsədilə bu obyektlərə təmizləyici qurğuların quraşdırılmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxx 2018-ci il tarixli əmri və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2018-ci il tarixli göstərişinə əsasən alıcı(iddiaçı)İddiaçısahibi olduğu “Alyans” şadlıq sarayında (əvvəlki adı ”Nilufər” şadlıq sarayı) baca tipli hava filtri quraşdırılması məqsədi ilə hava təmizləyici qurğuların satışını həyata keçirən satıcı (cavabdeh) Cavabdeh ilə danışıqlar aparmış və qarşılıqlı qiymət razılaşdırılması əsasında xx xxxxxxx 2018-ci il tarixli 2610\2018 nömrəli Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən ümumi dəyəri 11500 (on bir min beş yüz) manat olan bir ədəd “Baca tipli sulu filtr”in (Tüstü filtrinin) alınması barədə razılığa gəlinmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən Satıcı ilk 70 faiz avans ödənişindən sonra 3-5 həftə ərzində malların alıcıya verilməsini öhdəsinə götürür. Ödənişin qalan hissəsi mal təhvil verildiyi zaman həyata keçirilməli idi. Bu maddəyə əsasən xx xxxxxxx 2018-ci ildə Alıcı tərəfindən Satıcının hesabına mədaxil qəbzi alınmaqla müqavilə dəyərinin 70 faizi olaraq 8000 (səkkiz min) manat məbləğində avans pul ödənilmişdir. Avans pulun ödənilməsindən sonra 3-5 həftə ərzində satıcı tərəfindən mallar Alıcıya təhvil verilməli olmasına baxmayaraq, ötən on beş ay ərzində satıcı tərəfindən mal Alıcıya təhvil verilməmişdir. Bununla da Satıcı tərəfindən Müqavilə şərtləri pozularaq Alıcıya məxsus şadlıq sarayının normal fəaliyyət göstərməsinə maneə yaradılmışdır. Belə ki, hava təmizləyici qurğunun olmaması səbəbindən atmosferi çirkləndirməmək üçün Şadlıq Sarayı tam gücü ilə işləməmiş və bunun nəticəsində xeyli miqdarda gəlirdən məhrum olmuşdur. Həmçinin, qeyd olunan təmizləyici qurğu olmadığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X3 tərəfindən iddiaçının (Alıcının) barəsində tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərara əsasən iddiaçı 3500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə də, iddiaçıya böyük məbləğdə maddi və mənəvi ziyan vurulmuşdur. xx xxxxxxx 2019-cu il tarixli 2610\2019 saylı Müqavilənin 7-ci maddəsinə əsasən “Əgər malların çatdırılması gecikərsə Satıcı Alıcıya hər gecikdirilmiş həftə üçün “Müqavilə”nin ümumi dəyəri olan 11500 manatın 0,1 faizi miqdarında, 11,5 manat məbləğində cərimə ödəməlidir. Hazırda avans kimi 70 faiz pulun ödənilməsindən 60 həftədən çox vaxt keçmişdir. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh MMC-nin direktoru Nümayəndə malların təhvil verilməsi tələb olunsa da, cavabdeh tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdır. Hazırda cavabdeh tərəfindən telefon zənglərinə cavab verilmir və o, məlum olan faktiki fəaliyyət ünvanında fəaliyyətini dayandıraraq, naməlum ünvana köçmüşdür. Bu səbəbdən də iddiaçının cavabdehə göndərdiyi pretenziya məktubları cavabdehin məlum olan ünvanlarda fəaliyyət göstərməməsi səbəbindən poçt tərəfindən geri qaytarılmışdır. Tərəflər arasında bağlanmış Alqı-Satqı Müqaviləsinin 4.4.1-ci maddəsinə əsasən, Satıcı bu Müqaviləyə uyğun yerdə, tarixdə, kəmiyyətdə, keyfiyyətdə və çeşiddə mal vermədikdə, Alıcı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməklə öz seçimi ilə bu Müqaviləyə xitam verib,malı qəbul etməkdən imtina edə bilər və ya uyğun olmayan malı öz təyin etdiyi müddət ərzində müvafiq kəmiyyət, keyfiyyət və çeşidə cavab verən malla Satıcıdan əvəz edilməsini, mal ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququna malikdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif maddələrinin məzmunu təsvir olunur). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxxxxxx 2018-ci il tarixli 2610/2018 nömrəli Alqı-satqı müqaviləsi üzrə ödədiyi 8000 manat məbləğində avans ödənişinin, Müqavilənin 7-ci bəndinə əsasən hesablanmış 700 manat cərimə məbləğinin, cavabdehin öhdəliyini icra etməməsi səbəbindən 11 saylı Regional Ekologiya və X3 tərəfindən tətbiq olunmuş inzibati cərimə məbləğinin əvəzi olaraq 3500 manat məbləğində pulun, ötən il yarım müddət ərzində sahibi olduğu “Alyans” şadlıq sarayı normal fəaliyyət göstərə bilmədiyinə görə vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMCdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı suallara cavab olaraq bildirdi ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə tərəfindən avans ödənişi barədə tərtib edilərək imzalanmış xx xxxxxxx 2018-ci il tarixli mədaxil qəbzində qarşı tərəfə ödənilən pulun miqdarı 8000 manat məbləğində göstərilmiş olsa da, əslində onun tərəfindən həmin qəbz əsasında qarşı tərəfə faktiki olaraq 7000 manat pul verilmişdir. Avans ödənişindən qalan 1000 manat pulu isə şəxsən qarşı tərəfə verməmişdir. Qalan 1000 manat məbləği həmin vaxt işçisi olmuş Famil verəcəkdi. Lakin, Familin həmin pulu verməsinə əmin deyildir. Lakin, həmin Qəbzdə 8000 manat göstərildiyi üçün, iddia tələbində də 8000 manat avans ödənişini tələb etmişdir. Müqaviləyə görə avadanlıq təxminən 1 ay ərzində ona təhvil verilməli olsa da, cavabdeh tərəf həmin müddətdə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də o, cavabdehlə əlaqədar əvvəlcə polis orqanlarına şikayət etmiş və polis orqanları araşdırma apararaq şikayətinin mülki xarakterli olması üçün məhkəməyə müraciət etməli olması tövsiyyə edilmişdir. Hazırkı mübahisəyə məhkəmədə baxılarkən, yəni bir neçə gün əvvəl cavabdeh tərəf Müqavilə üzrə verməli olduğu avadanlıq adı ilə bir qutu gətirib, Şadlıq Sarayına təhvil vermiş olsa da, o, cavabdeh tərəfindən Müqavilə öhdəliyinin bu cür icrasını qəbul etmir və yenə də, avans kimi ödədiyi pulu və dəymiş zərəri tələb edir. Məhkəmə iclasında Cavabdehn qanuni təmsilçisi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirirək, əsassız olduğu üçün İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə öz mövqeyini onunla əsaslandırdı ki, xx xxxxxxx 2018-ci il tarixli 2610\2018 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən qanuni təmsilçisi olduğu satıcı Cavabdeh MMC tərəfindən alıcı İddiaçı hava təmizləyici qurğuların, yəni baca tipli sulu filtrin satışını həyata keçirmək üçün danışıqlar aparmış və qarşılıqlı qiymət razılaşdırılması əsasında müqavilə imzalanmışdır. Həmin Müqaviləyə əsasən ümumi dəyəri 11500 manat olan bir ədəd baca tipli sulu filtr, yəni tüstü filtri 70 faiz avans ödənişi ödənildikdən sonra 3-5 həftə ərzində Satıcı tərəfindən Alıcıya satılmalı idi. Onların arasında həmin avans ödənişi kimi Alıcı İddiaçı tərəfindən 8000 manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlinmiş və buna görə də, o, özü gedə bilmədiyi üçün ümumi 11500 manat məbləğində müqavilə qiymətinin 8000 manat məbləğini avans kimi alması barədə mədaxil qəbzini imzalayaraq qardaşı vasitəsi ilə İddiaçı göndərmişdir. Lakin, İddiaçı bir gün əvvəl avans kimi razılaşdıqları 8000 manatı deyil, 7000 manat pul ödəmiş və qəbzi götürərək, qalan 1000 manat pulu da tezliklə verəcəyini bildirmişdir. Lakin, bundan sonra alıcı İddiaçı 1000 manatı ona ödəməmişdir. Buna baxmayaraq o, bir müddət sonra Müqavilədə nəzərdə tutulan avadanlığı Türkiyədən gətirdərək, Alıcı tərəfə vermək istəsə də, Alıcı tərəf artıq başqa yerdən avadanlıq aldıqlarını bildirərək, ondan avadanlığı qəbul etməmiş və vermiş olduğu avans ödənişini geri tələb etməyə başlamışdır. Buna görə də, o, keçən bir il yarım müddət əzində anbar pulu ödəyərək, avadanlığı anbarda saxlatdırmışdır. İddiaçı isə avans ödənişinin qaytarılması üçün ondan Polis Bölməsinə şikayət etmiş və bununla bağlı onun ailəsi də narahatçılıq keçirmişdi. Lakin, Polis Bölməsi işin mülki iş olduğunu və məhkəməyə müraciət edilməli olmasını bilirmişdir. İddiaçı cavabdehə 7000 manat məbləğində avans ödənişi edib, qalan 4500 manat məbləği isə ödəməsə də, hazırkı mübahisə üzrə məhkəmə prosesi başlandıqdan sonra, yəni xx xxxxxxxx 2020-ci ildə o, Müqavilə üzrə nəzərdə tutulan 10000 m3/h-lik avadanlıqdan daha güclü 12000 m3/h-lik avadanlığı iddiaçıya məxsus Şadlıq Sarayına təhvil verərək, aralarında yaranmış bu mübahisənin razılıqla həll edilməsinə çalışsa da, iddiaçı onun təklifləri ilə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx xxxx 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı –“alıcı”, Cavabdeh –“satıcı” olmaqla bağlanmış xx xxxxxxx 2018-ciil tarixli 2610/2018 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən “Satıcı” tərəfindən “Alıcı”ya “Baca tipi sulu fıltrenin - Tüstü filtrinin”satışı üzrə razılığa gəlinmiş və bu Müqavilənin predmetini “hazırkı Müqaviləyə Əlavələrdə (X2 və s. adlandırıla bilər) (bundan sonra - “Əlavələr”) göstərilən “Baca tipi sulu fıltrenin - Tüstü filtrinin” (bundan sonra -“Mal”) “Satıcı” tərəfindən “Alıcıya” satılması, “Alıcı” tərəfdən isə həmin malın qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir (1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Müqavilənin ümumi dəyəri bütün Əlavələrdə göstərilən qiymətlərin cəmini təşkil edir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Satıcı ilk 70 % avans ödənişindən (ödənişin qalan hissəsi mal təhvil verildiyi zaman həyata keçiriləcəkdir) sonra 3-5 həftə ərzində malların Alıcıya təhvil verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, əgər ödənişin həyata keçirilməsi gecikərsə, Alıcı Satıcıya hər gecikdirilmiş həftə üçün Müqavilənin ümumi dəyərinin 0,1% miqdarında cərimə ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Satıcı malları Alıcıya hazırkı Müqavilənin/Əlavələrin şərtlərinə uyğun olaraq tərəflər arasında razılaşdırılmış ünvana çatdırır. Həmin Müqavilənin 4-cü bəndinin tələblərinə görə, malı Müqavilədə/Əlavələrdə nəzərdə tutulan yerdə, tarixdə, çeşiddə, keyfiyyətdə və kəmiyyətdə Alıcıya təhvil-təslim aktı üzrə təhvil vermək (4.1.1-ci bənd) və Alıcıya malları istifadəyə yararlı vəziyyətdə, müəyyən edilmiş standartlara uyğun keyfiyyətdə və komplektləşmədə təqdim etmək (4.1.2-ci bənd) - Satıcının vəzifələri və ödəniş haqqını bu Müqavilədə müəyyən edilmiş ödəniş qaydasında və vaxtlı-vaxtında həyata keçirilməsini Alıcıdan tələb etmək isə (4.2.1ci bənd) - Satıcının hüquqları kimi və eyni zamanda, bu Müqaviləyə/Əlavələrə uyğun olaraq təhvil verilmiş malı qəbul etmək və ödəniş haqqını ödəmək (4.3.1-ci bənd) və Müqavilədə/Əlavələrdə nəzərdə tutulduğundan fərqli keyfiyyətdə, sayda mal verildiyi aşkar edildikdən 15 gün ərzində Satıcıya bu barədə bildiriş göndərmək (4.3.2-ci bənd) – Alıcının vəzifələri və Satıcı bu Müqaviləyə/Əlavələrə uyğun yerdə, tarixdə, kəmiyyətdə, keyfiyyətdə və çeşiddə Mal vermədikdə, Alıcı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməklə, öz seçimi ilə bu Müqaviləyə xitam verib Malı qəbul etməkdən imtina edə bilər və ya uyğun olmayan Malı öz təyin etdiyi müddət ərzində müvafiq kəmiyyət, keyfiyyət və çeşidə cavab verən Malla Satıcıdan əvəz edilməsini, Mal ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək (4.4.1-ci bənd) – Alıcının hüquqları kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, hazırkı Müqavilə xx xxxxxx 2019-ci il tarixədək qüvvədədir. Həmin Müqavilənin 7-ci bəndinə əsasən, əgər Malların çatdırılması gecikərsə, Satıcı Alıcıya hər gecikdirilmiş həftə üçün Müqavilənin ümumi dəyərinin 0,1% miqdarında cərimə ödəyir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli 2610/2018 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş X1 və digər sənədlərə əsasən müəyyən olunur ki, məlum Alqı-Satqı Müqaviləsi üzrə satılacaq 10000 m3/h-lik “Baca tipi sulu fıltrinin - Tüstü filtrinin” ümumi qiyməti 11500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli ƏİA/2 seriyalı 250949 nömrəli mədaxil qəbzindən görünür ki, “alıcı” İddiaçı oğlu ilə Cavabdeh arasında qiyməti 11500 manat məbləğində olan bir ədəd “Baca tipli sulu filtirnin”alqı-satıqısı üzrə alıcı İddiaçı oğlu tərəfindən 8000 manat məbləğində pul ödənmişdir. Lakin, məhkəmə araşdırması zamanı İddiaçı oğlunun və Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə izahatları ilə müəyyən edilmişdir ki, məlum Qəbzdə 8000 manat məbləğində pulun ödənildiyi qeyd olunsa da, əslində faktiki olaraq 7000 manat məbləğində pul ödənmiş və tərəflər xx xxxxxxx 2018-ciil tarixli 2610/2018 nömrəli Alqı- Satqı Müqaviləsi üzrə avans olaraq xx xxxxxxx 2018-ci ildə cəmi 7000 manat məbləğində pulun ödənilməsini mübahisələndirməmişlər. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı qərara əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-ciil tarixli 2610/2018 nömrəli Alqı-satqı Müqaviləsinin tələblərinə uyğun olaraq qiyməti 11500 manat məbləğində olan bir ədəd “Baca tipi sulu fıltrinin - Tüstü filtrinin”alınması üçün alıcı İddiaçı tərəfindən həmin Müqavilədə nəzərdə tutulan 11500 manat məbləğində pul vəsaitinin cəmi 7000 (yeddi min) manat məbləğixx xxxxxxx 2018-ci ildə avans olaraq satıcı Cavabdeh MMC-yə ödənilmiş olsa da, Müqavilədə nəzərdə tutulan bir ədəd “Baca tipi sulu fıltri - Tüstü filtri” 3-5 həftə ərzində Satıcı tərəfindən Alıcıya təhvil verilməmiş və eləcə də, Müqavilədə nəzərdə tutulan həmin müddətdə qeyd olunan malın Satıcı tərəfindən Alıcıya real olaraq qəbul edilməsi üçün təklif olunması ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bununla əlaqədar iddiaçı (Alıcı) tərəfindən əvvəlcə hüquq-mühafizə orqanlarına şikayət olunsa da, həmin şikayət əsasında məlum mübahisə həll edilmədiyi üçün cavabdehə (Satıcıya) qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Hazırkı iddia ərizəsi üzrə məhkəmə proses başlandıqdan sonra, yəni xx xxxxxxxx 2020-ci ildə cavabdeh tərəfindən Müqavilədə nəzərdə tutulan avadanlığa uyğun avadanlıq iddiaçıya məxsus sahibkarlıq obyektinə təqdim edilsə də, sonuncu Müqavilə şərtlərinə uyğun olaraq vaxtında təqdim edilməmiş həmin avadanlığı qəbul etməkdən imtina edərək, iddia tələbini müdafiə etmişdir. Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış Müqavilədə nəzərdə tutulmayan müddətdə təhvil verilməyən müqavilə predmetinin sonradan təhvil verilməsi - Alıcı tərəfindən qəbul edildiyi halda - öhdəliklərin yerinə yetirilməsi kimi qəbul oluna bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 2610/2018 nömrəli Alqı-satqı Müqaviləsinin tələblərinə uyğun olaraq bir ədəd “Baca tipi sulu fıltrinin - Tüstü filtrinin” alınması üçün İddiaçı tərəfindən Cavabdeh MMC-yə əvvəlcədən cəmi 7000 (yeddi min) manat məbləğində pul ödənildiyi müəyyən edilmişdir. Ona görə də, 7000 manat məbləğində avans ödənişinin tutulmalı olmasının əsaslılığı təsdiq olunduğundan, “8000 manat avans ödənişinin tutulması” barədə iddia tələbi qismən təmin edilməli və həmin tələb üzrə iddiaçının xeyrinə cavabdehdən cəmi 7000 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 700 manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla həmin cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eləcə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki,iddianın “cavabdehin öhdəliyini icra etməməsi səbəbindən 11 saylı Regional Ekologiya və X3 tərəfindən tətbiq olunmuş inzibati cərimə məbləğinin əvəzi olaraq 3500 manat və ötən il yarım müddət ərzində sahibi olduğu “Alyans” şadlıq sarayı normal fəaliyyət göstərə bilmədiyinə görə vurulmuş maddi və mənəvi zərərin əvəzi 10000 manat pulun tutulması” hissəsi isə əsaslılığı sübuta yetmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən İddiaçı xeyrinə 7000 manat məbləğində avans ödənişi və 200 manat məbləğində cərimə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı cavabdehə, qalan 20 (iyirmi) manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7000 (yeddi min) manat məbləğində avans ödənişi, 200 (iki yüz) manat məbləğində cərimə və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 7210 (yeddi min iki yüz on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar