Məhkəmə qərarları › İş №e-2-2(119)-1278/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1278/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1278/2024 31.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verilmiş “pulun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 15 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20150 (iyirmi min yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış yazılı razılaşmaya əsasən iddiaçı tərəfindən 20000 manat məbləğində pul cavabdehə verilmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək həmin pulu qaytarmaqdan yayınmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçı iddianı müdafiə edərək izahatlarında bildirmişdir ki, 2012-ci ildə cavabdeh ona 20000 manat pul müqabilində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində birlikdə şərik olaraq işləməyi təklif etmiş, o da bununla razılaşaraq 20000 manat pul vermiş və cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində şərik olaraq işləməyə başlamışlar. Şərik olduqdan 2-3 ay sonra o, başqa işə görə təxminən 1 ay müddətində həmin qeyri-yaşayış sahəsinə gedə bilməmiş, qayıtdıqdan sonra görmüşdür ki, cavabdeh ondan xəbərsiz həmin qeyri-yaşayış sahəsini, malları sataraq pulu özünə götürmüşdür. Cavabdehdən ona çatmalı olan pulu tələb etdikdə isə verəcəyini bildirmişdir. Pulu vermədiyinə görə polis orqanına müraciət etmiş və cavabdeh dindirilən zaman 5500 manat məbləğində borcu olduğunu bildirmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi ona etdiyi ödənişlərin siyahısını əks etdirən ödəniş cədvəlində onun imzası yoxdur, ola bilsin ki, həmin sənəd özbaşına tərtib edilmişdir. Həmin cədvəldə qeyd edilmiş pulların ona ödənilib-ödənilməməsi ilə bağlı bildirir ki, qeyri-yaşayış sahəsinin fəaliyyətindən əldə edilmiş qazancdan ona təxminən 4000-5000 manat məbləğində ödəniş edilmişdir, lakin 20000 manat borca görə ödəniş edilməmişdir, yəni həmin ödənişlər borcla bağlı olmamışdır. O, cavabdehlə şərik olmaq üçün 20000 manat məbləğində pul vermişdir, yəni qeyd etdiyi kimi, o, qazanca şərik olmalı olmuş, aralarındakı razılığa əsasən həmin qeyriyaşayış sahəsi bağlananda isə verdiyi 20000 manat pulu götürməli idi, lakin ondan xəbərsiz həmin qeyri-yaşayış sahəsi satılmış, əldə olunan pul da cavabdeh tərəfindən mənimsənilmişdir. İddiaçı izahatlarında, həmçinin qeyd etmişdir ki, cavabdehin qardaşı oğlu 7-8 ay əvvəl onun yanına gələrək cavabdehlə aralarında olan mübahisə ilə maraqlanmış, o da ona bir müddət gözləyəcəyini, cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini qeyd etmişdir. 2017-ci ildə müvafiq polis orqanına müraciət etdikdən sonrakı dövrdə cavabdehdən borcun tələb edilib-edilməməsi ilə bağlı bildirir ki, cavabdeh borc məbləğini ödəyəcəyini vəd etmiş, son vaxtlarda dəfələrlə ona zəng etməsinə baxmayaraq, zənglərə cavab verməmişdir. Qeyd etdiyi kimi, təxminən 7 ay əvvəl cavabdehin qardaşı oğluna borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Cavabdehin qardaşı oğlu ona cavabdehin borc məbləğini ödəməyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra cavabdehin borcu ödəmək niyyətinin olmadığı ona məlum olmuşdur. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatlarında bildirmişdir ki, iddianın əsaslılığını təsdiq edən kifayət qədər sübutlar iş materiallarına əlavə edilmişdir. Tərəflər arasında bağlanmış 22 avqust 2012-ci il tarixli razılaşmanın mətnində müqavilə bağlandığı qeyd edildiyindən həmin razılaşma müqavilə xarakterlidir. Cavabdeh tərəfindən 20000 manat məbləğində borcun iddiaçıya qaytarıldığını sübut edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə cavabdeh təqdim olunan əlyazmada iddiaçının imzasının olmaması həmin sənədin mötəbərliyini şübhə altına alır. Həmçinin cavabdeh tərəfindən borc məbləğinin bir hissəsi etiraf edilmiş və borc məbləğini ödəmək üçün müəyyən qədər vaxt verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassız hesab edilməlidir. Belə ki, cavabdeh borc məbləğini ödəyəcəyini vəd etmiş, lakin sonradan borc məbləğini inkar etdiyinə görə, məhkəməyə müraciət edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının müraciəti əsasında 2017-ci ildə müvafiq polis orqanında araşdırma aparılmış, cavabdehin həmin polis orqanında verdiyi izahatdan da göründüyü kimi, o, iddiaçıya 20000 manat məbləğində borcu olduğunu təkzib etsə də, 5562 manat məbləğində borcunun olduğunu, pulu olan kimi həmin borc məbləğini ödəyəcəyini bildirmişdir. Bundan əlavə, tərəflər arasında bağlanan 2012-ci il tarixli müqavilədə 20000 manat məbləğində borcun hansı müddət ərzində qaytarılması qeyd edilməmişdir. İddiaçı cavabdehin vədlərinə inandığına görə, bir müddət gözləmiş, cavabdehin borc məbləğini ödəmək niyyətinin olmadığını bildiyi andan məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh iddianı qəbul etməyərək izahatlarında bildirmişdir ki, o və iddiaçı xx.xx.2012-ci il tarixdə müqavilə bağlayaraq şərik olaraq bir yerdə işləməyə başlamış, aralarındakı razılaşmaya əsasən, birgə fəaliyyətləri nəticəsində əldə edilən qazanc yarıbayarı bölünəcəkdi. Həmin müqavilədə qeyd edilmişdir ki, hansı tərəf müqaviləni pozarsa, hər iki tərəf öz qoyduğu pulu götürməlidir. İddiaçının onunla birlikdə işləmək üçün verdiyi tikinti materiallarının ümumi dəyəri 20000 manat təşkil etmişdir. 6 ay birlikdə işləmiş və həmin müddət ərzində əldə olunmuş qazancı yarı bölmüşlər. Sonradan iddiaçı ona kərpic zavodunda birlikdə işləməyi təklif etmiş, lakin o, 1 ay işlədikdən sonra həmin işdən uzaqlaşmışdır. Yəni şərik olduqları işdən qazandıqları gəlirləri iddiaçının işlətdiyi zavodun fəaliyyətinə xərcləmişlər. İş birlikləri baş tutmadığından iddiaçıya 20000 manat məbləğində borcu hissə-hissə ödəyəcəyini, buna görə də əlavə olaraq 5000 manat məbləğində faiz borcunun olduğunu və həmin məbləği də ödəyəcəyini bildirmişdir. 20000 manat məbləğində pulu ona qaytarmış, bununla bağlı ona hər hansı borcu yoxdur. Məhkəməyə təqdim etdiyi ödəmə cədvəlində iddiaçının imzasının olmamasının səbəbi barədə bildirir ki, əvvəlki dəftərlərdə iddiaçının imzaları var, sonuncu dəfə isə ona etibar etdiyindən imzalatdırmamışdır. Həmin cədvəldə qeyd edilmiş məbləğlərin cəmi 8500 manata bərabərdir və hər il jurnalı dəyişdiyinə görə, əvvəlki illərin jurnalı onda qalmamışdır. Amma borcu tam ödədiyini sübut etmək üçün məhkəmə iclasına 4 nəfər şahid gətirəcəkdir. Onun iddiaçıya 5500 manat məbləğində faiz borcunun olması ilə bağlı bildirir ki, o, cavabdehə həmin qeyri-yaşayış sahəsini işlətmədiyini, malları gəlib götürməsini və pulu olanda 5500 manat məbləğində faiz borcunu ödəyəcəyini bildirmişdir. İddiaçı isə ona məhkəməyə müraciət edərək 20000 manat tələb edəcəyini bildirmişdir. O, iddiaçı məhkəməyə müraciət edənə qədər faiz borcunun olduğunu və pulu olan kimi həmin borcu ödəyəcəyini bildirmiş, lakin iddiaçı məhkəməyə müraciət etdiyinə görə, Abşeron Rayon Məhkəməsində keçirilən ilk iclasdan etibarən faiz borcunu ödəməyəcəyini demişdir. O, iddiaçıya xeyli miqdarda xeyir vermiş, lakin iddiaçı ona zərər vurmuşdur. Şərik həm xeyirə, həm də ziyana ortaq olmalıdır. O, həmin mağazada həyata keçirdikləri fəaliyyət nəticəsində 63000 manat məbləğində pul itirmişdir. Bundan əlavə, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə verdiyi izahatda iddiaçıya 5562 manat məbləğində faiz borcunun olduğunu qeyd etmiş və hazırda həmin izahatı verdiyini mübahisələndirmir, lakin həmin izahatda savadsızlığına görə faiz borcu olduğunu etiraf etmişdir. Əslində isə faiz borcunun heç bir hüquqi əsasının olmadığını düşünür, çünki faiz yalnız banklar kredit verərkən hesablana bilər. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh 10 sentyabr 2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə etiraz təqdim edərək, məhkəmədən iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan xx.xx.2012-ci il tarixli yazılı razılaşmaya əsasən iddiaçı tərəfindən 20000 manat pul Cavabdeh verilmiş, razılaşmada həmin pulun nə zaman qaytarılması barədə müddət yazılmamış və bu barədə şərt qoyulmamışdır. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron RPİ-nin Mehdiabad PB-nin xx.xx.2017-ci il tarixli qərarında təhqiqatda vermiş izahatında Cavabdeh qismən də olsa 5562 manat borcunun olmasını etiraf etmişdir və pulu olan kimi ödəyəcəyini bildirmişdir. İş üzrə sənədlərdən göründüyü kimi, cavabdeh borcu qismən də olsa etiraf etmiş və borcun qaytarılmasından indiyədək imtina etməmişdir, həmişə pulu ödəmək üçün vaxt istəmişdir. Belə olan halda həmin sənədlərdə pulun hansı müddətdə qaytarılması barədə qeyd-şərt olmadığı üçün tərəflər arasında öhdəliklər üzrə iddia müddəti tədbiq edilə bilməz və iddiaçının cavabdehdən pulun tələb etmək ücün iddia müddəti bitməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddiaçının nümayəndəsinin etirazını, cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 22 avqust 2012-ci il tarixli müqavilənin məzmununda qeyd edilmişdir ki, yazıb bildiririk ki, bu müqaviləni bağlamaqda məqsədimiz odur ki, Mehdiabadda yerləşən tikinti materialları arendaya götürüb işlətmək məqsədilə X1 və Cavabdeh arasında ortaq olmaq məqsədilə müqavilə bağlayırıq. Hər hansı tərəf şərtləri pozsa, müqavilə qeyri-qanuni olacaq. Şərtlər bundan ibarətdir ki, yəni götürdüyümüz maqazində hal-hazırda göstərilən miqdar (63021) budursa tərəfin qoyduğu miqdar (20000) uyğunlaşdırılıb və razılığa gəlmişik və hər kim tərəfindən pozularsa əgər onda həmin miqdar hər kəsin özünə çatdırılacaq. Tərəflər tərəfindən oxunuldu və razılığa gəldilər. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin təhqiqatçısı tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 12 mart 2017-ci il tarixli qərarın məzmunundan görünür ki, hazırkı iddiaçının şikayəti ilə əlaqədar toplanmış material üzrə cavabdehin əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında həmin qərarın məzmununa əsasən cavabdeh izahatında bildirmişdir ki, “İddiaçıla 2010-cu ildə tanış olmuşdur. Emilin sement alveri ilə məşğul olduğunu görüb ondan özünün işlətdiyi Mehdiabad qəsəbəsində yerləşən tikinti materialları dükanına sement gətirməsini xahiş etmiş, onlar razılaşdıqları üçün o, Emillə şərik olmaqla dükanı birlikdə işlətməyə başlamışlar. Bundan sonra onun dükanında özünə məxsus 63000 manatlıq material olduğu üçün Emildə pul və materialla birlikdə 20000 manatla işə qoşulmuşdur. 6 ay işlədikdən sonra müəyyən məbləğdə Emilə pul vermiş, sonradan Emil şərikə kərpic zavod işlətməyi təklif etmiş, o razılaşaraq bir müddət işləmiş lakin sərf etmədiyi üçün işləməkdən imtina etmişdir. Bundan sonra Emil ona verdiyi 20000 manatı geri istəmiş, kərpic zavodunu işlədəcəyini demişdir. O da qaytarmağa pulu olmadığı üçün hissə-hissə aylıq 500 manat olmaqla pulu qaytaracağını demiş, Emildə onunla razılaşmışdır. O, Emilə 2150 manat nağd pul və 3000 manat dəyərində “Mercedes” markalı maşın vermişdir. O, Emilin 20000 manat borcunu tam olaraq qaytarmış, 5000 manat faiz borcu qalmışdır. Son zamanlar maddi vəziyyəti yaxşı olmadığı üçün Emilin faiz borcunu qaytara bilməmiş, buna görə də Emil onun barəsində şikayət etmişdir. O Emilə 20000 manatlıq pul və material borcunun olmadığını, ona ümumi 5562 manat borcunun olduğunu, pulu olan kimi borcunu ödəyəcəyini bildirmişdir”. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377 .1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 22 avqust 2012-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin məzmunundan və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan aydın olur ki, iddiaçı cavabdehin istifadəsində olan tikinti materiallarının satışı mağazasına 20000 manat məbləğində pul vəsaiti cəlb etməklə maya qoymuş və onlar sahibkarlıq fəaliyyətinə başlamış, lakin birgə fəaliyyətləri baş tutmamışdır. Bunun səbəbini iddiaçı şərik olduqdan 2-3 ay sonra başqa işə görə təxminən 1 ay müddətində həmin qeyri-yaşayış sahəsinə gedə bilməməsi, qayıtdıqdan sonra isə cavabdehin ondan xəbərsiz həmin qeyri-yaşayış sahəsini, malları sataraq əldə etdiyi pulu özünə götürməsi ilə izah etmiş, birgə fəaliyyətlərindən əldə edilmiş qazancdan ona təxminən 4000-5000 manat məbləğində ödəniş edildiyini, lakin mağaza bağlandıqdan sonra onun 20000 manat məbləğində pulunun qaytarılmadığını bildirmişdir. İşin bu halı ilə bağlı isə cavabdeh qeyd etmişdir ki, 6 ay birlikdə işləmişlər və həmin müddət ərzində əldə olunmuş qazanc yarıbayarı bölünmüş, daha sonra iddiaçı ona kərpic zavodunda birlikdə işləməyi təklif etmiş, şərik olduqları işdən qazandıqları gəlirlər iddiaçının işlətdiyi zavodun fəaliyyətinə xərclənilmiş, iş birlikləri baş tutmadığından 20000 manat məbləğində pulu iddiaçıya hissə-hissə olmaqla qaytarmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlə birgə fəaliyyətlərinə 2012-ci ildə 20000 manat məbləğində pul qoyulması işin mübahisəsiz halıdır və hər iki tərəfin izahatları ilə müəyyən edilir ki, ortaq kimi fəaliyyətləri ən çoxu 6 ay ərzində davam etmişdir. İddiaçı hazırkı tələbi ilə birgə fəaliyyət üçün qoyduğu və xx.xx.2012-ci il tarixli müqavilə ilə rəsmiləşmiş 20000 manat məbləğində pulu tələb edir, cavabdeh isə həmin pulu ödədiyini qeyd etməklə yanaşı, iddia müddətinin ötdüyünü göstərməklə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Mülki Prosessual Məcəlləyə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (MPM 373.2-ci maddə), iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (MPM 377.1-ci maddə), icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır (MPM 377.3-cü maddə). Tərəflər arasında bağlanmış müqavilənin məzmununda icra müddəti müəyyənləşdirilmədiyindən Mülki Prosessual Məcəllənin 377.3-cü maddəsinə əsasən, həmin müqavilə üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Başqa sözlə, hazırkı müqavilə üzrə iddia müddətinin axımı iddiaçının özünün izahatında qeyd etdiyi kimi “2012-ci avqust ayında şərik olduqdan 2-3 ay sonra başqa işə görə təxminən 1 ay müddətində həmin birgə fəaliyyət göstərdikləri qeyri-yaşayış sahəsinə gedə bilməməsi, qayıtdıqdan sonra isə cavabdehin ondan xəbərsiz həmin qeyri-yaşayış sahəsini, malları sataraq əldə etdiyi pulu özünə götürdüyünü” müəyyənləşdirdiyi andan artıq başlamışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehin barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə müraciət etmiş, həmin bölmənin təhqiqatçısı tərəfindən araşdırmanın aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 mart 2017-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, hazırkı iddiaçının şikayəti ilə əlaqədar toplanmış material üzrə cavabdehin əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Göründüyü kimi, iddia müddətinin axımının başlanğıcı cinayət təqibi orqanının iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsinin izah edildiyi 12 mart 2017-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan etibarən hesablandıqda, artıq həmin vaxtdan 3 ildən artıq müddət keçdiyindən iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, həmin qərarın məzmununda əks olunmuş izahatında cavabdeh iddiaçıya 20000 manat məbləğində borcunu tam olaraq qaytardığını və ona 20000 manat məbləğində pul və material borcunun olmadığını qeyd etmişdir. Başqa sözlə, iddiaçı hazırkı iddia ərizəsində tələb etdiyi məbləğin cavabdehin həmin məbləği ona ödəməsi barədə izahatı ilə tanış olmuş, yəni həmin borcla bağlı cavabdehin mövqeyi ona tamamilə aydın olmuş və cinayət təqibi orqanı tərəfindən ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmiş, yəni özünün ehtimal etdiyi hüququnun pozulması ona 2017-ci ildən etibarən bir daha məlum olsa da, o, vaxtında iddia irəli sürməmişdir. Məhkəmə iddiaçının iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsi barədə göstərdiyi dəlillərlə razılaşmır. Həmin dəlillərdən biri tərəflər arasındakı razılaşmada həmin pulun nə zaman qaytarılması barədə müddətin göstərilməməsinin iddia müddətinin axımının başlanmamasına səbəb olması barədədir. Bu halla bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, mülki-prosessual qanunvericilik icra müddəti müəyyənləşdirilmiş öhdəliklər və icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının başlanması anını fərqləndirmiş və bunlarla bağlı fərqli qaydalar nəzərdə tutmuşdur (MPM 372.2-ci və 372.3-cü maddələr). Yəni öhdəliyin tələbetmə məqamının həmin öhdəliyin məzmununda nəzərdə tutulmaması bu öhdəlik üzrə iddia müddətinin axımının başlanmasına maneə olan hal hesab edilə bilməz. Etirazın digər dəlili isə bundan ibarət olmuşdur ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdeh qismən də olsa 5562 manat məbləğində borcunun olmasını etiraf etmiş, pulu olan kimi ödəyəcəyini bildirmiş, həmçinin iş üzrə sənədlərdən göründüyü kimi, cavabdeh borcu qismən də olsa etiraf etmiş və borcun qaytarılmasından indiyədək imtina etməmişdir. Etirazın bu dəlili ilə bağlı məhkəmə təkrarən qeyd edir ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 mart 2017-ci il tarixli qərarın məzmunundan görünür ki, cavabdeh iddiaçıya 20000 manat məbləğində borcunu tam olaraq qaytardığını və ona 20000 manat məbləğində pul və material borcunun olmadığını qeyd etmiş, 5000 manat məbləğində isə faiz borcunun qaldığını bildirmişdir. Yəni cavabdeh 2017-ci ildə aparılmış araşdırma zamanı hazırkı iddia ilə tələb edilən 20000 manat məbləğində borcunun olmasını inkar etmişdir. Tərəflər arasında “faiz borcu”nun hansı əsasla mövcud olması isə iş materialları ilə öz təsdiqini tapmadığından, o cümlədən iddia ərizəsində də cavabdehdən həmin məbləğdə “faiz borcu” tələb edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin 5000 məbləğində faiz borcunun olması barədə izahatında göstərdiyi hal hazırkı iddia ilə tələb edilən borcun “qismən etirafı” hesab edilə bilməz və buna əsasən iddia müddətinin ötürülməməsi barədə dəlil tamamilə əsassızdır. Həmçinin nəzərə alınmalıdır ki, bu, hətta etiraf olaraq qəbul edilmiş olarsa belə, Mülki Prosessual Məcəllənin 380.1-ci və 380.2-ci maddələri baxımından iddia müddətinin ötürülməməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırkı iddia ərizəsi mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən, yəni həmin müddət ötürülmüş olduğundan iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “pulun tutulması" tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar