Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1327/2024 10.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilə üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 22 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 21 dekabr 2021-ci il tarixli 122358 nömrəli dalan dəmir yolunda xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə iddiaçı tərəfindən 2023-ci ilin aprel, may, iyun, iyul və noyabr ayları ərzində dalan dəmir yolunda xidmətlərin göstərilməsinə görə hesablanmış 133686,51 (yüz otuz üç min altı yüz səksən altı manat, əlli bir qəpik) manat məbləğində borc, 13368,65 (on üç min üç yüz altmış səkkiz manat, altmış beş qəpik) manat məbləğində cərimə və 438 (dörd yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 147493,16 (yüz qırx yeddi min dörd yüz doxsan üç manat, on altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış dalan dəmir yolunda xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən iddiaçı Sumqayıt stansiyasında əvvəlcədən razılaşdırılmış qoyuluş yoluna vaqonların verilib-götürülməsini, zərurət yarandığı təqdirdə cavabdehin yazılı müraciəti əsasında cavabdehə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonların verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (eyni vaxtda verilən vaqonların yükləməboşaltma sahəsinə verilməsi, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması və s.) həyata keçirilməsi xidmətini yerinə yetirməyi, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində iddiaçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan 21 dekabr 2021-ci il tarixli 122358 nömrəli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilənin “Müqavilənin predmeti” adlanan bölməsinə əsasən, icraçı (iddiaçı "xxxx" QSC) Sumqayıt stansiyasında əvvəlcədən razılaşdırılmış qoyuluş yoluna (dəmir yolunun ayrıldığı yoldəyişdiricinin qarşısına) vaqonların verilib-götürülməsini, zərurət yarandığı təqdirdə isə sifarişçinin (Cavabdeh MMC-nin) yazılı müraciəti əsasında sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləməboşaltma sahəsinə vaqonların verilib-götürülməsini ve dalan dəmir yolunda digər əlavə manevr işlərinin (eyni vaxtda verilən vaqonların yükləmə-boşaltma sahəsinə verilməsi, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması və s.) həyata keçirilməsi xidmətini yerinə yetirməyi, sifarişçi isə müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, göstərdiyi xidmət müqabilində sifarişçidən xidmət haqqının ödənilməsini tələb etmək icraçının hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin öhdəliyidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş xidmət haqqı icraçı tərəfindən hər hesab-fakturanın sifarişçiyə təqdim edilməsindən etibarən 5 bank günü ərzində sifarişçi tərəfindən köçürmə yolu ilə icraçının bank hesabına ödənilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, elektron qaimə təqdim edilməsi təmin edilməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələrinin yerinə yetirməməsinə, habelə öhdəliklərin yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərinin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərərin əvəzini ödəyirlər. Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə sifarişçi hər gecikdirilmiş gün üçün icraçıya ödənişi gecikdirilmiş məbləğin 0,1%-i dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbiaği xidmət haqqının ümumi dəyərinin 10%-dan çox olmamalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin aprel ayında 5245,69 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 04 may 2023-cü il tarixli EBDE seriyalı 942891 nömrəli, 2023-cü ilin may ayında 1241,36 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 06 iyun 2023-cü il tarixli EBDH seriyalı 160082 nömrəli, 2023-cü ilin iyun ayında 2773 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 27 iyul 2023-cü il tarixli EBDK seriyalı 767090 nömrəli, 2023-cü ilin iyul ayında 6704,66 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 04 avqust 2023-cü il tarixli EBDL seriyalı 390830 nömrəli və 2023-cü ilin noyabr ayında 117721,79 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 05 dekabr 2023-cü il tarixli EBDU seriyalı 242014 nömrəli elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-xx.xx.2023-ci il ərzində "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən "X2 X1" MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 14 may 2024-cü il tarixli 13-1/3-68-10837/2024 nömrəli arayışdan görünür ki, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli 122358 nömrəli müqaviləyə əsasən 133686,51 manat borc, 13368,65 manat məbləğində hesablanmış cərimə olmaqla, cəmi 147055,16 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehə göstərilmiş 1241,36 manat dəyərində olan xidmətlə əlaqədar 04 iyun 2023-cü il tarixli İNV23-21109 nömrəli, 2773 manat dəyərində olan xidmətlə əlaqədar 01 iyul 2023-cü il tarixli İNV21500 nömrəli hesab-fakturalar iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli 80 nömrəli hesablaşma hesabı sənədindən 6704,67 manat, 30 noyabr 2023-cü il tarixli 143 nömrəli hesablaşma hesabı sənədindən isə 117721,79 manat dəyərində iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərildiyi müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 21 dekabr 2021-ci il tarixli 122358 nömrəli podrat və yük daşınması müqavilələrinin elementlərindən ibarət olan dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilə bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı cavabdehin sifarişləri əsasında dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonların verilib-götürülməsi və dalan dəmir yolunda digər əlavə manevr işlərinin görülməsindən ibarət olan müqavilə öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuş, nəticədə onun iddiaçıya 133686,51 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 122358 tarixli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 133686,51 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin cavabdehdən 13368,65 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 5.1-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 13368,65 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 6700 (altı min yeddi yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 438 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 15 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 438 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 430,39 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 21 dekabr 2021-ci il tarixli 122358 nömrəli dalan dəmir yolunda xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 133686,51 manat məbləğində borc, 6700 manat məbləğində cərimə və 430,39 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 140816,9 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 21 dekabr 2021-ci il tarixli 122358 nömrəli dalan dəmir yolunda xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 133686,51 (yüz otuz üç min altı yüz səksən altı manat, əlli bir qəpik) manat məbləğində borc, 6700 (altı min yeddi yüz) manat məbləğində cərimə və 430,39 (dörd yüz otuz manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 140816,9 (yüz qırx min səkkiz yüz on altı manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1327/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1327/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver