Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2274/2024 29.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək razılaşma əsasında ödənilməli olan 85 aylıq 510 (beş yüz on) manat məbləğində borc və qeydiyyatdan çıxma aktının qarşılığı qismində 35 (otuz beş) manat olmaqla, cəmi 545 (beş yüz qırx beş) manat məbləğində pul vəsaitinin, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçının sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində göstərilən tələbini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində tərəflər arasında razılaşma əsasında ödənilməli olan 85 ay abunə borcuna görə 510 manat məbləğində və qeydiyyatdan çıxma aktına görə 35 manat məbləğində pul tutulmasını xahiş etsə də, istinad etdiyi razılaşmanı (və ya müqaviləni) iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə”də hazırkı iddia ərizəsi üzrə iddiaçının da aid olduğu Servis texniki xidmət mərkəzlərinin və hazırkı iş üzrə cavabdehin aid olduğu nəzarət-kassa aparatlarının istehlakçılarının hüquq və vəzifələri, fəaliyyət qaydası nəzərdə tutulmuşdur (Bu akt “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə ləğv edilmişdir). Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən, servis texniki xidmət mərkəzi nəzarətkassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilən qərarında da göstərildiyi kimi, da servis texniki xidmət mərkəzinin funksiyasını yerinə yetirən iddiaçının istehlakçılarla münasibətlərini öz funksiyalarını müqavilə əsasında yerinə yetirməli olması qeyd edilmişdir. İddiaçı özü də iddia ərizəsinin məzmununda öz tələbini “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbi” adlandırmışdır. Buna baxmayaraq tələbinin əsaslandığı və tələbin əsaslığını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Beləliklə, Mülki Prosessual Məcəllənin qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə İddiaçı MMC tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264 və 284-1- 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2274/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2274/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver