Məhkəmə qərarları › İş №e-2-2(119)-1285/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1285/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1285/2024 28.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı 15 iyul 2024-cü il tarixdə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.109000 (bir milyon yüz doqquz min) manat pul vəsaitinin, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 1345 (min üç yüz qırx beş) manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2020-ci ilin dekabr ayında dostu vasitəsilə tanış olaraq, tərəflər bir neçə dəfə görüşüb söhbət etmişdir. Həmin görüşlər zamanı Cavabdeh özünü istehsalatla məşğul olan şəxs kimi təqdim etmişdi, böyük şirkətlərlə (Azza, Bolluq, Diamed və s) çalışdığını, lakin həmin şirkətlərlə daha səmərəli işləmək üçün investra ehtiyac olduğunu, (300.000 dollar) yatırım edib onunla ortaq bizneslə fəaliyyət göstərmək və 49% şirkətin təsis paycısı olmağı təklif etdi. Bu arada o, özünün və atasının maddi durumunu göstərmək (iddiaçını inandırmaq) üçün iddiaçını Quba rayonuna dəvət edib atasının Qəçreş qəsəbəsində yerləşən “Aynur” restoranını, Qubada olan atasına məxsus obyektləri göstərdi və tərəflər cavabdehin atasına məxsus “Aynur” restoranında naharda etdi. Bu hərəkətləri ilə Cavabdeh özünün iş adamı olduğuna iddiaçını inandırdı. İddiaçı Cavabdeh tanımadan və onun fəaliyyətdə olan şirkətin Audit hesabat analizini etmədən onun təklifi ilə razılaşmışdı. Həmin məbləğdən 150.000 ABŞ dolları pul vəsaitini ilk dəfə, bir müddət sonra isə əlavə olaraq 150.000 ABŞ dollarını qısa müddət ərzində Cavabdeh hissə-hissə verilmişdir. İddiaçı bir müddət Cavabdehlə fəaliyyət göstərdikdən sonra, onun (həm fiziki həm huquqi şəxs kimi) külli miqdarda banklara və fərdi şəxslərə borcları olduğunan onu tələyə saldığını anlayıb. Lakin, iddiaçı bundan xəbərsiz olduğu üçün ona inanmışdır. Yuxarıda qeyd edilən məbləğləri iddia tərəfindən verildiyi üçün iddiaçının geri dönmə şansı qalmamışdı. Ona görə də, o iddiaçıdan əlavə pul vəsaiti istəyəndə iddiaçı məcbur qalaraq işi davam etdirmək üçün cavabdehə əlavə olaraq 100.000 (yüz min) ABŞ dolları və sonralar 279.000 manat pul vəsaiti vermiş (verilən məbləğlərdən hətda bir hissəsini iddiaçının şəxsi adından şirkətə Paşa bank filialı vasitəsi ilə borc müqaviləsi əsasında yatırmışdır). Ona verilən bu pulların bir hissəsinə o öz adınan şirkətin hesabına yatırıb türkiyədən köhnə avadanlıqlar aldı, digər hissəsinə şirkətin “Paşa Bank”a olan 90.000 manat borcuna, Kapital bankda olan faktorin borclarına və bir çox fiziki şəxlərə olan borclarını ödədi və paralel olaraq o, borclarını düşünmədən dəbdəbəli, tüfeyli həyat sürür, şirkətin balansından, müştərilərdən gələn pulları istədiyi kimi götürərək xərcləyir və bunu normal hesab edir və bu hərəkətlə şirkətin öhdəliklərinə, maaş ödəmələrinə, xammalın alınmasına mənfi təsir göstərirdi. Cavabdeh iddiaçıya küllü miqdarda borcu ola-ola o, Şirkətin hesabınan 120.000 manat götürərək Nardaranda yerləşən Sibriz yaşayış komleksindən özünə ev aldı və bunula da aralarında danışılan qaydaları pozmuşdur. Bu səbəbdən axrıncı dəfə aralarında yaranan mubahisə zamanı o, ona məxsus fəaliyyət göstərdikləri obyekti bağlayıb iddiaçıya ultimatım qoyub, tələb etdiki o istədiyi qədər şirkətdən pul götürüb şəxsi xərcləri üçün xərcləyə bilər və hətda 7-8 idmançı muzdla iddiaçıya hədə-qorxu gəlməyə başlamış və o, öz istədiklərini həyata keçirərək iddiaçını bezdirib işdən uzaqlaşmağına nail oldu. İddiaçı 8 ay sürən birgə fəaliyyətləri zamanı Bəhramın biznesdən anlayışı olmadığını, hamını aldadaraq dələduzluq edib əldə etdiyi pulları içkiyə, dəbdəbəli restoranlara xərclədiyini görərək onunla aralanmağa qərar vermiş və 2-3 gün ərzində mühasiblərinin köməyi ilə Bəhramla hesabatlar aparıb iddiaçının şirkətə yatırdığı vəsaitin geri qayıtma mexanizimini müəyyən ediblər. xx.xx.2021-ci il tarixdə razılaşdırılmışdır ki, iddiaçının yatırdığı vəsaitlərə alınan avadanlıqlar (735.000 manat dəyərində) dəyərəndirilsin və iddiaçıya geri qaytarılması üçün iddiaçının adına sənədləşdirilsin, alqı-satqı edilsin. Hətda bununla bağlı Berc hüquq şirkətinin əməkdaşları tərəfindən hazırlanan, lakin uzun sürən müzakirələrdən sonra Bəhramın imzalamaqdan boyun qaçırdığı sənədlər də hazırlandı. Razılaşmaya və hesabata əsasən yerdə qalan borc (375.000 manat dəyərində) müəyyən edilərək iddiaçıya onun tərəfinən ayda 30.000 (otuz min) manat ödənilmə şərti ilə 12 ay ərzində hissə-hissə ödənilməsi qeyd olunmuşdur. Bu razılaşmaya əsasən o, iddiaçıya xx.xx.2022-ci il tarixindən ödəmə etmək əvəzinə iddiaçıya qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həqiqəti əks etdirməyən, şər və böhtan xarakterli ərizə yazmaqla iddiaçıya (ona hədə qorxu və təhdid ediliyini vurğulayaraq) qarşı şikayət etdi. Həmin idarənin müstəntiqi tərəfinən araşdırılma aparılaraq ifadələri alınandan sonra onlara aydın oldu ki, Bəhram iddiaçıya borcunu ödəməmək üçün bu yola əl atıb. Lakin, o, iddiaçının təqdim etdiyi sübutlar qarşısında çarəsiz qalaraq, həmin ərəfədə iddiaçıya 375.000 (üç yüz yetmiş beş min) manat borcundan 70.000 (yetmiş min) manatını ödədi, lakin yerdə qalan pul vəsaitini ödəməkdən yenədə boyun qaçırmağa çalışdı. İddiaçının yazdıqlarının təsdiqi olaraq, iddiaçıda Cavabdeh yazılarını təsdiq edən Whatsapp sosial şəbəkəsi vasitəsilə göndərdiyi səsli mesajları və digər sübutlar var. Əlavə olaraq, Cavabdeh ilə iddiaçı arasında təsis payının alqı-satqısına dair 12 mart 2021-ci il tarixli müqavilə də bağlanmışdır. Belə ki, həmin müqavilənin 1-ci bəndinə görə satıcı Cavabdeh Azərbaycan Respublikası 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********622400, hüquqi ünvanı AZ4001, Quba rayonu, Quba şəhəri, məh 22, VÖEN:**********, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan Nizamnamə kapitalının məbləği 10 manat (on manat) olan Nizamnamə kapitalındakı faizi 100% olan paydan 49 faizi alıcının, yəni iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçıya olan 1.109.000 (bir milyon yüz doqquz min) manat məbləğində borcunun ödənilməsini (verilməsini) Cavabdeh təklif edilmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, əgər 10 iyun 2024-cü il tarixədək 1.109.000 (bir milyon yüz doqquz min) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə təklifdən imtina edilsə və ya təklifdə göstərilmiş müddətdə (10 iyun 2024-cü il) ondan cavab alınmadıqda, həmin pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət olunacaqdır. Cavabdehin 735.000 (yeddi yüz otuz beş min) ABŞ dolları və 375.000 (üç yüz yetmiş beş min) manat pul vəsaitini bu günə kimi qaytarmamasına görə iddiaçı, onun yaşadığı və ayrı-ayrı vaxtlarda olduğu ünvanlara dəfələrlə getmiş, hətta hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin o, həmin pul vəsaitini iddiaçıya qaytarmaqdan müxtəlif bəhanələr gətirirək yayınır və nəticədə iddiaçını əmlakdan məhrum edir. Cavabdehin Whatsapp mesajlaşma sistemi vəsitəsilə iddiaçıya göndərdiyi səs yazılarında özü yuxarıda qeyd edilən məbləğdə iddiaçıya borclu olmasını etiraf edir. Qeyd olunanlara əsasən, Cavabdeh 1.109.000 (bir milyin dörd yüz doqquz min) manat pul vəsaitinin, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilən 1345 (min üç yüz qırx beş) manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır.

3. Daha sonra Cavabdeh nümayəndəsi Nümayəndə2 etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh Əliyev Bəhrəmlə münasibətləri sonuncunun katron, qutu istehsal edən "xxxx" MMC-yə şərik olmaq məqsədi ilə yaranıb və yalnız bu cəmiyyətin məşğul olduğu biznes üzrə olub. Nəticədə, Bayramov payın alqı-satqı müqaviləsi əsasında Əliyev Bəhrəmdən onun 100% payının 49%-ni satın almışdır və bu günədək də buna etiraz etmir, razıdır təsisçi olmağı ilə və təsis payının satılması və payının dəyərinin pulla və ya naturada bölünüb ona verilməsi haqda da heç bir cəhdlər göstərmir. Lakin, Bayramov faktiki olaraq mülki hüquq münasibətlərinin müstəqil subyekti olan cəmiyyətin əmlakını özbaşına bölüb və ayrıca bir şirkət adı altında bu avadanlıqlardan, xammaldan istifadə edir. Bunu onun özü Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi ərizəsində də bildirib. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 6(005)-214/2024 nömrəli qərarında (səh.2) Bayramovun ərizəsinə istinad olunub və ərizədə göstərilib ki, "Bundan sonra ona verdiyi pulları geri istəmiş və pulunun bir hissəsini o avadanlıq və xammal şəklində qaytarmışdır. Lakin, yerdə qalan 375.000 manat pulu isə 2022-ci ilin yanvar ayının 10- dan başlayaraq bir il ərzində qaytarmağa söz verdi.” Digər tərəfdən, məhkəməyə təqdim edilən Abşeron rayon Polis İdarəsinin 19 fevral 2022ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Bayramov izahatında özü bildirmişdir ki, "Avadanlıqların bir hissəsi həmin ərəfədə artıq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində idi. Bununla yanaşı həmin ərəfədə özü "Baku Poluqraphu” MMC təsis etmişdir. Həmin MMC-ni təsis edərək həmin ərəfədə orada işləməsinə baxmayaraq Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində olan avadanlıqlar şəriki olduğu "xxxx" MMC-nin balansındadır. İddia ərizəsində isə, Bayramov ******* manat pul tələb edir və bu məbləğə 375000 manatı da daxil edir. Lakin, elə həmin ərizədə də bildirir ki, 375000 manatın 70000 ona verilib. Lakin iddia ərizəsində tələb olunan pulların həqiqətdə hansı miqdarda olduğunun, nə vaxtlarda və hansı təsdiqedici sənədlərlə verildiyi haqda və bu məbləğə işlədikləri 2021-ci il ərzində əldə etdikləri mənfəəti də daxil edilib etmədiyi haqda heç sübut məhkəməyə təqdim edilməyib. Ən əsası isə, iddia ərizəsində göstərilir ki, Əliyev Bəhrəm iddiaçıya "yatırım edib onunla ortaq bizneslə fəaliyyət göstərməyə və 49 % şirkətin təsici payını almağı taklif etdi". Bundan sonra isə, iddiaçı özü bildirir ki "şirkətin audit analizini etmədən onun təklifi ilə razılaşdım. Yəni, iddiaçının kommersiya riskləri öz üzərində olduğu bir halda, bu bizneslə artıq özü məşğul olduğu bir halda, məhkəmə vasitəsi ilə əvvəlki vəziyyəti bərpa etmək istəyir, xərclədiyi və xərcləmədiyi, hətta qazanılmış və cəmiyyətə məxsus olub xərclənmiş pulları da tələb edir. İddiaçı tələblərini ona dəymiş ziyanla (MM-nin 21.1 -ci maddəsi) və eyni zamanda mülkiyyətçi özünü hesab edərək pulu mülkiyyəti kimi geri tələb edir (MM-nin 157.2-ci maddəsi). Başqa bir hüquqi əsaslarla iddia tələbləri əsaslandırılmayıb. Qanuna əsasən, zərərin yetirilməsini, zərərin həcmini və zərəri yetirən şəxsin təqsiri sübuta yetirilməlidir. İddiaçı isə bildirir ki, cəmiyyətdə pay alıb və işləyən biznesə şərik olub. Məhkəməyə təqdim edilən səyyar vergi yoxlaması aktından məlum olur ki, Bayramovun işə 2021-ci ildə daxil olmasından əvvəl, "xxxx" MMC-nin 2020-ci il üzrə dövriyyəsi 809130,01 manat olub. İstehsalat genişləndirildikdən sonra isə, 2021-ci il üzrə cəmiyyətin dövriyyəsi artıb olub 2278478,21 manat (akt səh.9,10). Yəni, zərərdən danışmaq olmur. Lakin, 2022-ci ilin əvvəlinə cəmiyyətin işi iddiaçıya görə tam dayanıb. İddiaçı tələb etdiyi pulu öz mülkiyyəti kimi tələb edirsə də, onda sübut etməlidir ki bu pulları ağzı bağlı qabda Əliyev Bəhrəmə saxlamağa verib. Bundan başqa, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, iddia tələbləri birbaşa fiziki şəxs kimi Əliyev Bəhrəmə qarşıdır. İşə kommersiya mübahisəsi kimi baxılmasının əsası isə o olmuşdur ki, Əliyev Bəhrəmin özü sahibkarlıqla məşğul olan fiziki şəxs qismində vergi orqanında qeydiyyata alınıb. Lakin, iddia ərizəsindən və iddiaçının izahatlarından aydın olur ki o, Əliyev Bəhrəm haqda danışanda yalnız onunla birlikdə "xxxx" MMC-də məşğul olduqları biznes sahəsində olan münasibətləri nəzərdə tutur. Əliyev Bəhrəmlə iddiaçı Bayramovun münasibətləri cəmiyyətdə payın iddiaçıya Əliyev tərəfindən satılması üzrə olub, birdə cəmiyyətin direktoru kimi cəmiyyəti təmsil edən məsul şəxslə şərikli biznes üzrə münasibətlər olub. Buna baxmayaraq, iddiaçı Bayramov iddia tələblərini fiziki şəxs kimi Əliyev Bəhrəmə qarşı yönəldib və ona münasibətdə Əliyevin təmsil etdiyi cəmiyyəti cavabdeh hesab etmir. İddiaçının cavabdehlə münasibətləri cəmiyyətdə payın satılması ilə bağlı Əliyev Bəhrəmlə, yəni mülki hüquq qanunvericiliyində nəzərdə tutulan insan fərdi kimi öz adından çıxış edən fiziki şəxslə olmuşdur. Bu münasibət kommersiya münasibətləri deyil. Cəmiyyətdə payın 49% -nin Bayramova satıldığını onun özü də təsdiq edir. Qeyd edilməlidir ki, satan şəxsin fərdi sahibkar olmasının bu alqı-satqıya heç bir təsiri yoxdur. Alqı-satqı müqaviləsində Əliyev fərdi sahibkar kimi qeyd olunmayıb. Yuxarıdakılara əsasən, fərdi sahibkar X1 qarşı iddiaçı Bayramovun iddia tələbləri əsassız hesab olunmalıdır və iddia təmin olunmamalıdır.

4. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə verərək, Cavabdeh 1.308.963,31 (bir milyon üç yüz səkkiz min otuz bir qəpik) manat pul vəsaitinin, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilən 1455 (min dörd yüz əlli beş) manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia və həmin idda ərizəsinə qoşma təqdim edilmişdir. Qarşlıqlı iddia ərizəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması nəticəsinə əsasən şirkətin 2021-ci il üzrə ümumi gəliri 2448530,38 manat olmaqla ona mənfəət vergisi olaraq 81617,68 manat hesablanmışdır. Belə olan halda həmin il üzrə şirkətin mənfəəti 408088,39 manat hesablanmışdır. Belə olan halda şirkətin qazandığı 408088,39 manatın 49%-i iddiaçıya çatmalı idi. Lakin, əldə edilmiş mənfəətin 49%-i Cavabdeh tərəfindən iddiaçıya verilməmişdir. O, bunu qarşılıqlı iddia ərizəsində də qeyd edir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək və nümayəndəsinin dediklərini təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh iddiaçının verdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib, şirkətə xərcləməyib. Şirkətin idarəsində iddiaçı iştirak etməyib. Cavabdeh iddiaçının ona verdiyi pulları etiraf edir. Bunun sübutlarından biri də, cavabdehin hüquq mühafizə orqanında iddiaçıya hər dəfə 10000 manat olmaqla 70000 manat verməyidir. Cavabdehin borcu olmasaydı, bu pulu iddiaçıya qaytarmazdı. İddiaçının verdiyi pulların şirkətin balansına daxil edilməsi ilə bağlı cavabdehin sübutu yoxdur. Qarşı tərəf səs yazılarında da bunu etiraz edir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. 19 dekabr 2024-cü il tarixli baxış iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini və tanışı vasitəsilə İddiaçı ilə 2020-ci ilin dekabr ayında tanış olduğunu, "xxxx" MMC-nin rəhbəri olduğunu bildirmişdir. Eyni zamanda qarşı tərəflə tanış olanda onun fəaliyyəti, şirkətin dövriyyəsi, neçə şirkətlə işlədiyi bəlli idi. İddiaçı dəvət edildi, o da gəlib şirkətlə tanış olduqdan sonra ortaqlıq təklif olundu. Nizamnamə kapitalının 49%-i İddiaçı satıldı. Bununla bağlı biznes alqı-satqısı edildi. Biznesin 49 faizini cavabdeh tərəfindən iddiaçıya satıldı. İddiaçı ona 49 faiz payın müqabilində pul verib. O pul da şirkətin hesabına yatırılıb. İddiaçı ondan tələb etdiyi 375000 manat məbləğində pulu özü hara xərclədiyini bilir. Cavabdehə əlbəəl pul verilməyib. İddiaçı şirkətə ortaq olanda şirkətin borclarını və problemlərini bilirdi. İddiaçı avadanlıqları götürüb apardığına görə cavabdeh şikayət ərizəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdi. Səs yazılarında 375000 manat pulun cavabdeh tərəfindən ödəniləcəyi barədə söz deyilməmişdir. İddiaçı şirkətə ortaq olandan sonra müəyyən yerlərə ödəniş oldu. Çünki şirkətin borcları var idi və iddiaçı bunu əvvəldən bilirdi. İddiaçı şirkətdə təmir işləri də aparırdı. İddiaçının cavabdehdən tələb etdiyi 375000 manat pul bu ödənişlərlə bağlıdır. Cavabdeh bu pulu iddiaçıya ödəmək məcburiyyətində deyil. Çünki pul cavabdehə xərclənməyib, şirkətə xərclənib. 8 ay ərzində şirkətin ******* manat həcmində dövriyyəsi olub. Cavabdeh İddiaçılə ortaq olana qədər mən 16-17 şirkətlə işləmişdi. O gəldikdən sonra şirkətlərin sayı daha da artmışdı. Lakin iddiaçı gedərkən biznesi və işçiləri də apardı. Firmanın fəaliyyəti dayandı. Firma dayanan kimi vergi orqanı tərəfindən səyyar və kameral vergi yoxlamaları aparıldı və cərimə yazıldı. Çünki avadanlıqlar yox idi. Vergi orqanının əməkdaşları avadanlıqları satdığını dedilər və iş vergi cinayətləri şöbəsinə getdi. Orada araşdırma aparılandan sonra avadanlıqların satılmadığı məlum oldu və firmaya 306000 manat vergi borcu yazıldı.

8. Cavandehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini, etirazda göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, pulun cavabdehə hansı əsasla verildiyi bəlli deyil. Pulun cavabdehə şəxsən verilməsinin də sübutu yoxdur. İddiaçı cavabdehin VÖEN-i olduğuna görə iddia ərizəsini bu məhkəməyə verib. Lakin pulu cavabdehdən fiziki şəxs kimi tələb edir, sahibkar kimi tələb etmir. Belə olan halda işə rayon məhkəməsində baxılmalıdır. Lakin cavabdeh münasibətlərdə firmanın direktoru kimi iştirak edib. Eyni zamanda cavabdeh hələ də firmanın təsisçisidir. Bu işdə cavabdeh kimi firma cəlb edilməli idi. Cavabdeh 375000 manatı firmaya xərcləyib. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri və səs yazılarını tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

10. Belə ki, iş materiallarından görünür ki, “satıcı” Cavabdeh və “alıcı” İddiaçı arasında 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə notariat qaydasında təsdiq edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “satıcı” Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan Nizamnamə kapitalının məbləği 10 (on) manat olan Nizamnamə kapitalındakı faizi 100 faiz olan paydan 49 faizini “alıcı” İddiaçı mülkiyyətinə verir.

11. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı alqı-satqı müqaviləsi təsdiq edildiyi gün müəssisədəki payını (hissəsini) alıcının mülkiyyətinə verir.

12. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli 3-13-6/2-9092/24 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Sumqayıt Kommersiya Məhkəməsinə ünvanladığı məktuba əsasən, İddiaçı 375.000 manat pulunun Cavabdeh tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti üzrə əvvəllər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, o, "xxxx" MMC-yə 400.000 ABŞ dolları və 279.000 manat investisiya qoyaraq həmin şirkətin təsisçisi Cavabdeh şərik olmuş, sonrakı müddətdə aralarında əldə edilən qazancın bölünməsi ilə bağlı narazılıq yarandığından İddiaçı şirkətə investisiya qoyduğu pulları geri tələb edən zaman Cavabdeh pulun bir hissəsini avadanlıq və xammal şəklində qaytarsa da, 375.000 manat borclu qaldığından İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı Cavabdeh tərəfindən İddiaçı 70.000 manat pulun ödənilməsi təmin edilmişdir.

13. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və İddiaçı ilə Cavabdeh arasında aparıldığı bildirilən danışıqları özündə əks etdirən səs yazıları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı ilə 370000 manat məbləğində borc müqaviləsi bağlamaq istədiyini etiraf etmişdir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenum Qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

15. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı tərəfindən 375000 (üç yüz yetmiş beş min) manat pul vəsaiti tərəflərin gələcəkdə birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl Cavabdeh verilmişdir.

16. İşin halları və həmçinin səs yazıları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 305000 (üç yüz beş min) manat məbləğində pul vəsaiti İddiaçı ödənilməmişdir.

17. Həmçinin, iş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif mallar alınmışdır.

18. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 1 ədəd Qatlama DEMAK-2014, 1 ədəd Qızılı Helderberg, 1 ədəd Kəsim Heidelberg 27786 56x82, 1 ədəd Titan İX Pedal Qutu kəsim 80x110, 1 ədəd Sıvama, 1 ədəd Laminasiya avadanlığı 1010 Somtaş Avto, 1 ədəd X2 Kod: 84411000, 1 ədəd Laminasiya xammal 14 ton, 1 ədəd C41R92-80 markalı, mühərrik nömrəsi 76778584, BAN nömrəsi A21R22L0136343, şassi nömrəsi X96C41R92L2818585, ağ rəngli, **-JY-*** dövlət nömrə nişanlı qazel "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balanasına götürülmüşdür. Həmin avadanlıqlar (dəzgahlar), xammal və avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olduğundan onların iddia ərizəsində göstərilən 1.308.963,31 (bir milyon üç yüz səkkiz min doqquz yüz altmış üç manat otuz bir qəpik) manat pul vəsaitinin tərkib hissəsi kimi qiymətləndirilərək Cavabdeh alınması əsassızdır. Eyni zamanda tərəflərin izahatlarına əsasən, cavabdeh tərəfindən avadanlıqlar (dəzgahlar), xammal və avtomobillə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur.

19. Məhkəmə iddia tələbinin “şirkətin qazancının yəni, 408088,39 manatın 49% hissəsinin iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalının 49 faizinə malikdir. Məhkəmə qeyd edir ki, indiki halda iddiaçı Nizamnamə kapitalının 49 faiz paya malik olaraq, bunu Nizamnamə kapitalının 51 faiz paya malik olan Cavabdeh tələb etmişdir.

20. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 2.5ci bəndinə əsasən, ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin “408088,39 manatın 49% hissəsinin iddiaçıya ödənilməsi” hissəsi tərəflər arasında olan şəxsi qazancların bölünməsi ilə bağlı deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xalis mənfəətinin iştirakçılar arasında olan nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülməsindən ibarət olduğundan və iddiaçı hazırda həmin Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnamə kapitalının 49 faizinə malik olaraq bunu Nizamnamə kapitalının 51 faizinə malik olan Cavabdeh tələb etməsi əsassızdır.

Tətbiq edilən hüquq

21. İş materiallarından görünür ki, pul vəsaitinin lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (VÖEN: **********) 305000 (üç yüz beş min) manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı tərəfindən 375000 (üç yüz yetmiş beş min) manat pul vəsaiti 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl Cavabdeh verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən pul tələbinin 375000 (üç yüz yetmiş beş min) manat hissəsi Cəmiyyətin Nizamnamə kapitalının 49 faizinə malik olmamışdan əvvəl Cavabdeh verilmişdir. Qeyd edilməlidir ki, həmin pul vəsaiti tərəflərin gələcəkdə birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün şəxsi münasibətlər əsasında verilmişdir. Daha sonra, 07 oktyabr 2024-cü il tarixli 3-13-6/2-9092/24 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Sumqayıt Kommersiya Məhkəməsinə ünvanladığı məktuba əsasən, 70000 (yetmiş min) manat pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı ödənilmiş, lakin 305000 (üç yüz beş min) manat pul vəsaiti isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.

23. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə, iddiaçı tərəfindən tələb olunan “şirkətin qazancının yəni, 408088,39 manatın 49% hissəsinin iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin pul tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xalis mənfəətinin iştirakçılar arasında olan nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən 1.308.963,31 (bir milyon üç yüz səkkiz min doqquz yüz altmış üç manat otuz bir qəpik) manat pul vəsaitinin tərkib hissəsi kimi qiymətləndirilən avadanlıqlar (dəzgahları), xammal və avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olduğundan onların 1.308.963,31 (bir milyon üç yüz səkkiz min doqquz yüz altmış üç manat otuz bir qəpik) manat pul vəsaitinin tərkib hissəsi kimi qiymətləndirilərək Cavabdeh alınması əsassızdır.

24. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 600 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 22 iyun 2024-cü il tarixli qəbzlə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə 600 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir.

27. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 600 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

29. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1455 (min dörd yüz əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış iddiaçı tərəfindən ödənilmiş 590 (beş yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur.

31. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (VÖEN: **********) 305000 (üç yüz beş min) manat məbləğində pul vəsaiti, habelə hüquqi yardımla bağlı ödənilmiş 600 ( altı yüz) manat məbləğində pul vəsaiti və 590 (beş yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 306190 (üç yüz altı min yüz doxsan) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

33. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

36. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh (VÖEN: **********) 305000 (üç yüz beş min) manat məbləğində pul vəsaiti, habelə hüquqi yardımla bağlı ödənilmiş 600 ( altı yüz) manat məbləğində pul vəsaiti və 590 (beş yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 306190 (üç yüz altı min yüz doxsan) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar