Məhkəmə qərarları › İş №e-2-2(119)-1280/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1280/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1280/2023 29.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı "borcun tutulması” tələbi barədə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Cavabdeh qarşı "borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə 03 iyul 2023-cü il tarixli MŞB/12/2023/00608 nömrəli Arayışla müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə mediasiya Sumqayıt 1 saylı Mediasiya Təşkilatında və yaxud, bu məhkəmənin ərazi yurisdiksiyasına aid olan hər hansı bir rayonda (şəhərdə) yerləşən Mediasiya Təşkilatında deyil, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı 12 saylı Mediasiya Təşkilatında keçirilmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, ilkin mediasiya sessiyası - tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında keçirilməlidir (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda mediasiyanın keçirilməli olduğu yerin seçilməsi - tərəflərin, yəni iddiaçı və yaxud cavabdehin ünvanları ilə deyil, mübahisə üzrə müraciət olunacaq məhkəmənin yerləşdiyi yerlə əlaqələndirilmişdir). Yəni, hazırkı mübahisə üzrə mediasiya prosesinin keçirilməsi üçün müvafiq Mediasiya Təşkilatının seçilməsi - “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. Bu halda isə iddia ərizəsi ilə birlikdə təqdim olunan 03 iyul 2023-cü il tarixli MŞB/12/2023/00608 nömrəli mediasiya Arayışı hazırkı mübahisə üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılan mediasiya hərəkətlərinin nəticəsi kimi qəbul oluna bilməz. Çünki, Azərbaycan Respublikası Mediasiya X1 28 dekabr 2022-ci il tarixli qərarına əsasən 28 dekabr 2022-ci il tarixindən etibarən Sumqayıt Kommersiya Məhkəməsinin yerləşdiyi Sumqayıt şəhərində Sumqayıt 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlamışdır. Eyni zamanda, məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdehə göndərilmiş 04 may 2023-cü il tarixli “Mediasiya prosesinin tətbiqi barədə Təklif”in özündə də cavabdehə - "bu təklifin 10 (on) iş günü ərzində qəbul edilmədiyi və ya mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlinmədiyi təqdirdə, təklifdə göstərilən mübahisə üzrə ilkin mediasiya sessiyası mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılacağı” da izah olunmuş və həmin “Təklif”də qeyd olunan 10 günlük müddət ərzində tərəflərin qarşılıqlı razılığı ilə hər hansı bir mediator və yaxud Mediasiya Təşkilatı seçilməmişdir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən ilkin mediasiya prosesinin həyata keçirilməsi məqsədilə “Təklif”də qeyd olunanlara və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Sumqayıt Kommersiya Məhkəməsinin yerləşdiyi Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt 1 saylı Mediasiya Təşkilatına deyil, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar - hazırkı mübahisə üzrə məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunaraq keçirildiyini təsdiq etmir. Ona görə də, Bakı 12 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən tərtib edilərək imzalanmış olan 03 iyul 2023-cü il tarixli MŞB/12/2023/00608 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayış – Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə Qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinin qaydalarına, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan “mediasiya prosesinin təşkil edilərək keçirilməsi” qaydalarına əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iş üzrə tərəflərin – yəni, iddiaçının və cavabdehin ünvanları göstərilməmişdir. Halbuki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) tərəflərin, yəni iddiaçının və cavabdehin ünvanları da göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə İddiaçı Cavabdeh qarşı "borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması - iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar