Məhkəmə qərarları › İş №e-2-2(119)-1305/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1305/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1305/2023 14.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi" barədə barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/31 nömrəli alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 40067,50 (qırx min altmış yeddi manat əlli qəpik) manat əsas borc, 7200 (yeddi min iki yüz) manat cərimə və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 47467,50 (qırx yeddi min dörd yüz altmış yeddi manat əlli qəpik) manatın Cavabdehndən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdə təsis edilmişdir. İddiaçı mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/31 nömrəli alqı-satqı müqaviləsi və onun əlavələrinə əsasən cavabdehə satılmış ümumi dəyəri 40067,50 (qırx min altmış yeddi manat əlli qəpik) manat olan malların dəyərini cavabdeh şirkət bu günədək ödəməmişdir. Qeyd olunan borcla bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli, 001 saylı “Qiymət razılaşma protokolu”, malların təhvili və ödənişi edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 625277 nömrəli elektron qaimə faktura imzalanmışdır. Cavabdeh hər iki sənədi- həm elektron qaimə fakturanı, həm də “Qiymət razılaşma protokolu”nu təsdiq etmişdir. Bundan başqa cavabdeh tərəfə xx.xx.2023-cü il tarixdə elektron qaydada pretenziya məktubu göndərilmiş, ancaq borcun ödənilməsi ilə bağlı heç bir hərəkət olmamışdır. Müqavilənin 5.3-cü maddəsinə görə ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ (40067,50*0,1/100= 40 manat, gecikdirilmiş gün – 180 gün*40= 7200 manat) üçün cərimə 7200 (yeddi min iki yüz) manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçınə ödəməli olduğu borc məbləğinin ümumi həcmi 47267,50 (qırx yeddi min iki yüz altmış yeddi manat əlli qəpik) manat təşkil edir. İddiaçı nümayəndəsi Nümayəndə 14 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iş yükü ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 13 mart 2023-cü il tarixli 23/31 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcını bu müqavilənin əlavələrində (Qiymət razılaşdırılma protokolu) qeyd olunmuş məhsulla tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini saıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri bu müqaviləyə əlavələrlə (Qiymət razılaşdırılma protokolu) müəyyən olunur. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrlə (Qiymət razılaşdırılma protokolu) müəyyən olunur. Həmin müqavilənin 5.3-cü maddəsinə görə ödənişlərin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 13 mart 2023cü il tarixli 23/31 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər satıcı tərəfindən ümumi dəyəri 40067,50 manat olan malın alıcıya təhvil verilməsi barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, 13 mart 2023-cü il tarixli 23/31 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə ümumilikdə 40067,50 manat dəyərində malların satılması ilə əlaqədar EBDB seriyalı 625277 nömrəli 13 mart 2023-cü il tarixli elektron qaimə təqdim olunmuşdur. Həmin qaimə tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün dövlət büdəsinə 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 13 mart 2023-cü il tarixli 23/31 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək 40067,50 (qırx min altmış yeddi manat əlli qəpik) manat dəyərində malları Cavabdehnə vermişdir. Lakin Cavabdeh həmin malların dəyərini ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya 40067,50 (qırx min altmış yeddi manat əlli qəpik) manat məbləğində borcu yaranmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “40067,50 (qırx min altmış yeddi manat əlli qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməli, Cavabdehndən 40067,50 (qırx min altmış yeddi manat əlli qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 7200 (yeddi min iki yüz) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 40067,50 (qırx min altmış yeddi manat əlli qəpik) manat məbləğində əsas borc və 500 (beş yüz) manat məbləğində cərimə tutularaq İddiaçınə ödənilməlidir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 211,7 (iki yüz on bir manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 179,70 (yüz yetmiş doqquz manat yetmiş qəpik) manat məbləğində (211,7 manat – 32 manat = 179,70 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 40067,50 (qırx min altmış yeddi manat əlli qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 32 (otuz iki) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 40799,50 (qırx min yeddi yüz doxsan doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 179,70 (yüz yetmiş doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar