Məhkəmə qərarları › İş №e-2-2(119)-1318/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1318/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1318/2025 03.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 40834 (qırx min səkkiz yüz otuz dörd) manat məbləğində əsas borcun, 8000 (səkkiz min) manat məbləğində penyanın və 237 (iki yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli, 001/010-2024 nömrəli alqı-satqı müqaviləsinə və təhvil-təslim aktlarına əsasən təhvil verilmiş ümumi dəyəri 40834 manat olan malların dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddia verilməmişdən öncə pretenziya qaydasına riayət edərək cavabdehdən 40834 manat borcunun və 8000 manat peniyanın ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh iddiaçıya cavab verməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli 001/010-2024 nömrəli alqısatqı müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri müqavilənin qüvvədə olduğu müddət ərzində sifariş olunmuş və alınmış malların ümumi dəyərinə əsasən Azərbaycan manatı ilə ödənilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın qiyməti və miqdarı, eləcədə çeşidi müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşması protokolları ilə müəyyənləşdirilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər müqavilə ilə bağlı yarana biləcək bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir və müqavilə üzrə hər bir alınan malın partiyası üçün hər gecikdirilən günə görə 1 % miqdarında penya tutulur. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 31 dekabr 2025-cı il tarixinədək qüvvədədir. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli 001/010-2024 nömrəli alqı-satqı müqaviləsi üzrə malların təhvil-təslim aktlarına əsasən 07 oktyabr 2024-cü il tarixdə 14812,4 manat dəyərində, 29 oktyabr 2024-cü il tarixdə 8535,2 manat dəyərində, 22 noyabr 2024-cü il tarixdə 10849,5 manat dəyərində, 14 dekabr 2024-cü il tarixdə 9560,72 manat dəyərində, 24 yanvar 2025-ci il tarixdə 9190,08 manat dəyərində, 06 mart 2025-ci il tarixdə 7901,3 manat dəyərində mal İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli malların alıcıdan qaytarılması barədə ********* nömrəli qaimədən görünür ki, alıcı Cavabdeh2 tərəfindən 20015,2 (iyirmi min on beş manat iyirmi qəpik) manat dəyərində mal İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə geri qaytarılmış, 40834 (qırx min səkkiz yüz otuz dörd) manat məbləğində qalıq borc qalmışdır. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, alıcı Cavabdeh2 tərəfindən təhvil təslim aktı üzrə alınmış 60849,2 (altmış min səkkiz yüz qırx doqquz manat iyirmi qəpik) manat dəyərində hazır mal-materialdan 20015,2 (iyirmi min on beş manat iyirmi qəpik) manat dəyərində mal-material İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə geri təhvil verilmiş və 01 aprel 2025-ci tarixinə olan qalıq borc 40834 (qırx min səkkiz yüz otuz dörd) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 07 oktyabr 2024-cü il tarixli 001/010-2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, tərəflərin imzaladıqları malların təhvil-təslim aktlarına əsasən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh2 60849,2 (altmış min səkkiz yüz qırx doqquz manat iyirmi qəpik) manat dəyərdə mal təhvil verilmiş, həmin malların 20015,2 (iyirmi min on beş manat iyirmi qəpik) manat dəyərində olan hissəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək qalan 40834 (qırx min səkkiz yüz otuz dörd) manat malın dəyərini iddiaçıya ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 40834 (qırx min səkkiz yüz otuz dörd) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 8000 (səkkiz min) manat məbləğində penyanın tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penyanın məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1500 (min beş yüz) manat məbləğində penya tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “237 (iki yüz otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 40834 (qırx min səkkiz yüz otuz dörd) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində penya və 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 42551 (qırx iki min beş yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ İddia qismən təmin edilsin. Cavabdeh2 40834 (qırx min səkkiz yüz otuz dörd) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində penya və 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 42551 (qırx iki min beş yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar