Məhkəmə qərarları › İş №e-2-2(119)-134/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-134/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-134/2022 15.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən 2.541 manat 20 qəpik (iki min beş yüz qırx bir manat iyirmi qəpik) əsas borcun, 127 (yüz iyirmi yeddi) manat faiz borcunun, vəkilə ödənilmiş 310 (üç yüz on) manat, mediasiya xərci 60 (altmış) manat və dövlət rüsumu üçün ödənilmiş 57 (əlli yeddi) manat olmaqla, cəmi 3.095 manat 72 qəpik (üç min doxsan beş manat yetmiş iki qəpik) pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında kommersiya işi başlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 14 noyabr 2019-cu il tarixli XM 0214 nömrəli xidmət müqaviləsindən görünür ki, İddiaçı MMC müqavilə şərtlərinə uyğun olaraq ölçmə vasitələrinin kalibrlənməsi, müqayisəli yoxlamadan keçirilməsi, keyfiyyətə nəzarət üzrə xidmət və digər yoxlama sınaq işlərini yerinə yetirməyi, Cavabdeh MMC isə yerinə yetirilmiş işlərin dəyərini ödəməyi öz öhdələrinə götürmüşdür. İş materiallarından görünür ki, 2020-ci ilin dekabr ayında tərəflər arasında 1297 nömrəli akt imzalanaraq Cavabdeh MMC-nin İddiaçı MMC-yə 2.541,72 manat qalıq borcunun olması təsdiq olunmuşdur. İş materiallarında olan 01.10.2021-ci il tarixli ödəniş tağşırığından görünür ki, İddiaçı MMC “Hümbətov və Partnyorları” Vəkil Bürosuna 310 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia ərizəsində istinad edilən hallar təqdim olunmuş sübutlarla təsdiqini tapır və buna görə iddia əsas borc və faiz borcu tələb olunan hissədə əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh MMC-dən 2.541,20 manat əsas borc, 127 manat faiz borcu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Eləcə də, iş üzrə çəkilmiş məhkəmə xərcləri- iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 310 manat və 60 manat məbləğində mediasiya xərci cavabdehə aid edilməli, cavabdehdən vəkilə hüquqi yardım göstərilməsinə görə ödənilmiş xidmət haqqının əvəzi olaraq 310 manat və ödənilmiş mediasiya xərcinə görə 60 manat alınaraq iddiaçıya verilməlidir. İddia tələbi ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57 manat məbləğdə pulun tutulmasına dair hissədə isə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə dövlət rüsumunun məbləği 49,78 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərci kimi isə 60 manat ödənilmişdir və buna görə də, məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Lakin iş materiallarından göründüyü kimi, ödəməkdən azad olunduğu halda iddiaçı tərəfindən 57 manat dövlət rüsumu ödənilmişdir ki, artıq ödənilən həmin 57 manat məbləğ cavabdehdən tələb oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 2.541,20 manat əsas borc, 127 manat faiz borcu, vəkilə hüquqi yardım göstərilməsinə görə ödənilmiş xidmət haqqının əvəzi olaraq 310 manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 60 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar