Məhkəmə qərarları › İş №e-2-2(119)-134/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-134/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-134/2025 07.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Agro Sell-Service” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində əsas borcun, 169979,92 (yüz altmış doqquz min doqquz yüz yetmiş doqquz manat doxsan iki qəpik) manat məbləğində cərimənin və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36852,42 (otuz altı min səkkiz yüz əlli iki manat qırx iki qəpik) manat məbləğində faiz borcunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 13 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya soya şrotunu satır, alıcı alınmış malın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə qüvvədə olduğu müddətdə satıcı kimi İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək alıcıya müqavilə üzrə malları təhvil vermişdir. Lakin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müqavilə üzrə aldığı malların dəyərini hazırkı vaxtadək Agro-Sell Service Məhdud Məsuliyyətli Cəmiyyətinə tam şəkildə ödəməmişdir. İddia ərizəsinə əlavə olunmuş qiymət razılaşma protokollarından görünür ki, alqı-satqı müqaviləsi üzrə müvafiq mallar cavabdeh X1 Cəmiyyətinə təhvil verilmiş, cavabdeh sözügedən protokolu imza və möhürlə təsdiq etmişdir. Lakin bugünki tarixədək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış malların dəyəri tam ödənilməmişdir. Müqavilə üzrə qismən ödəniş etmələrinə baxmayaraq cavabdeh tərəfindən təminat və öhdəliklərinə tam əməl olunmur, alqı-satqı müqaviləsi üzrə alınmış malların dəyərini ödəməkdən yayınır. Cavabdelə uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilən elektron qaimələrin siyahısından görünür ki, cavabdehin faktiki borcu 193175,80 manat, müqavilə üzrə hesablanmış cərimə 169979,92 manat təşkil edir. Mərkəzi bankın rəsmi saytında bank uçot dərəcəsi 7,75% müəyyən edilmiş, buna görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 36091,45 manat cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı nümayəndəsi Vəkil 24 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdehdən 193175,80 manat məbləğində əsas borcun, 169979,92 manat məbləğində cərimənin (illik 5%-lə hesablanmış 8049 manat, müqavilənin 6.1-ci maddəsinə əsasən hesablanmış 96587 manat əldən çıxmış fayda və 65343,02 manat zərər) və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36852,42 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil 07 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə satıcı İddiaçı arasında bağlanmış 13 may 2020-ci il tarixli AS 005/20 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı özünün mülkiyyətində olan “soya şrotu”nu bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq alıcının mülkiyyətinə verir, alıcı isə satılmış malların dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada, müddətdə və məbləğdə satıcıya ödəyir, əks halda alıcının təqdim edəcəyi bak zəmanəti əsasında bank tərəfindən satıcıya ödənilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən alıcı malların dəyərini təhvil-təslim aktının (və ya qaimənin) imzalandığı gündən başlayaraq 15 (on beş) təqvim günü ərzində satıcıya ödəməlidir və bu müddət hər bir təhvil-təslim aktı (və ya qaimə) üzrə ayrıca hesablanır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən alıcı satılmış malların dəyərini bu müqavilədə göstərilən vaxtda, qaydada və tam ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müxtəlif dəyərdə soya şrotunun satılması ilə əlaqədar olaraq xx.xx.2020xx.xx.2023-cü il tarixlərdə elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş müvafiq cədvəldən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçınə 24 oktyabr 2024-cü il tarixə əsas borcu 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat təşkil edir. İş materiallarında olan 13 may 2020-ci il tarixli AS 005/20 nömrəli alqı-satqı müqaviləsinin xx.xx.2020-ci il tarixli 1 nömrəli, xx.xx.2020-ci il tarixli 2 nömrəli, xx.xx.2020ci il tarixli 3 nömrəli, xx.xx.2020-ci il tarixli 4 nömrəli, xx.xx.2020-ci il tarixli 5 nömrəli, xx.xx.2020-ci il tarixli 6 nömrəli, xx.xx.2021-ci il tarixli 9 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli və xx.xx.2022-ci il tarixli 19 nömrəli qiymət razılaşma protokollarına əsasən müqavilə malların qiyməti ve miqdarı tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan Qanuni nümayəndə@sabgroup.az mail adresindən çıxarışda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə 193175,80 manat borc qaldığı qeyd olunmuş və həmin çıxarış Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 13 may 2020-ci il tarixli AS 005/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2020-xx.xx.2023-cü il tarixlərdə müxtəlif dəyərdə soya şrotu satılmış, cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödənişlər edilsə də, o müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 13 may 2020-ci il tarixli AS 005/20 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddianın tələbinin “169979,92 (yüz altmış doqquz min doqquz yüz yetmiş doqquz manat doxsan iki qəpik) manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi cərimə öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı cərimə tutulması tələbini irəli sürsə də, tərəflər arasında cərimə barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə cərimənin tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cərimənin tutulması hissəsində iddia rədd edilməlidir. Məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 36852,42 (otuz altı min səkkiz yüz əlli iki manat qırx iki qəpik) manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar