Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-135/2025 24.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1792,20 (min yeddi yüz doxsan iki manat iyirmi qəpik) manat məbləğində borcun və 38,40 (otuz səkkiz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 13 iyun 2023-cü il tarixli GARA- 29585-3506 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh istifadəsinə universal tipli, ban W0L0XCE**********, M.İ.H. 1346 sm3, tünd boz göy rəngli, buraxılış ili 2006-cı il, “X4” markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin BB № 422216 saylı şəhadətnaməsinə əsasən ** AV *** dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 13618,66 manat, ondan 7680 manat lizinqin məbləği, 1420 manat avans məbləği və 4518,46 manat lizinq verənin mükafatı təşkil etmiş və tərəflər arasında imzalanmış 14 iyun 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində Cavabdeh tərəfindən aylıq 339 manat ödənilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 13 avqust 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 523,88 (beş yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat əsas borc, 527,54 (beş yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat faiz borcu və 226,7 (iki yüz iyirmi altı manat yetmiş qəpik) manat dəbbə pulu, 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat sığorta haqqı və 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat “Yol hərəkəti qaydaları haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimə borcu olmaqla, cəmi 1792,20 (min yeddi yüz doxsan iki manat iyirmi qəpik) manat borc ödənilməmişdir. Daxili maliyyə lizinqi müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada 13 avqust 2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmışdır. Daxili maliyyə lizinqi müqaviləsinin 16.1-ci maddəsinə görə lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Cavabdeh həmin müqavilə qüvvədə olduğu müddətdə yol hərəkət qaydalarını pozmuş və buna görə də tətbiq edilən cərimələri ödəməmişdir. Cavabdeh eyni zamanda müqavilə şərtlərinə uyğun olaraq lizinq obyektini kasko sığorta etdirmək vəzifəsini də icra etməmişdir. Beləliklə, cavabdeh müqavilənin 10.2.8 və 10.2.10-cu bəndlərinin tələbini pozmuşdur. Həmin müqavilənin 9.1.6-cı bəndinə əsasən lizinq verənin lizinq obyektinin sığortalanması üzrə, 9.1.9-cu bəndinə əsasən isə yol hərəkəti qaydalarının pozulması ilə bağlı özünün çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etmək hüququ var. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 28 noyabr 2024-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 523,88 (beş yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 527,54 (beş yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz borcu, 226,07 (iki yüz iyirmi altı manat yeddi qəpik) manat məbləğində dəbbə pulu, 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat məbləğində sığorta haqqı, 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzinin və 38,40 (otuz səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Cavabdeh 523,80 (beş yüz iyirmi üç manat səksən qəpik) manat məbləğində əsas borc, 432 (dörd yüz otuz iki) manat məbləğində faiz borcu və 226,07 (iki yüz iyirmi altı manat yeddi qəpik) manat məbləğində dəbbə pulu, 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat məbləğində sığorta haqqı, 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzinin və 38,40 (otuz səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında 523,88 manat əsas borcu, 341,90 manat inzibati cəriməni qəbul etdiyini, sonradan nəqliyyat vasitəsi xarab olduğundan onu sürə bilmədiyi üçün 432 manat faiz borcu və 172,81 manat sığorta haqqı ilə razılaşmadığını bildirmişdir. O, maddi vəziyyəti pis olduğundan 226,07 manat dəbbə pulunun məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 iyun 2023-cü il tarixli GARA-29585-3506 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri: markası, modeli X4, tipi universal, rəngi tünd boz göy metallik, buraxılış ili 2006, ban nömrəsi W0L0XCE**********, mühərrikin həcmi 1364, qeydiyyat nişanı 77AV673. Həmin müqavilənin: - 2-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 13618,46 manat, lizinq verənin mükafatı 4518,46 manat, avans məbləği 1420 manat, lizinqin məbləği 7680 manat təşkil edir. - 9.1.6-cı bəndinə əsasən lizinq verən lizinq alandan bu müqavilə ilə şərtləndirilmiş qaydada və məbləğdə avansın və kasko sığorta üzrə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. - 9.1.9-cu bəndinə əsasən lizinq verən lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələr lizinq alan tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə lizinq alana lizinq obyektinin idarə edilməsi üçün yeni etibarnamənin verilməsindən imtina edə bilər. Bundan əlavə, lizinq verən lizinq alanı xəbərdar etmədən və onun razılığı olmadan lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələri öz hesabına ödəyə bilər və həmin ödənilmiş məbləği lizinq ödənişləri hesabına ödəmək hüququna malikdir. - 10.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. - 10.2.8-ci bəndinə əsasən lizinq müqaviləsində göstərilən şərtlərlə lizinq obyektini lizinq müqaviləsinin qüvvədə olduğu müddətə sığortalamaq və ya lizinq verənin kasko sığorta üzrə çəkdiyi xərci ən geci ilk lizinq ödənişi ilə birlikdə qaytarmaq lizinq alanın vəzifəsidir. - 10.2.10-cu bəndinə əsasən lizinq obyektinə aid olan bütün məsələlər və hallar barədə vaxtında məlumat vermək, lizinq obyektinin istifadəsi ilə bağlı yol hərəkət qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəmək lizinq alanın vəzifəsidir. - 16.1-ci bəndinə əsasən lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. İş materiallarında olan satıcı X1, alıcı-lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və lizinq alan Cavabdeh arasında bağlanmış 13 iyun 2023-cü il tarixli GARA- 29585-3506 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı lizinq alanı tərəfindən seçilmiş və “Opel Astra” minik markalı, universal tipli, tünd boz göy metallik rəngli, buraxılış ili 2006, ban nömrəsi W0L0XCE********** olan nəqliyyat vasitəsini alıcı-lizinq verənə satır, alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış haqqını satıcıya ödəyir. İş materiallarında olan satıcı X1, alıcı-lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və lizinq alan Cavabdeh tərəfindən imzalanmış 13 iyun 2023-cü il tarixli təhviltəslim aktından görünür ki, 13 iyun 2023-cü il tarixli GARA-29585-3506 nömrəli daxili maliyyə lizinq müqaviləsinə və 13 iyun 2023-cü il tarixli GARA-29585-3506 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən satıcı “Opel Astra” minik markalı, universal tipli, tünd boz göy metallik rəngli, buraxılış ili 2006, ban nömrəsi W0L0XCE**********, qeydiyyat nişanı 77AV673 olan nəqliyyat vasitəsini alıcı-lizinq verənin iştirakı ilə lizinq alana təhvil verir, lizinq alan isə həmin obyekti qəbul edir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh hər ay 339 manat olmaqla 36 ayadək, yəni 16 iyun 2026-cı il tarixədək cəmi 12198,46 (on iki min yüz doxsan səkkiz manat qırx altı qəpik) manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli lizinq obyektinin qaytarılma aktına əsasən “Opel Astra” minik markalı, universal tipli, tünd boz göy metallik rəngli, buraxılış ili 2006, ban nömrəsi W0L0XCE**********, qeydiyyat nişanı 77AV673 olan nəqliyyat vasitəsi lizinq alan tərəfindən lizinq verənə qaytarılmışdır. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, 13 iyun 2023-cü il tarixli GARA-29585-3506 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 15 oktyabr 2024-cü il tarixinə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 523,88 (beş yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat əsas borc, 527,54 (beş yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat faiz borcu, 226,07 (iki yüz iyirmi altı manat yeddi qəpik) manat dəbbə pulu, 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat sığorta haqqı, DYP cəriməsi üzrə 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat olmaql, cəmi 1790,20 (min yeddi yüz doxsan manat iyirmi qəpik) manat borcu vardır. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli **********72 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən “Opel Astra” minik markalı, qeydiyyat nişanı 77AV673 olan nəqliyyat vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində 9100 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan C49939074 nömrəli invoys sənədində göstərilir ki, **********72 nömrəli sığorta müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə C49939074 saylı hesaba əsasən 414,96 manat sığorta haqqı ödənilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 25 iyun 2024-cü il tarixli 001XOH********** nömrəli ödəniş sənədindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 01 sentyabr 2020-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən C49939074, C50218007 və digər saylı hesablara əsasən 11082,59 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan “ASAN ödəniş” sistemindən mədaxil qəbzlərindən görünür ki, yol hərəkəti qaydalarının pozulmasına görə 28 avqust 2024-cü il tarixdə **********67 nömrəli mədaxil qəbzinə əsasən 45,2 manat, **********23 nömrəli mədaxil qəbzinə əsasən 64 manat, **********53 nömrəli mədaxil qəbzinə əsasən 47,6 manat, **********00 nömrəli mədaxil qəbzinə əsasən 50 manat, **********81 nömrəli mədaxil qəbzinə əsasən 11,6 manat, **********29 nömrəli mədaxil qəbzinə əsasən 65,5 manat və **********28 nömrəli mədaxil qəbzinə əsasən 58 manat məbləğində inzibati cərimə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.2-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən ”TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında 13 iyun 2023-cü il tarixli GARA-29585-3506 nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş “X4” minik markalı nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etmiş və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh nəqliyyat vasitəsini 13 avqust 2024-cü il tarixdə lizinq verənə geri qaytarmış, lakin həmin tarixədək olan öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək vaxtlı-vaxtında lizinq ödənişlərini, sığorta haqqını və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələri ödəməmişdir. Buna görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 13 iyun 2023-cü il tarixli GARA-29585-3506 nömrəli daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh həmin müqaviləni bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 13 avqust 2024-cü il tarixədək ödənilməli olan əsas və mükafat (faiz) borcunu ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, 13 iyun 2023-cü il tarixli GARA-29585-3506 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə 523,88 (beş yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc və 432 (dörd yüz otuz iki) manat məbləğində mükafat (faiz) borcu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 226,07 (iki yüz iyirmi altı manat yeddi qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 25 (iyirmi beş) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin “172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat məbləğində sığorta haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd olunur ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, lizinqə verilən “X4” minik markalı nəqliyyat vasitəsinin sığorta haqqı 414,96 manat təşkil edir və həmin məbləğ 25 iyun 2024-cü il tarixdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Sığorta haqqının yalnız 242,15 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Buna görə sığorta haqqının cavabdeh tərəfindən ödənilməmiş 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbinin “341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat məbləğində yol hərəkəti qaydalarının pozulmasına görə ödənilmiş inzibati cərimənin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd olunur ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “ASAN ödəniş” sistemindən mədaxil qəbzlərindən görünür ki, yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat məbləğində inzibati cərimə ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat məbləğində inzibati cərimənin əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddia tələbinin “38,40 (otuz səkkiz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 523,88 (beş yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 432 (dörd yüz otuz iki) manat məbləğində mükafat borcu, 25 (iyirmi beş) manat məbləğində dəbbə pulu, 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat məbləğində sığorta haqqı, 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzi və 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1530,55 (min beş yüz otuz manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 523,88 (beş yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 432 (dörd yüz otuz iki) manat məbləğində mükafat borcu, 25 (iyirmi beş) manat məbləğində dəbbə pulu, 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat məbləğində sığorta haqqı, 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzi və 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1530,55 (min beş yüz otuz manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-135/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-135/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver