Məhkəmə qərarları › İş №e-2-2(119)-1353/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1353/2025

04.08.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1353/2025 04.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Azərbayçan Respublikası Təhsil Nazirliyi (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) Şabran Rayon Təhsil Şöbəsinin (VÖEN: **********) 15 iyul 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 8195,03 (səksən min yüz doxsan beş manat, üç qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs izahatında bildirdi ki, rəhbərlik etdiyi Şabran rayonu üzrə Təhsil sektoru sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, o cümlədən onun bu cür fəaliyyətlə məşğul olması nəzərdə tutulmamışdır. Hazırkı işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq aşağıda şərh olunan hüquq normalarına əsasən hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün onun icra orqanının rəhbəri olduğu Azərbayçan Respublikası Təhsil Nazirliyi (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) Şabran Rayon Təhsil Şöbəsinin dövlət büdcəsinə 8195,03 manat məbləğində vergi borcunun olması ərizədə göstərilsə də, həmin borcun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranıb-yaranmaması qeyd olunmamış və məlum borcların sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış olması müvafiq qaydada əsaslandırılmamışdır. Çünki ərizəyə əlavə edilmiş vergi ödəyicisi olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, vergi ödəyicisi Şabran Rayon Təhsil Şöbəsinin tabeçiliyi - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, yuxarı təşkilatı - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, təşkilati-hüquqi forması - digər qeyri-kommersiya təşkilatı, mülkiyyət növü - dövlət mülkiyyəti və əsas fəaliyyət növü isə ümumi xarakterli dövlət idarəetməsidir. Halbuki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinin tələblərinə görə, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Lakin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda isə bu kimi ərizələrə ümumi (rayon, şəhər) məhkəmələrdə baxıla bilər. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cıfəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 43.5-ci madəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 21-ci bəndində məhkəmələrə izah edilir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Həmin Qərarın 22-ci bəndində isə məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Həmin qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Hüquq münasibətinin xarakteri” bölməsində göstərilmişdir ki, iş üzrə tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən aşağıdakılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi halda kommersiya məhkəmələri baxır: Vergi ödəyicisi olan fiziki şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblərə. Göründüyü kimi, hüquqi şəxs Şabran Rayon Təhsil Şöbəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar müraciətə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasının müəyyən edilməsi üçün zəruri olan məlumatlar və hallar hazırkı ərizədə göstərilməmişdir. Məhkəmə göstərilənləri ümumiləşdirərək, yuxarıda qeyd edilən qanunvericilik normalarını, o cümlədən istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının müvafiq bəndlərini nəzərə alaraq hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair işə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz və həmin iş baxılması üçün Maraqlı şəxs yaşadığı yer üzrə müvafiq ümumi məhkəməyə - Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 24-32, 263, 264, 267, 268 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar