Məhkəmə qərarları › İş №e-2-2(119)-1377/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1377/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1377/2021 16.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X4 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X6 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 13.06.2017-ci il tarixli 1152-GL/17 və 12.09.2018-ci il tarixli 1357- L/18 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi 08.07.2021-ci il tarixə 13.06.2017-ci il tarixli 1152-GL/17 müqavilə üzrə 6207 (altı min iki yüz yeddi) manat gecikdirilmiş əsas borc və hesablanmış 2175,32 ( iki min yüz yetmiş beş manat 32 qəpik) cərimə məbləğini, 12.09.2018-ci il tarixli 1357-L/18 nömrəli müqavilə üzrə 33244 ( otuz üç min iki yüz qırx dörd) manat gecikdirilmiş əsas borc və hesablanmış 13556,31 ( on üç min beş yüz əlli altı manat 31 qəpik) cərimə cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həlli üçün daha əvvəl müdiatora müraciət edilsə də, mediasiya proseduru çərçivəsində də razılıq əldə edilə bilməmişdir. Ona görə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 13.06.2017-ci il tarixli, 1152-GL/17 müqavilə üzrə 6207 (altı min iki yüz yeddi) manat gecikdirilmiş əsas borc və hesablanmış 2175,32 ( iki min yüz yetmiş beş manat 32 qəpik) cərimə məbləğini, 12.09.2018-ci il tarixli 1357-L/18 nömrəli müqavilə üzrə 33244 (otuz üç min iki yüz qırx dörd) manat gecikdirilmiş əsas borc və hesablanmış 13556,31 (on üç min beş yüz əlli altı manat 31 qəpik) cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi: 55532,63 (əlli beş min beş yüz otuz iki manat 63 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi. Məhkəmədə cavabdeh X7 izahat verərək bildirdi ki, o, əvvəllər də kənd təsərrüfatı texnikası götürmüş və işləri yaxşı getdiyi üçün vaxtlı-vaxtında ödənişi etmişdir. Sonra texnikalarda problem yarandığı üçün işləyə bilməmiş, əkdiyi taxıl sahələri də kifayət qədər məhsuldar olmamışdır. Buna görə də o, borcu ödəyib qurtara bilməmiş və həmin borc yığılıb qalmışdır. O, bu il borcu ödəmək imkanı olduğunu, lakin ödənilən məbləğin iddiaçı tərəfindən faiz borcuna çıxılacağı üçün ödəniş etmədiyini bildirdi. Ona görə də, 13.06.2017-ci il tarixli 1152-GL/17 müqavilə üzrə 6207 (altı min iki yüz yeddi) manat əsas borcu və 12.09.2018-ci il tarixli 1357-L/18 nömrəli müqavilə üzrə 33244 (otuz üç min iki yüz qırx dörd) manat əsas borcu qəbul etdiyini, lakin cərimə borcları ilə razılaşmadığını əlavə edərək məhkəmədən iddia tələbinin cərimə ilə bağlı hissədə təmin olunmamasını xahiş etdi və buna dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13.06.2017-ci il tarixli 1152-GL/17 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ümumi dəyəri 20.606 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan texnikanın Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 13.06.2017-ci il tarixli 1152-GL/17 nömrəli müqavilə üzrə 6.207 manat məbləğində gecikdirilmiş borcu və 2.175,32 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 12.09.2018-ci il tarixli 1357-L/18 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ümumi dəyəri 86.000 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan texnikanın Texnikaların dəyərindən bu müqavilənin 1.1-ci bəndində göstərilən 8.600 manat məbləği əvvəlcədən Lizinqverənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 08.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 12.09.2018-ci il tarixli 1357-L/18 nömrəli müqavilə üzrə 33.244 manat məbləğində gecikdirilmiş borcu və 13.556,31 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 09 oktyabr 2021-ci il tarixli MŞİH-02814 nömrəli “İlkin medasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasında iştirak etmiş va ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdeh X7 borcunu qısa müddətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi və tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X7 xəbərdarlığa əməl etməmiş və sözügedən müqavilələr əsasında yaranmış borcları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarmamışdır. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh X7 lizinq müqavilələri əsasında iddiaçı "xxxx" ASC-dən (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) lizinq obyekti olan texnikanı istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh operativ lizinq müqavilələri əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, müvəqqəti istifadəyə götürülmüş texnikalar ilə bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehdən kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə bağlı yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə X7 arasında bağlanmış müqavilələrə əsasən X2 təsərrüfatı texnikalarını lizinqə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 13.06.2017-ci il tarixli 1152-GL/17 müqavilə üzrə 6207 (altı min iki yüz yeddi) manat gecikdirilmiş əsas borc və hesablanmış 2175.32 ( iki min yüz yetmiş beş manat 32 qəpik) cərimə məbləğini, 12.09.2018-ci il tarixli 1357-L/18 nömrəli müqavilə üzrə 33244 (otuz üç min iki yüz qırx dörd) manat gecikdirilmiş əsas borc və hesablanmış 13556.31 (on üç min beş yüz əlli altı manat 31 qəpik) cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi: 55532.63 (əlli beş min beş yüz otuz iki manat 63 qəpik) manat pul vəsaitinin tutulmasını tələb edir. Bu hal iş materialları və cavabdehin qismən etirafı ilə təsdiq olunur. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, 13.06.2017-ci il tarixli 1152-GL/17 müqavilə üzrə 2175.32 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 300 manata qədər və 12.09.2018-ci il tarixli 1357-L/18 nömrəli müqavilə üzrə 13556.31 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 1500 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 13.06.2017-ci il tarixli 1152-GL/17 müqavilə üzrə 300 manat məbləğində və 12.09.2018-ci il tarixli 1357-L/18 nömrəli müqavilə üzrə tutulmalı 1500 manat məbləğində, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 25 faizi iddiaçıya, 75 faizi cavabdehə aid edilsin. Hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 350 manatın 25 faizi, yəni 88 manatı iddiaçıya, 75 faizi, yəni 262 manatı cavabdehə aid edilməlidir. Eyni zamanda cavabdehdən 262 manat alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya haqqının 25 faizi iddiaçıya, 75 faizi cavabdehə aid edilməlidir. Ödənilmiş mediasiya haqqına görə cavabdehdən 300 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X6 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış 13.06.2017-ci il tarixli, 1152-GL/17 nömrəli müqavilə üzrə 6207 manat əsas borc və hesablanmış 300 manat cərimə, 12.09.2018-ci il tarixli, 1357-L/18 nömrəli müqavilə üzrə 33244 manat əsas borc və hesablanmış 1500 manat cərimə, cəmi 41.251 manat pul cavabdehdən tutlaraq, iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərclərinin 25 faizi iddiaçıya, 75 faizi cavabdehə aid edilsin. Hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 350 manatın 25 faizi, yəni 88 manatı iddiaçıya, 75 faizi, yəni 262 manatı cavabdehə aid edilsin. Cavabdehdən 262 manat alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya haqqının 25 faizi iddiaçıya, 75 faizi cavabdehə aid edilsin. Ödənilmiş mediasiya haqqına görə cavabdehdən 300 manat alınaraq iddiaçıya verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar