Məhkəmə qərarları › İş №e-2-2(119)-1378/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1378/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1378/2023 19.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakim Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 19 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 may 2022-ci il tarixli 06/01972 nömrəli operativ lizinq müqaviləsi üzrə 600 (altı yüz) manat məbləğində borc və 40 (qırx) manat məbləğində mediasiya haqqı olmaqla, ümumilikdə 640 (altı yüz qırx) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 23 may 2022-ci il tarixli 06/01972 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Niva Effekt SK-5ME-1” markalı taxılyığan kombayn sonuncunun istifadəsinə verilmiş, bunun müqabilində cavabdeh iddiaçıya 1000 (min) manat ödəniş etməli olsa da, 400 (dörd yüz) manat ödəniş etmiş, 600 (altı yüz) manat borcu yaranmışdır. Həmin borc məbləği dəfələrlə ondan tələb olunsa da, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyin icrasından yayınmışdır. Bununla əlaqədar ödənilməli olan pul vəsaitinin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 23 may tarixli 06/01972 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 1 ədəd “Niva Effekt SK-5ME-1” markalı taxılyığan kombayn sonuncunun istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, istifadəyə görə cavabdeh iddiaçıya 1000 manat məbləğində pul ödəməli olsa da, həmin məbləğin bir hissəsini, yəni 400 manatını ödəmiş, qalan 600 manat məbləğində pul məbləği hazırkı vaxtadək ödənilməmişdir. İddiaçı dəfələrlə borc məbləğinin ödənilməsini tələb etsə də, cavabdeh bugünə qədər müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bundan əlavə, cavabdehlə mübahisənin məhkəməyə qədər həll olunmasına cəhd olunsa da o, mediasiya prosesində iştirak etməmiş, həmçinin iddiaçı təşkilatın yerli ərazi nümayəndələri vasitəsilə cavabdehə ödəniş etməli olduğu barədə məlumat verilsə də, sonuncu tərəfindən qeyd olunan borc ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmədən qeyd olunanları nəzərə alaraq müqavilə üzrə 600 (altı yüz) manat məbləğində borc və 40 (qırx) manat məbləğində mediasiya haqqı olmaqla, ümumilikdə 640 (altı yüz qırx) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 may 2022-ci il tarixli 06/01972 nömrəli “”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləyə əsasən (1.1-ci bənd), iddiaçı tərəfindən 1 ədəd “Niva Effekt SK-5ME-1” markalı taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə 01 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixinədək istifadə haqqı 1000 (min) manat müəyyən edilməklə Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bənidnə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən, lizinqə verən lizinq alan tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəflər bu müqavilənin şərtlərini yerinə yetirmədikdə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan operativ lizinq müqaviləsinin predmetinin texniki vəziyyəti barədə məlumatları əks etdirən 27 may 2022-ci il tarixli 06/01972 nömrəli Akt 1-dən görünür ki, İddiaçı ASC-nin Xaçmaz regional nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsinin istifadəsində olan 1 ədəd “Niva Effekt SK-5ME-1” markalı taxılyığan kombayn (buraxılış ili - 2006, dövlət nömrə nişanı 53 T 238, şassi nömrəsi 038720) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan operativ lizinq müqaviləsinin predmetinin texniki vəziyyəti barədə məlumatları əks etdirən 05 avqust 2022-ci il tarixli 06/01972 nömrəli Akt 2-dən görünür ki, həmin texnika cavabdeh tərəfindən saz vəziyyətdə İddiaçı ASC-nin Xaçmaz Regional nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsinə təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 21 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 23 may 2022-ci il tarixli 06/01972 nömrəli operativ lizinq müqaviləsi üzrə hazırkı iş üzrə cavabdehin iddiaçıya qalıq borcu 600 (altı yüz) manat təşkil edir. İş materiallarında olan 12 sentyabr 2023-cü il BD19 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 40 (qırx) manat mediasiya haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 1 (bir) ədəd “Niva Effekt SK-5ME-1” markalı taxılyığan kombaynın 01 iyun 2022-ci il tarixindən 31 iyul 2022ci il tarixinədək istifadə haqqı 1000 (min) manat müəyyən edilməklə cavabdehin istifadəsinə verilməsi ilə bağlı tərəflər arasında 23 may 2022-ci il tarixli 06/01972 nömrəli “”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanılmış, texnika 27 may 2022-ci il tarixli aktla həmin tarixdə cavabdehə təhvil verilmiş, müqavilə müddəti bitdikdən sonra, 05 avqust 2022-ci il tarixli aktla texnika iddiaçıya geri qaytarılmış, cavabdeh tərəfindən istifadə haqqından 400 (dörd yüz) manat məbləğində ödəniş edilsə də, o, öhdəliyini tam icra etməyərək texnikadan istifadə üzrə yaranmış 600 manat (altı yüz) manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi “23 may 2022-ci il tarixli 06/01972 nömrəli operativ lizinq müqaviləsinə əsasən 600 (altı yüz) manat borcun tutulması” hissəsində təmin edilməli və Cavabdeh müqavilə üzrə yaranmış 600 (altı yüz) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eləcə də, iddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 40 manat məbləğində mediasiya haqqının cavabdehdən tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş olsa da, cavabdeh iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərci cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən “”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 23 may 2022-ci il tarixli 06/01972 nömrəli müqaviləyə əsasən yaranmış 600 (altı yüz) manat məbləğində borc və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya haqqı olmaqla, cəmi 640 (altı yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) “”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 23 may 2022-ci il tarixli 06/01972 nömrəli müqavilə üzrə 600 (altı yüz) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya haqqı olmaqla, cəmi 640 (altı yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar