Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1390/2022 14.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 19 iyun 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş “S/D” markalı 1 (bir) ədəd soyuducunun dəyərinin iki misli həcmində, yəni 1700 (min yeddi) ABŞ dolları məbləğində pulun və 60 (altmış) manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən dəyəri 850 ABŞ dolları olan S/D markalı 1 (bir) ədəd soyuducu İddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən “İstifadəyəverən” istifadəyə verilən soyuducunu istənilən vaxt geri tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra, 3 (üç) gün ərzində “İstifadəçi” tərəfindən soyuducu qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci bəndinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində tələb etmək hüququ yaranır. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, onun tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, 19 iyun 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xitam verildiyi bildirilərək soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuş, eyni zamanda soyuducu qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubunu qəbul etməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və İddiaçı əmlakı olan soyuducunu qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 14 noyabr 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştiakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, sözügedən müqaviləni özü imzalamış, iddiaçı tərəfindən soyuducu ona təhvil verilmiş və soyuducu onun satıcı işlədiyi şərab mağazasında istifadə olunmuşdur. Sonradan həmin mağaza bağlanmış və hazırda həmin soyuducunun harada olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan istifadəyəverən "Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə istifadəçi Cavabdeh arasında bağlanmış 19 iyun 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən istifadəyəverənin icazəsi ilə istehsal və satışı təşkil edilmiş məhsulların istifadəçi tərəfindən sərinləşdirib satılmasını təmin etmək məqsədi ilə istifadəyəverənin mülkiyyətində olan 850 ABŞ dolları dəyərində bir ədəd “S/D” markalı reklam xarakterli soyuducu istifadəçiyə əvəzsiz istifadəyə verilir və istifadəyə verilmiş həmin soyuducu üçün heç bir formada istifadə haqqı tələb edilmir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən istifadəyə verilən soyuducu istifadə üçün yararlı, əmtəə görkəmli, heç bir xəsarəti olmayan əmlak olaraq istifadəçiyə təslim edilməlidir. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində birgə müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 2.2.8-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəçi tələb irəli sürdükdə, o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 734.2-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736-cı maddəsinin tələblərinə görə, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur (maddə 736.1); Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər (maddə 736.2); Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (maddə 736.3). Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış 19 iyun 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən istifadəyəverən İddiaçı tərəfindən 850 (səkkiz yüz əlli) ABŞ dolları dəyərində bir ədəd “S/D” markalı soyuducu istifadəçi Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. Lakin istifadəçi Cavabdeh həmin soyuducunu qaytarmamış və bununla da, tərəflər arasında bağlanmış müqavilənin “əvəzsiz istifadəyə verilmiş əmlakın qaytarılması” barədə öhdəliyini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 2.2.7-ci və 2.2.8-ci bəndlərinin tələblərinə görə, müqaviləyə xitam verildiyi halda “İstifadəçi” normal köhnəlməsini nəzərə alaraq əmlakın 3 gün ərzində geri qaytarılmasını təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı (istifadəyəverən) İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyun 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmayan 850 ABŞ dolları dəyərində soyuducunun dəyərinin 2 misli həddində hesablanaraq, cərimə kimi müəyyən edilmiş 1700 ABŞ dolları məbləğində pulun Cavabdeh tutulmasını tələb edir. Yəni cavabdehdən tələb olunan pul vəsaiti müqavilə şərtlərinə əsasən cərimə kimi müəyyən edilmiş pul vəsaitidir. Bu halda isə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə əsasən yüksək dəbbə pulunu (cəriməni və ya penyanı) azalda bilər. Eləcə də, bununla əlaqədar qeyd etmək lazımdır ki, 19 iyun 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən istifadəyəverən İddiaçı istifadəyəverənin icazəsi ilə istehsal və satışı təşkil edilmiş məhsulların istifadəçi tərəfindən sərinləşdirib satılmasını təmin etmək məqsədi ilə soyuducunun istifadəçiyə əvəzsiz istifadəyə verilməsi, mahiyyəti etibarilə iddiaçının məhz istifadəyə verilmiş həmin soyuducunun özündən hər-hansı birbaşa gəlir əldə etməsini deyil, əksinə cavabdeh tərəfindən iddiaçının məhsullarının satılmasını nəzərdə tutur və həmin müqavilənin şərtlərinə əsasən “soyuducu geri qaytarılarkən onun normal köhnəlməsi” nəzərə alınmalıdır (Mülki Məcəllənin 734.2-ci maddəsinin tələblərinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır). Bütün bu hallara əsasən müəyyən olunur ki, həm tərəflər arasında bağlanmış müqavilənin əvəzsiz xarakteri, həm də iddiaçı tərəfindən soyuducunun cavabdehə təhvil verildiyi 19 iyun 2017ci il tarixdən məhkəmə mübahisəsi vasitəsilə geri qaytarılması tələb olunan 16 avqust 2022-ci il tarixədək olan müddət ərzində soyuducunun normal köhnəlməsi nəzərə alındığı halda 850 ABŞ dolları dəyərində soyuducunun dəyərinin 2 misli həddində cərimə kimi 1700 ABŞ dolları məbləğində pulun ödənilməsinin tələb edilməsi - cavabdeh tərəfindən icra edilməyən öhdəliyə (soyuducunun qaytarılmamasına) münasibətdə tənasübsüz şəkildə yüksək hesablanmış cərimə məbləğidir. Ona görə də, məhkəmə hesab edir ki, 19 iyun 2017-ci ildə 850 ABŞ dolları dəyərində qiymətləndirilərək əvəzsiz istifadəyə verilmiş soyuducunun təxminən 5 ilədək müddət ərzində istifadə olunduqdan sonra qaytarılmamasına görə 1700 ABŞ dolları məbləğində cərimənin tələb edilməsi tənasübsüz surətdə yüksək dəbbə pulunun hesablanmasıdır və bu səbəbdən də, həmin cərimə məbləği azaldılaraq, cavabdehdən soyuducunun məlum müqavilədə qeyd olunan dəyəri həddində, yəni 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə cəmi 850 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdeh 34,45 (otuz dörd manat 45 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 34,45 (otuz dörd manat 45 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1390/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1390/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver