Məhkəmə qərarları › İş №e-2-2(119)-1390/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1390/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1390/2024 02.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş "lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı "lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş "lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə hazırkı iddia ərizəsi verilərkən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunan həmin iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasında (bölməsində) "Bu ödəniş rüsumdan azaddır - itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər" kimi qeyd olunmuşdur. Yəni “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilmiş olması barədə zəruri məlumatlar müvafiq qaydada “Elektron məhkəmə” informasiya sisteminə (iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi” ilə əlaqədar məlumat bölməsinə) daxil edilməmişdir. Halbuki, məhkəməyə iddia verilərkən iddianın qiyməti hesablanmaqla, iddia tələbi üçün ödənilməli olan dövlət rüsumunun məbləği müəyyən olunaraq, həmin miqdarda dövlət rüsumu ödənilməli və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilən iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi” barədə məlumat bölməsində müvafiq qaydada ödəniş sənədinin rekvizitləri (nömrəsi, tarixi və s.) və ödənilən rüsumun məbləği qeyd olunmalıdır. Qeyd olunur ki, iddia ərizəsinə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı **********2/806766456 nömrəli 09 iyul 2024-cü il tarixli qəbz əlavə edilsə də, həmin qəbzdən dövlət rüsumunun hansı məhkəməyə ödənildiyini və qəbzin əvvəllər hər hansı məhkəmə işi üzrə istifadə olunub-olunmadığını müəyyən etmək mümkün deyildir (Ödənişin təyinatı kimi “məhkəmələr” qeyd olunmuşdur). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə də, məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş "lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar