Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-141/2025 18.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Ramik oğlunun iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və lizinq predmetinin geri qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və lizinq predmetinin geri qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə 16027,11 (on altı min iyirmi yeddi manat on bir qəpik) manat məbləğində əsas borc, 285,40 (iki yüz səksən beş manat qırx qəpik) manat məbləğində faiz borcu, 14,27 (on dörd manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 16326,78 (on altı min üç yüz iyirmi altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun və 139 (yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, lizinq predmeti olan “Chevrolet Aveo” minik markalı avtomobilin saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən Cavabdeh2 bir ədəd 2012ci il buraxılışlı, “Chevrolet Aveo” minik markalı, KL1TA69F9DB070215 ban nömrəli nəqliyyat vasitəsi 23 % dərəcəsi ilə 24 ay müddətinə lizinqə verilmişdir. 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli lizinqi müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh1 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh2 uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 01 mart 2023-cü il tarixli, ML/5349 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə lizinq borcu - lizinq üzrə əsas borcun məbləği 16027,11 manat, lizinq üzrə faiz borcunun məbləği 285,40 manat, lizinq üzrə hesablanmış cərimə məbləği 14,27 manat olmaqla, cəmi 16326,78 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb, sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti 29 dekabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada 01 mart 2023-cü il tarixli, ML/5349 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə 5513,63 (beş min beş yüz on üç manat altmış üç qəpik) manat məbləğində əsas borc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində faiz borcu, 50,33 (əlli manat otuz üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6789,68 (altı min yeddi yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borcun və 139 (yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, lizinq predmeti olan “Chevrolet Aveo” minik markalı avtomobilin saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Ramik oğlu iddia tələbini müdafiə edib iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, 01 mart 2023-cü il tarixli, ML/5349 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə bütün borc məbləğinin cavabdehlərdən tələb edildiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan satıcı X1, alıcı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti və lizinq alan Cavabdeh2 arasında bağlanmış 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı X1 adından 7E-4540 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X2 bir ədəd 2012-ci il buraxılışı olan Chevrolet Aveo minik markalı, KL1TA69F9DB070215 ban nömrəli avtomobili alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı bu avtomobili ML/5349 saylı maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh2 lizinqə verilməsi məqsədilə alır. İş materiallarında olan lizinq verən "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli maliyyə lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinqverən lizinq alan tərəfindən seçilmiş bir ədəd 2012-ci il buraxılışı olan Chevrolet Aveo minik markalı, KL1TA69F9DB070215 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri heyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0,3% (sıfır tam onda üç faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 3.3.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 3.3.2-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verənin tələbi ilə ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0,3% (sıfır tam onda üç faiz) məbləğində dəbbə pulunun ödəməlidir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 10181 manat, 23 faiz dərəcəsi ilə 24 ay müddətinə təşkil edir. Bu məbləğdən 2081 manat lizinq verənin mükafatını təşkil edir. Həmin müqavilənin 12.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya üç dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər. İş materiallarında olan 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli maliyyə lizinq müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh2 hər ay 424,22 manat olmaqla 24 ayadək, yəni 01 mart 2025-ci il tarixinədək cəmi 8100 manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 01 mart 2023-cü il tarixli təhvil-təslim aktında qeyd olunur ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Chevrolet Aveo” minik markalı, KL1TA69F9DB070215 ban, **-AM-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 verilmişdir. İş materiallarında olan borc verən "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti, borc alan Cavabdeh2 və zamin Cavabdeh1 oölu arasında bağlanmış 01 mart 2023-cü il tarixli 5349 nömrəli zaminlik müqaviləsinin 2-ci bəndinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlaklar ilə BOKT-la borcalan arasında bağlanmış 01 Mart 2023-cü il tarixli 5349 saylı kredit müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürür. Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan BOKT qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli 1733/24 nömrəli maliyyə arayışında göstərilir ki, 01 mart 2023-cü il tarixli ML/5349 saylı maliyyə lizinq müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə 5513,63 manat əsas borc, 1225,72 manat faiz borcu, 50,33 manat cərimə borcu olmaqla, cəmi 6789,68 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alan Cavabdeh2 arasında 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən “Chevrolet Aveo” minik markalı nəqliyyat vasitəsini öz mülkiyyətinə keçirərək, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. 01 mart 2023-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktına əsasən həmin avtomobil Cavabdeh2 təhvil verilmişdir. Lakin Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək vaxtlı-vaxtında lizinq ödənişlərini etməmişdir. Buna görə də, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 01 mart 2023-cü il tarixli ML/5349 nömrəli maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Lizinq alan Cavabdeh2 həmin müqaviləni bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək lizinq verən "Monetri” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli olan əsas və mükafat borcunu ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, 01 mart 2023cü il tarixli ML/5349 nömrəli maliyyə lizinq müqaviləsi üzrə 5513,63 (beş min beş yüz on üç manat altmış üç qəpik) manat məbləğində əsas borc və 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində mükafat borcu İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “50,33 (əlli manat otuz üç qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalı və 50,33 (əlli manat otuz üç qəpik) manat məbləğində cərimə İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunur ki, Cavabdeh1 13 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında borc verən "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti, borc alan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 01 mart 2023cü il tarixli 5349 nömrəli zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmişdir. Mübahisənin obyektiv həlli məqsədi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli e-2-2(119)-141/2025 nömrəli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, lakin Cavabdeh1 eksperimental imza nümunələrini və 2-3 sənəddə olan əlavə sərbəst imza nümunələrini təqdim etmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 02 may 2025-ci il tarixli 3-16-16/2-4/306/2025 nömrəli məktubu ilə məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 mart 2023-cü il tarixli 5349 nömrəli zaminlik müqaviləsinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq Cavabdeh1 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığından iddia ona aid hissədə təmin olunmalı, əsas borc, mükafat və cərimə müştərək qaydada ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia “Chevrolet Aveo” minik markalı avtomobilin saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması” hissəsində təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 8.8-ci bəndində qeyd edilir ki, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər. Həm müqavilə şərtlərindən, həm də Mülki Məcəllənin istinad edilən normasının (748-1.12.4) məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinqverən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. Müqavilənin qeyd edilən şərtlərindən görünür ki, lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinqverənin lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinqalana ötürmək öhdəliyi yaranır. İddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və hazırkı iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə hesab edir ki, lizinqalanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 139 (yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 87,90 (səksən yeddi manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5513,63 (beş min beş yüz on üç manat altmış üç qəpik) manat məbləğində əsas borc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində mükafat borcu, 50,33 (əlli manat otuz üç qəpik) manat məbləğində cərimə və 87,90 (səksən yeddi manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6877,58 (altı min səkkiz yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5513,63 (beş min beş yüz on üç manat altmış üç qəpik) manat məbləğində əsas borc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində mükafat borcu, 50,33 (əlli manat otuz üç qəpik) manat məbləğində cərimə və 87,90 (səksən yeddi manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6877,58 (altı min səkkiz yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-141/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-141/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver