Məhkəmə qərarları › İş №e-2-2(119)-1411/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1411/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1411/2024 11.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən cavabdeh “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdeh “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4986,68 (dörd min doqquz yüz səksən altı manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 11 may 2023-cü il tarixli, MEXMAT/0013 texniki xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı tərəfindən sifarişçiyə məxsus nəqliyyat vasitələrinə texniki xidmət göstərilməli idi. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən sifarişçi icraçının bank hesabına 5000 manat məbləğində avans ödəyib. Lakin icraçı tərəfindən sifarişçiyə məxsus texnikaya heç bir xidmət göstərilmədən nasaz vəziyyətdə (təhvil alındığı vəziyyətdə) geri qaytarılıb. Beləliklə, icraçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Hal-hazırda icraçının sifarişçiyə 4986,68 (dörd min doqquz yüz səksən altı manat altmış səkkiz qəpik) manat məbləğində borcu yaranıb. Cavabdehə borcun ödənilməsi ilə bağlı 01 iyul 2024-cü il tarixli (həm onlayn kargüzarlıq vasitəsi ilə, həm də elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsi ilə bağlı üzləşmə aktı imza və möhürlə təsdiq edilib. Müqavilənin 4.5-ci bəndinə əsasən tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam və lazımınca yerinə yetirilməməsi, habelə müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsindən asılı olmayaraq, müqavilənin qüvvədə olduğu dövrdə üzərlərinə götürdükləri öhdəliklərin icra edilməməsi nəticəsində qarşı tərəfə dəymiş maddi və digər zərərə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı cavabdeh “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi İddiaçı (VÖEN **********) ilə icraçı “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 11 may 2023-cü il tarixli, MEXMAT/0013 texniki xidmət müqaviləsinin 1-ci bəndinə görə icraçı sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş texnika və avadanlıqları icraçının fəaliyyət göstərdiyi Abşeron rayonu, yeni Saray - Novxanı şosesi 2-ci kilometr ünvanda yerləşən servis mərkəzində öncədən razılaşdırılmış qiymətlər ilə texniki-təmir xidmətlərinin göstərilməsini və həmin texnikaları ehtiyat hissələri ilə təchiz etməyi, sifarişçi isə müqaviləyə əsasən müəyyən edilmiş texniki-təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərininin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.6-cı bəndinə görə icraçı tərəfindən nəqliyyat vasitəsinə xidmətə başlamazdan qabaq sifarişçi əvvəlcədən ehtiyat hissələri və materialların ən azı 50%-ni, işi təhvil aldıqdan sonraki 20 (iyirmi) iş gün müddətində ödənişin (köçürmə üzrə) qalan hissəsini təmin etməlidir. Həmin müqavilənin 4.5-ci bəndinə görə tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam və lazımınca yerinə yetirilməməsi, habelə müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsindən asılı olmayaraq, müqavilənin qüvvədə olduğu dövrdə üzərlərinə götürdükləri öhdəliklərin icra edilməməsi nəticəsində qarşı tərəfə dəymiş maddi və digər zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşıyırlar. İş materiallarında olan sifarişçi İddiaçı ilə icraçı “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış 03 aprel 2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı”na əsasən tərəflər təsdiq etmişdir ki, 03 aprel 2024-cü il tarixə “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan borcu ƏDV daxil 4986,68 (dörd min doqquz yüz səksən altı manat altmış səkkiz qəpik) manat təşkil edir. Borcun yaranmasına səbəb müqavilənin 2.6-cı bəndinə əsasən İddiaçı əvvəlcədən 50 faiz ödəniş etməsi, lakin “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətinin işləri təhvil verə bilməməsidir. Təmiri sifariş verilmiş texnika “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmir olunmadan İddiaçınə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 11 may 2023-cü il tarixli, MEXMAT/0013 texniki xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən icraçı tərəfindən sifarişçiyə məxsus nəqliyyat vasitələrinə texniki-təmir xidməti göstərilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.6-cı bəndinə əsasən sifarişçi icraçının bank hesabına müvafiq ödəniş etmiş, lakin təmiri sifariş verilmiş texnika icraçı “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmir olunmadan sifarişçi İddiaçınə geri qaytarılmışdır. Buna görə İddiaçı “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə məhkəmə hesab edir ki, cavabdeh “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4986,68 (dörd min doqquz yüz səksən altı manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdeh “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4986,68 (dörd min doqquz yüz səksən altı manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “X1 Texnika” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4986,68 (dörd min doqquz yüz səksən altı manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar