Məhkəmə qərarları › İş №e-2-2(119)-142/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-142/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-142/2025 27.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 30 oktyabr 2024-cü il tarixində Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə хitam vеrilməsi, 2348,13 (iki min üç yüz qırx səkkiz manat, on üç qəpik) manat məbləğində əsas borc, 2167,68 (iki min yüz altmış yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 1882,06 (min səkkiz yüz səksən iki manat, altı qəpik) manat məbləğində dəbbə pulu, lizinq dəyərinin artırılmış hissəsi olan 1885 (min səkkiz yüz səksən beş) manat və 500 (beş yüz) manat məbləğində komissiya haqqı olmaqla, cəmi 8782,87 (səkkiz min yeddi yüz səksən iki manat, səksən yeddi qəpik) manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 108,4 (yüz səkkiz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdеhdən iddiaçının хеyrinə tutulması, cavabdehin istifadəsində olan sedan tipli, ban WBA3A5C55CF345795, M.İ.H. 1997 sm3, qara rəngli, buraxılış ili 2012-ci il olan “BMW 3281” minik markalı nəqliyyat vasitəsinin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 482962 saylı şəhadətnaməsinə əsasən **-PY-*** dövlət qeydiyyat nişanlı) iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 20 oktyabr 2023cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, cavabdehin istifadəsinə sedan tipli, ban WBA3A5C55CF345795, M.İ.H. 1997 sm3, qara rəngli, buraxılış ili 2012-cı il olan, “BMW 3281” minik markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 482962 saylı şəhadətnaməsinə əsasən **-PY-*** dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 36372,26 manat, onlardan 18200 manat lizinqin məbləği, 7800 manat avans məbləği və 10372,26 manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 20 oktyabr 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində cavabdeh tərəfindən aylıq 793 manat ödənilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 16 oktyabr 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 2348,13 manat məbləğində əsas borc, 2167,68 manat məbləğində faiz borcu və 1882,06 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6397,87 manat məbləğində borcu ödəməmişdir. Müqavilənin 9.1.8-ci yarımbəndinə əsasən, lizinq verən tərəfindən bu müqavilə üzrə ödənişlər 5 gündən artıq gecikdirildikdə lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürülə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc lizinq alan tərəfindən ödənilir. Bu halda lizinq verən 500 manat komissiya haqqı ödənilməsini tələb edə bilər. Həmçinin həmin müqavilənin 9.1.4-cü yarımbəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən lizinq ödənişlərinin qrafiki pozulduğu halda lizinqin dəyərini 10% həcmində artıra bilər. 16 oktyabr 2024-cü il tarixinə cavabdehin əsas borcu 16684,07 manat, faiz borcu 2167,68 manat olduğuna görə, lizinq dəyəri 18851,71 manat təşkil edir. Lizinq dəyərinin 10%-i bu halda 1885 manat təşkil edir. Daxili maliyyə lizinqi müqaviləsinin 16.1-ci bəndinə görə, lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 20.2-ci bəndinə əsasən, lizinq alan lizinq vеrənin tələbində göstərilmiş müddət ərzində lizinq vеrənə lizinq оbyеktini və lizinq оbyеktinin ayrılmaz hissəsi оlan ləvazimat və sənədləri qaytarmağa bоrcludur. Həmin müqavilənin 20.3-cü bəndinə əsasən, lizinq vеrənin müəyyən еtdiyi müddət ərzində lizinq оbyеkti, оnun ayrılmaz hissəsi оlan ləvazimat və sənədlər lizinq vеrənə təhvil vеrilməyibsə, lizinq vеrən lizinq оbyеktini məcburi qaydada gеri ala bilər və оnların təhvil vеrilməsinin hər gеcikdirilmiş günü üçün lizinq оbyеktinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb еdə bilər. Beləliklə, 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə iddiaçının cavabdehdən 16 oktyabr 2024-cü il tarixinə 2348,13 manat məbləğində əsas borc, 2167,68 manat məbləğində faiz borcu və 1882,06 manat məbləğində dəbbə pulu, lizinq dəyərinin artırılmış hissəsi olan 1885 manat məbləğində və 500 manat məbləğində komissiya haqqı, cəmi 8782,87 manat məbləğində pul tələbi və lizinq obyektinin qaytarılması tələbi qanuni və əsaslıdır. İddiaçı 03 dekabr 2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə хitam vеrilməsi, 3179,81 manat məbləğində əsas borc, 2835,03 manat məbləğində faiz borcu və 3173,84 manat məbləğində dəbbə pulu, lizinq dəyərinin artırılmış hissəsi olan 1885 manat və 500 manat məbləğində komissiya haqqı olmaqla, cəmi 11573,68 manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 125,13 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdеh Cavabdeh iddiaçı "xxxx" MMC-nin хеyrinə tutulması, cavabdehin istifadəsində olan sedan tipli, ban WBA3A5C55CF345795, M.İ.H.1997 sm3, qara rəngli, buraxılış ili 2012-ci il olan, “BMW 3281” minik markalı nəqliyyat vasitəsinin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 482962 saylı şəhadətnaməsinə əsasən **-PY-*** dövlət qeydiyyat nişanlı) iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin atası ilə əlaqə saxlamışdır. Cavabdehin atası oğlu barəsində başqa yerə getməmə barədə qəti imkan tədbiri seçildiyi üçün məhkəməyə gələ bilmədiyini bildirmişdir. İddianı qismən müdafiə edir. Lizinq predmeti olan nəqliyyat vasitəsi hazırda iddiaçı təşkilatdadır və cavabdehdən alınmışdır. Buna görə də iddianı həmin hissədə müdafiə etmir. Müqavilənin məhkəmə qaydasında ləğv edilməsi niyyətində olduğundan, müqaviləyə xitam verilməsi ilə bağlı cavabdehə bildiriş göndərilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki iş materiallarında olan iddiaçı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini - xüsusi texnikanı - avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin predmetini sedan tipli, ban nömrəsi WBA3A5C55CF345795, qara rəngli, buraxılış ili 2012-ci il, “BMW 3281” minik markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə, 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərinə əsasən, lizinq müqaviləsinin ümumi məbləği 36372,26 manat, lizinq verənin mükafatı 10372,26 manat, avans məbləği 7800 manat, lizinqin məbləği 18200 manat təşkil edir. Həmin müqavilənin 9.1.4-cü yarımbəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən lizinq ödənişlərinin qrafiki pozulduğu halda lizinqin dəyərini 10% həcmində artıra bilər. Həmin müqavilənin 9.1.8-ci yarımbəndinə əsasən, lizinq verən bu müqavilə üzrə ödənişlər 5 təqvim günündən artıq gecikdirildikdə, lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc lizinq alan tərəfindən ödənilir. Bu halda lizinq alan 500 manatadək komissiya ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 10.2.1-ci yarımbəndinə əsasən, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən, lizinq obyektinin istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə miiəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə liziinq və digər ödənişləri özünün bank hesabından lizinq verənin bank hesabına köçürməklə ödəməlidir. Həmin müqavilənin 15.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin ümumi məbləği, mükafat və avans məbləğləri lizinq müqaviləsinin 2-ci bəndində müəyyən edilmişdir. Lizinq müqaviləsi üzrə mükafat lizinqin əsas məbləğinin qalığına illik 32% hesablanmaqla müəyyən edilir. Bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri (ümumi məbləğ, mükafat və dəbbə borcu) lizinqin əsas məbləğinin verildiyi gündən lizinq müddətinin son gününədək, bu müqavilə lizinq verən tərəfindən ləğv edildikdə isə lizinq obyektinin qaytarıldığı günədək hesablanır. Həmin müqavilənin 16.1-ci bəndinə əsasən, lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 20.1-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gedikdiribsə, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə və lizinq müqaviləsinə xitam verə bilər. Həmin müqavilənin 20.12-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənə qaytarılması və ya lizinq verən tərəfindən geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. İş materiallarında olan ödəniş qrafikinə əsasən cavabdehin 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə aylıq ödəniş məbləği 793 manat olmaqla son ödəniş tarixi 20 oktyabr 2026-cı ildir. İş materiallarında olan satıcı X1 və alıcı-lizinq verən (iddiaçı) arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli lizinq obyektinin alqı-satqısı müqaviləsindən görünür ki, “BMW 3281” minik markalı ban nömrəsi WBA3A5C55CF345795, buraxılış ili 2012-ci il olan **-HY-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsini satıcı alıcı-lizinq verənə satır, alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış haqqı satıcıya ödəyir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli təhvil-təslim aktına əsasən, ban nömrəsi WBA3A5C55CF345795, buraxılış ili 2012-ci il olan **-PY-*** dövlət qeydiyyat nişanlı “BMW 3281” minik markalı nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 01 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdeh 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri dövründə cəmi 3630 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdehin 3179,81 manat məbləğində əsas, 2835,03 manat məbləğində faiz borcu vardır, 3173,84 manat məbləğində cərimə hesablanmışdır və cəmi ödəməli məbləğ 9188,68 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “Ödənişlərin tarixi” adlı sənəddə 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər öz əksini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanılmış 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq verən müqavilə öhdəliklərini tam şəkildə icra etsə də, lizinq alan qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli lizinq müqaviləsi üzrə 3179,81 manat məbləğində əsas və 2835,03 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbinin cavabdehdən 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147- 23675 nömrəli lizinq müqaviləsi üzrə 3173,84 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (daxili maliyyə lizinq müqaviləsinin yuxarıda istinad edilən 16.1-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən 20 oktyabr 2023-cü il tarixli lizinq müqaviləsi üzrə 159 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin cavabdehdən lizinq dəyərinin artırılmış hissəsi olan 1885 manat məbləğində pul vəsaitinin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər daxili maliyyə lizinqi müqaviləsi ilə lizinq verənin lizinq alan tərəfindən lizinq ödənişlərinin qrafiki pozulduğu təqdirdə lizinqin dəyərini 10% həcmində artırmaq hüququnun olduğu razılaşdırmışdırlar (müqavilənin yuxarıda istinad edilən 9.1.4-cü yarımbəndi). Lizinqin dəyəri dedikdə, yalnız əsas borc məbləği, yəni 16684,07 manat məbləğində pul vəsaiti nəzərə alındığından, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən lizinq dəyərinin artırılmış hissəsi olan 1668,4 manat ((16684/100)x10=1668,4) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin cavabdehdən 500 manat məbləğində komissiya haqqının tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin 9.1.8-ci yarımbəndinə əsasən, lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc lizinq alan tərəfindən ödənilir. Bu halda lizinq alan 500 manatadək komissiya ödənilməsini tələb edə bilər. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli lizinq müqaviləsi üzrə 500 manat məbləğində komissiya haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 20.1-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya üç dəfədən artıq ödənişi gedikdiribsə, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə və lizinq müqaviləsinə xitam verə bilər. Digər tərəfdən, Mülki Məcəllənin yuxarıda istinad edilmiş 748-1.12.4-cü maddəsinin tələbinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göründüyü kimi, lizinq alan olan Cavabdeh lizinq müqaviləsi üzrə ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq yerinə yetirmədiyindən istər tərəflər arasında bağlanmış müqavilənin şərtləri, istərsə də mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normaları baxımından iddia tələbinin lizinq müqaviləsinə xitam verilməsi hissəsi də əsaslıdır və təmin edilməlidir. İddia tələbinin lizinq predmeti olan nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında lizinq predmeti olan nəqliyyat vasitəsinin iddiaçı təşkilata qaytarıldığını qeyd edərək iddianı həmin hissədə müdafiə etmədiyini bildirmişdir. Həmin nəqliyyat vasitəsi artıq iddiaçıya qaytarılmış olduğundan, iddia həmin hissədə təmin edilməməlidir. Bunlardan başqa, iddia tələbinin 125,13 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq hesablanmış 81,73 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməli, cavabdehdən 20 oktyabr 2023cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3179,81 manat məbləğində əsas borc, 2835,03 manat məbləğində faiz borcu, 159 manat məbləğində cərimə, lizinq dəyərinin artırılmış hissəsi olan 1668,4 manat məbləğində pul vəsaiti, 500 manat məbləğində komissiya haqqının və 81,73 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8423,97 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli BAKU1-78147-23675 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilsin. Cavabdeh 20 oktyabr 2023-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3179,81 (üç min yüz yetmiş doqquz manat, səksən bir qəpik) manat məbləğində əsas borc, 2835,03 (iki min səkkiz yüz otuz beş manat, üç qəpik) manat məbləğində faiz borcu, 159 (yüz əlli doqquz) manat məbləğində cərimə, lizinq dəyərinin artırılmış hissəsi olan 1668,4 (min altı yüz altmış səkkiz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti, 500 (beş yüz) manat məbləğində komissiya haqqının və 81,73 (səksən bir manat, yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8423,97 (səkkiz min dörd yüz iyirmi üç manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar