Məhkəmə qərarları › İş №e-2-2(119)-1424/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1424/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1424/2022 09.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nəzərli Emin Sərvər oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 22 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 20636,70 (iyirmi min altı yüz otuz altı manat 70 qəpik) manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmaqla 2389 (iki min üç yüz səksən doqquz) manat məbləğində pulun və 200 (iki yüz) manat məbləğində mediasiya haqqının tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında 16 avqust 2017-ci il tarixli “Mallar (işlər və va xidmətlər) üzrə satınalma” Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "alici" Cavabdeh QSC malları sifariş edir, "satici” İddiaçı MMC isə həmin sifariş olunan malları təqdim edir və “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların "Satıcı"dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib, müvafiq malları (xidmətləri) təqdim etsə də, alıcı Cavabdeh QSC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilə müqabilində verilməli olan ödənişi ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmiş və ümumilikdə 20636,70 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləğini iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında 504100, 153714, 185221 və 122721 nömrəli elektron qaimələr təsdiq edilir. Sonuncu dəfə cavabdehə 23 iyun 2022-ci il tarixində 3 iş günü müddətində cəmi 20636,70 manat borc məbləğinin tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktublarına hər hansı bir reaksiya verilməməsi səbəbindən, iddiaçı tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi də göndərilmişdir. Lakin 25 aprel 2022-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh mediasiya sessiyasında iştirakdan imtina etmiş və ilkin mediasiya sessiyasına gəlməmiş və bununla bağlı 25 aprel 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/4-00850 saylı arayış tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atması səbəbindən, hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Eləcə də, borcun ödənilməsinin gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, cəmi 2389 manat pul da hesablanmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 20636,70 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 2389 manat məbləğində pulun və ödənilmiş 200 manat məbləğində mediasiya haqqının tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olmaqla, eyni VÖEN əsasında sonuncunun fəaliyyətini davam etdirir. Belə ki, 2021-ci ilin noyabr ayında "xxxx" MMC-in adı və təşkilatı-hüquqi forması dəyişdirilərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti olmuş və eyni zamanda, hüquqi şəxsin həm rəhbərliyi, həm mühasibatlığı yenidən formalaşmışdır. İddiaçı MMC ilə Cavabdeh QSC arasında 2022-ci ildə bağlanmış yeni müqavilə üzrə heç bir borc yoxdur. 2017-ci ildə "xxxx" MMC ilə bağlanmış müqavilə üzrə isə mühasibin məsuliyyətsizliyinə görə göndərilən elektron qaimələr təsdiq oluna bilər. Lakin hal-hazırda cavabdehdə borcun tələb olunduğu elektron qaimələrə və eləcə də, "xxxx" MMC-yə verilmiş digər elektron qaimələrə aid malların təhvil-qəbul aktları yoxdur. Halbuki, Cavabdeh QSC iddia ərizəsində qeyd olunan dörd ədəd elektron qaimələrdə göstərilən malların kimə təhvil verildiyini bilsə və əgər, həmin elektron qaimələr üzrə borcun olması təsdiq olunarsa, həmin borcu ödəyə bilər. Cavabdeh QSC tərəflər arasındakı alqı-satqı müqaviləsi üzrə 2021-ci ilin noyabr ayından bu günə qədər olan elektron qaimələri qəbul edir. Lakin, Cavabdeh QSC müvafiq təhvil-təslim aktları olmadığı halda, ondan əvvəlki, yəni "xxxx" MMC-in rəhbərlik və mühasibatlığın sənədlərlə təsdiq olunmayan əməliyyatlarına cavabdehlik daşımır. Buna görə də, Cavabdeh QSC tələb olunan borclar üzrə İddiaçı MMC-dən təhvil-qəbul aktlarının verilməsini tələb edir ki, malların kimə verildiyi aydınlaşsın. Vergi Məcəlləsinin tələblərinə əsasən mallar təhvil veriləndən və təhvil qəbul aktı imzalanandan 5 gün sonra elektron qaimə sistemə vurulur. Əgər elektron qaimələr varsa, deməli təhvil-təslim aktı da imzalanmalı idi. Elektron qaimə təhvil-qəbul aktı əsasında verilməli idi. Təhvil-təslim aktı imzalanıbsa və həmin aktlar mövcuddursa, Cavabdeh QSC borcu qəbul edir. Əgər təhvil-təslim aktı yoxdursa, deməli mallar cavabdehin anbarına daxil olmamışdır. İddiaçı MMC tərəfindən tərtib olunan 23 iyun 2022ci il tarixli arayışda qeyd olunan ödənilmiş 119418 manat məbləğində pulu isə "xxxx" MMC-in köhnə rəhbərliyi ödəmişdir. Elektron qaimənin əlavə qeyd hissəsində malların hansı layihə ilə göndərildiyi barədə, ya da qarşı tərəflə bağlı xüsusi qeydlər yazılır. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaimələrdən əlavə, təhvil-qəbul aktlarını da təqdim etməli idi. Çünki, Vergi Məcəlləsində də nəzərdə tutulub ki, 5 iş günü ərzində elektron qaimə sistemə vurulmalıdır və eyni zamanda, xidmətlərlə və yaxud alqı-satqı ilə bağlı təhvil-qəbul aktları da olmalıdır. İddiaçı tərəfin pretenziya məktubunu aldıqda da Cavabdeh QSC malların həqiqətən də təhvil verilib-verilmədiyini öyrənmək üçün qarşı tərəfdən təhvil-qəbul aktlarının təqdim olunmasını tələb etmişdir. Həmin aktlar iki nüsxədə olur, biri alıcıda, biri də satıcıda qalır. Lakin, cavabdeh hüquqi şəxsin bütün əvvəlki rəhbərliyi və mühasibatlıq əməkdaşları dəyişmiş və qeyd olunan təhvil-qəbul aktları cavabdeh tərəfdə yoxdur. Bu halda isə iddiaçı tərəf təhvil-qəbul aktlarını təqdim edib, iddianı sübut etməli idi. Lakin, iddiaçı tərəf bu sənədləri cavabdehə və məhkəməyə təqdim edə bilməmiş və iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi X1 bəyənnamələri, elektron qaimələr və ƏDV sub-uçot hesabından çıxarışlar isə tələb olunan borca aid malların cavabdeh tərəfindən alınmasını və yaxud xidmətlərin göstərilməsini təsdiq etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kommersiya qurumlarının Dövlət Reyestri Məlumatları Bazasındakı rəsmi qeydiyyat məlumatlarından və 25 noyabr 2021-ci il tarixli Çıxarış məlumatlarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X2 Qeydiyyatı İdarəsi tərəfindən 22 may 2009-cu il tarixdə ********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) çevrilmə yolu ilə yenidən təşkil edilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir (Çıxarışın verildiyi tarix: - 25 noyabr 2021-ci il; Nömrəsi: - **********274200). İş materiallarında olan müvafiq qaydada tərtib edilərək təqdim olunmuş elektron qaimələrlə müəyyən olunur ki, satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" QSC-yə 08 fevral 2020-ci il tarixli EBAG 122721 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 165,20 (yüz altmış beş manat 20 qəpik) manat dəyərində, 18 fevral 2020-ci il tarixli EBAG 504100 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 15946,44 (on beş min doqquz yüz qırx altı manat 44 qəpik) manat dəyərində, 03 mart 2020-ci il tarixli EBAH 153714 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 4496,74 (dörd min dörd yüz doxsan altı manat 74 qəpik) manat dəyərində və 04 mart 2020-ci il tarixli EBAH 185221 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 28,32 (iyirmi səkkiz manat 32 qəpik) manat dəyərində olmaqla, ümumilikdə ƏDV daxil cəmi 20636,70 (iyirmi min altı yüz otuz altı manat 70 qəpik) manat dəyərində müxtəlif mallar satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisi "xxxx" MMC-yə məxsus "Online Kargüzarlıq" elektron vergi kabinetindən Çıxarışdan görünür ki, 2018-2022-ci illəri əhatə edən dövr ərzində əvvəlki adı "xxxx" MMC olan Cavabdeh QSC-yə təqdim olunan ümumilikdə 52 ədəd elektron qaimədən 10-u sistem tərəfindən, 42-si isə alıcı olaraq Cavabdeh QSC-nin ("xxxx" MMC-nin) özü tərəfindən təsdiqlənmişdir. Eləcə də, iddia ərizəsində tutulması tələb olunan “cəmi 20636,70 manat məbləğində borcun” əsaslandırıldığı Elektron Qaimələrdən ikisi - yəni 08 fevral 2020-ci il tarixli EBAG 122721 nömrəli və 18 fevral 2020-ci il tarixli EBAG 504100 nömrəli Elektron Qaimələr sistem tərəfindən, digər ikisi - yəni 03 mart 2020-ci il tarixli EBAH 153714 nömrəli və 04 mart 2020-ci il tarixli EBAH 185221 nömrəli Elektron Qaimələr isə "xxxx" QSC ("xxxx" MMC) tərəfindən təsdiqlənmişdir İş materiallarında olan 23 iyun 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, alıcı Cavabdeh QSC (əvvəlki adı "xxxx" MMC) 16 avqust 2017-ci il tarixindən etibarən satıcı "Nİ Group” MMC-dən cəmi 140054,92 (yüz qırx min əlli dörd manat 92 qəpik) manat məbləğində mal-material almış və həmin məbləğin 119418,22 (yüz on doqquz min dörd yüz on səkkiz manat 22 qəpik) manat hissəsini ödəmişdir. Lakin, alıcı Cavabdeh QSC-nin hal-hazırda satıcı İddiaçı MMC-yə 20636,70 (iyirmi min altı yüz otuz altı manat 70 qəpik) manat məbləğində debitor borcu vardır. İş materiallarında olan 20 iyul 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, alıcı Cavabdeh QSC-nin satıcı İddiaçı MMC-yə 20 iyul 2022-ci il tarixinə 20636,70 (iyirimi min altı yüz otuz altı manat 70 qəpik) manat məbləğində əsas borcu və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2389 (iki min üç yüz səksən doqquz) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, satıcı İddiaçı MMC (VÖEN **********) ilə alıcı Cavabdeh QSC (VÖEN **********) arasında 28 yanvar 2022-ci il tarixli 2022/016 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, İddiaçı (VÖEN **********) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) hüquqi varisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında Alqı-Satqı Müqaviləsi bağlanaraq, tərəflər arasında iş materiallarındakı elektron qaimələrdə qeyd olunan 2018-ci ildən 2022-ci ilədək dövrü əhatə edən müddət ərzində alqı-satqı əməliyyatlarının keçirilmiş olması təsdiq edilsə də, həmin Müqavilənin özü nüsxəsi məhkəməyə təqdim olunmamışdır. Lakin, məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələri satıcı olaraq İddiaçı MMC və alıcı olaraq "xxxx" MMC arasında yuxarıda qeyd olunan belə bir müqavilənin bağlanmış olmasını və həmin müqavilə əsasında tərəflər arasında dəfələrlə baş tutmuş alqı-satqı əməliyyatlarının mövcudluğu və həmin alqı-satqılar üzrə müəyyən məbləğdə ödənişlərin edilməsi mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, işin konkret halları ilə müəyyən olunur ki, tərəflər arasında mövcud olmuş alqi-satqi müqaviləsinə əsasən almış olduğu mallara görə təqdim edilmiş 08 fevral 2020-ci il tarixli EBAG 122721 nömrəli, 18 fevral 2020-ci il tarixli EBAG 504100 nömrəli, 03 mart 2020-ci il tarixli EBAH 153714 nömrəli və 04 mart 2020-ci il tarixli EBAH 185221 nömrəli Elektron Qaimələr üzrə cəmi 20636,70 manat məbləğində əsas borc alıcı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində “20636,70 (iyirmi min altı yüz otuz altı manat 70 qəpik) manat məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmaqla 2389 (iki min üç yüz səksən doqquz) manat məbləğində pulun” Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh QSC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış Alqı-satqı Müqaviləsinin özü məhkəməyə təqdim edilməsə də, tərəflərin izahatları və işin konkret halları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh QSC (əvvəlki adı "xxxx" MMC) arasında alqı-satqı münasibətləri mövcud olmuş və cavabdeh iddia ərizəsində qeyd olunan təsdiqlənmiş dörd elektron qaimə üzrə nəzərdə tutulan cəmi 20636,70 manat məbləğində pulu ödəməmişdir. Buna görə də, ödənilməmiş cəmi 20636,70 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Lakin, cavabdehdən “gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmaqla 2389 (iki min üç yüz səksən doqquz) manat məbləğində pulun tutulması” hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilən hallara görə cavabdeh tərəf iddia ərizəsində ödənilmədiyi qeyd olunmuş elektron qaimələr üzrə ödənişləri ödəməkdən qərəzli olaraq yayınmamış və hətta, mübahisənin məhkəmədənkənar həll edilməsi mərhələsində və eləcə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin elektron qaimələrin verilməsi əsasını təşkil edən “təhvilqəbul” aktlarının təqdim olunmasını tələb edərək, malların verilməsini təsdiq edəcək həmin sənədlər təqdim olunduğu halda borcu ödəyəcəyini bəyan etmişdir. Lakin, iddiaçı tərəf bu sənədləri təqdim edə bilməmiş və məlum borcun olması yalnız məhkəmə araşdırması zamanı təsdiq edilərək, sübut olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 20636,70 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 151,91 (yüz əlli bir manat 91 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN **********) 20636,70 (iyirmi min altı yüz otuz altı manat 70 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 20836,70 (iyirmi min səkkiz yüz otuz altı manat 70 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dövlət nəfinə 151,91 (yüz əlli bir manat 91 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar