Məhkəmə qərarları › İş №e-2-2(119)-1436/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1436/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1436/2023 14.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsinin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 30 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2811997,46 (iki milyon səkkiz yüz on bir min doqquz yüz doxsan yeddi manat qırx alt qəpik) manat məbləğində borcun, 400 (dörd yüz) manat mediasiya haqqının və 1796 (min yeddi yüz doxsan altı) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə 05 sentyabr 2019-cu il tarixli müqavilənin 3-cü bəndinə əsasən, satıcı - İddiaçı ASC balans mənsubiyyətində olan 110/35/10 kv Sulfanol yarımstansiyasından 35 kv-luq metaləritmə kabel xətti vasitəsilə elektrik enerjisini alıcı - Cavabdeh MMC-yə satmağı, alıcı bunun müqabilində elektrik enerjisinin dəyərini tərəflər arasında razılaşdırılmış müqavilə (həmçinin həmin müqaviləyə xx.xx.2019-ci il tarixli 1 nömrəli Əlavə) qiymətilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra olunsa da, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni istehlak edilən elektrik enerjisinin dəyərini tam ödəməmişdir. Belə ki, müqavilə üzrə cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə 01 sentyabr 2023-cü il tarixə olan borcunun məbləği 2811997,46 manat təşkil edir və qeyd edilən pul vəsaiti cavabdeh tərəfindən hazırkı vaxtadək ödənilməmişdir. Mübahisənin pretenziya qaydasında nizama salınması üçün cavabdehə yazılı formada müraciət edilərək borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilsə də, bu, hər hansı nəticə verməmişdir. Bununla əlaqədar müqavilə üzrə ödənilməmiş pul vəsaitinin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 05 sentyabr 2019-cu il tarixdə elektrik enerjisinin alqısatqısı barədə müqavilə bağlanılmış, həmin müqavilə üzrə “Satıcı” qismində çıxış edən iddiaçı balans mənsubiyyətində olan 110/35/10 kv Sulfanol yarımstansiyasından 35 kv-luq metaləritmə kabel xətti vasitəsilə elektrik enerjisini müqaviləyə əsasən “Alıcı” qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə iddiaçıdan aldığı elektrik enerjisinin dəyərini razılaşdırılmış müqavilə qiymətilə ona ödəməyi öhdəsinə götürmüşdür. Satılan elektrik enerjisinin dəyəri müqavilə əsasında, xx.xx.2021-ci il tarixdən etibarən isə sözügedən müqaviləyə 1 nömrəli Əlavəyə əsasən müəyyənləşdirilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini tam icra etsə də, cavabdeh tərəfindən öhdəliklər icra olunmamış, yəni müqavilə üzrə cavabdehə satılmış elektrik enerjisinin dəyəri tam ödənilməmişdir. Belə ki, müqavilə üzrə cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə borc məbləği 1 sentyabr 2023-cü il tarixə kimi 2811997,46 manat təşkil edir. Bununla əlaqədar cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair pretenziya məktubu göndərilmiş, lakin həmin məktubda göstərilən müddətin keçməsinə baxmayaraq borc məbləğ ödənilməmişdir. Tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsinə dair akt imzalanmış, cavabdeh müsəssisənin direktoru və baş mühasibi tərəfindən borc məbləğinin mövcudluğu qəbul edilmişdir. Bu hal sübut edir ki, cavabdeh borcun olmasını etiraf edir. Bundan əlavə, məhkəmə prosesinin gedişi dövründə cavabdehin nümayəndələri ilə əlaqə saxlanılmış, onlar məhkəmə iclasında iştirak etməyəcəklərini, borcu ödəmək niyyətində olduqlarını, lakin bank hesablarının üzərində məhkəmə qərardadları ilə həbs qoyulduğundan indiki vəziyyətdə ödəniş etmələrinin mümkün olmayacağını bildirmişlər. İddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını, müqavilə üzrə yaranmış 2811997,46 manat məbləğində borcun, 400 manat mediasiya haqqının və 1796 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Satıcı” qismində çıxış edən İddiaçı ASC ilə “Alıcı” qismində çıxış edən Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixdə “Elektrik enerjisinin alqı-satqısı barədə” müqavilənin İİİ hissəsinə əsasən, bu müqavilənin və onun ayrılmaz hissəsi olan Əlavələrin şərtlərinə müvafiq olaraq “Satıcı” balans mənsubiyyətində olan 110/35/10 kV Sulfanol yarımstansiyasından 35 kV-luq metaləritmə kabel xətti vasitəsilə elektrik enerjisini “Alıcı”ya satır, “Alıcı” isə “Satıcı”dan aldığı elektrik enerjisinin dəyərini tərəflər arasında razılaşdırılmış müqavilə qiymətilə ona ödəyir. Həmin müqavilənin Vİ hissəsinin ikinci və üçüncü abzaslarına əsasən, “Satıcı”nın öz balans mənsubiyyətində olan yarımstansiyadan 35 kV-luq kabel xətti vasitəsilə “Alıcı”ya tədarük etdiyi elektrik enerjisinin satınalma tarifi Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının qüvvədə olan müvafiq qərarına uyğun olaraq 1 kVt. Saat üçün ƏDV də daxil olmaqla 5.8 (beş tam onda səkkiz) qəpik təşkil edir. Elektrik enerjisinin tarifləri (qiymətləri) Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının müvafiq qərarları ilə tənzimlənir və yeni tariflər müəyyən edildiyi təqdirdə bu Müqavilə ilə Tərəflər arasında razılaşdırılmış satınalma tarifi yeni tarifə uyğunlaşdırılacaqdır. Həmin müqavilənin Xİİİ hissəsinin birinci abzasına əsasən, “Alıcı” hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, hesab-fakturanı aldığı gündən sonra 5 (beş) bank günü ərzində “Satıcı”ya ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, “Alıcı” təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində “Alıcı”nın hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faiz miqdarında dəbbə (penya) verməlidir. Dəbbə pulunun ümumi məbləği ödənilməmiş məbləğin 10%-dən artıq ola bilməz. Həmin müqavilənin XVİ hissəsinin birinci abzasına əsasən, “Alıcı” “Satıcı”dan satın aldığı elektrik enerjisinin dəyərini elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş müddətdə və həcmdə müəyyən olunmuş tarifə uyğun ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin XXV hissəsinin birinci və ikinci abzaslarına əsasən, tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri- müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər. Mübahisəli məsələlərlə əlaqədar qarşılıqlı razılaşma əldə olunmadıqda qanunvericiliyə uyğun qaydada məhkəməyə müraciət edə bilərlər. İş materiallarında olan, tərəflər arasında xx.xx.2021-ci il tarixdə imzalanmış “Elektrik enerjisinin alqı-satqısı barədə” müqaviləyə 1 nömrəli Əlavəyə əsasən, tərəflər razılığa gəlmişlər ki, onların arasında elektrik enerjisinin alqı-satqısı və tranziti tarifləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 14 nömrəli Qərarına əsasən tənzimlənir və cavabdehin müəssisələrinin elektrik enerjisi təchizatı birbaşa İddiaçı ASC-nin yüksək gərginlikli şəbəkəsindən təmin edildiyi və enerji təchizatına İddiaçı ASC tərəfindən təminat verildiyi üçün xx.xx.2021-ci il tarixindən 1 kVts elektrik enerjisi üçün qiymət 10,0 qəpik (ƏDV daxil) müəyyən edilir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” sənədinə əsasən, Cavabdeh MMC-nin iddiaçı "xxxx" ASC-yə 01 iyul 2023-cü il tarixinə olan borcunun məbləği 2506117,46 manat olmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən "xxxx" ASC-nin vitse-prezidenti və baş mühasibi, cavabdeh tərəfindən isə Cavabdeh MMC-nin direktoru və baş mühasibi tərəfindən imzalanaraq müvafiq qaydada möhür vurulmuş 24 avqust 2023-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” sənədinə əsasən, cavabdeh təşkilatın iddiaçı təşkilata 01 avqust 2023-cü il tarixinə 2811997,46 manat qalıq borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 05 sentyabr 2019-cu il tarixdə “Elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq “Satıcı” qismində olan iddiaçı cavabdeh təşkilatı özünün balans mənsubiyyətində olan 110/35/10 kv Sulfanol yarımstansiyasından 35 kv-luq metaləritmə kabel xətti vasitəsilə elektrik enerjisi ilə təchiz etsə də, müqavilə üzrə “Alıcı” qismində iştirak edən cavabdeh təşkilat müqavilə öhdəliklərinə riayət etməyərək həmin enerjinin dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçı təşkilata 01 avqust 2023-cü il tarixinə 2811997,46 manat qalıq borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla (05 sentyabr 2019-cu il tarixli “Elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə, həmin müqaviləyə 1 nömrəli Əlavə, qarşılıqlı üzləşmə haqqında 24 avqust 2023cü il tarixli sənəd) tam sübut olunur. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli MŞS-MT030-2023-02027 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışla müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya haqqı ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqnda məlumat” bölməsindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 1796 (min yeddi yüz doxsan altı) manat dövlət rüsumu ödəmişdir (********** nömrəli qəbz). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, Cavabdeh MMC-dən 05 sentyabr 2019-cu il tarixli “Elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə üzrə 2811997,46 (iki milyon səkkiz yüz on bir min doqquz yüz doxsan yeddi manat qırx alt qəpik) manat məbləğində borc məbləği, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya haqqı və 1796 (min yeddi yüz doxsan altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2814193,46 (iki milyon səkkiz yüz on dörd min yüz doxsan üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göründüyü kimi, hazırkı iddia ərizəsi təmin edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci, həmçinin Mülki-Prossesual Məcəllənin 119.2 və 124.1-ci maddələrinə əsasən, iddiaçının ödəməkdən azad edildiyi 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-ci maddələrinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehdən (VÖEN: **********) 05 sentyabr 2019-cu il tarixli “Elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə üzrə 2811997,46 (iki milyon səkkiz yüz on bir min doqquz yüz doxsan yeddi manat qırx alt qəpik) manat məbləğində borc, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya haqqı və 1796 (min yeddi yüz doxsan altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2814193,46 (iki milyon səkkiz yüz on dörd min yüz doxsan üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehdən 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar