Məhkəmə qərarları › İş №e-2-2(119)-1438/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1438/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1438/2024 14.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, Şamaxı Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2(074)-985/2024 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək cavabdеhdən 15550,98 (on beş min beş yüz əlli manat doxsan səkkiz qəpik) manat məbləğində krеdit bоrcu, 2507,84 (iki min beş yüz yeddi manat səksən dörd qəpik) manat məbləğində faiz bоrcu və 732,03 (yeddi yüz otuz iki manat üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 18790,85 (on səkkiz min yeddi yüz doxsan manat səksən beş qəpik) manat məbləğində bоrcun və ödənilmiş 146,37 (yüz qırx altı manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2(074)-985/2024 nömrəli qərardadı ilə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad Cavabdeh krediti sahibkarlıq fəaliyyəti ilə bağlı götürdüyünü bildirməsi, eyni zamanda əsas fəaliyyət istiqaməti çovdarın becərilməsi olan cavabdehin fərdi sahibkar kimi 20 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınması, həm mübahisənin predmetinə, həm hüquq münasibətlərinin xarakterinə və həm də subyekt tərkibinə görə hazırkı iş üzrə mübahisənin kommersiya məhkəməsinə aid olması ilə əsaslandırılmışdır. Cavabdeh 12 avqust 2024-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə etiraz təqdim edərək bildirmişdir ki, o, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə dövlət dəstəyi ilə biznes krediti götürmək üçün müraciət etmiş, bank əməkdaşı onunla əlaqə saxlayıb dövlət dəstəyi ilə biznes kreditinin verilməsi üçün vaxt lazım olduğunu, bunun rəsmiləşdirilməsinin çətin olduğunu və ona əmək haqqına uyğun istehlak kreditinin bir gün ərzində rəsmiləşdirilməsinə köməklik edəcəyini demişdir. O, bankdan götürdüyü 21000 manat məbləğində kreditlə dörd müxtəlif ərazidə ümumilikdə 3 ha 30 sot torpaq sahəsi almış və bundan sonra bir ərazidə badam bağı, digər ərazilərdə isə dənli bitkilərin becərilməsi sahəsində fəaliyyətə başlamışdır. Əsas iş yerində əmək haqqı yüksək olduğu üçün banka olan kredit borcundan vaxtından əvvəl ödənişlər etmiş, işdən azad olunandan sonra bank əməkdaşı ilə əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Daha sonra dörd ay ödəniş etmiş, lakin beşinci ayın ödənişini etmək imkanı olmadığı üçün ödənişi edə bilməmişdir. Bank əməkdaşı onunla əlaqə saxlayıb biznes krediti veriləcəyini bildirmiş, həmin ayın da ödənişini etməyi xahiş etmiş, bundan sonra o, cərimə faizi ilə birlikdə beşinci ayın da ödənişini etmişdir. Sonrakı ayın ödənişini edə bilmədiyi üçün baş ofisdən onunla əlaqə saxlanılmış və o, banka dəvət olunmuşdur. O, dövlət dəstəyi ilə olan biznes kreditinin verilməsinə köməklik etmələrini xahiş etmiş, lakin bank əməkdaşları tərəfindən ona bunun mümkün olmadığı, ödəniş etməli olduğu, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə e-2(074)-985/2024 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəli olduğundan, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 01 sentyabr 2022-ci il tarixdə imzaladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh bankdan kreditin faiz dərəcəsi 20 % оlmaqla 48 ay müddətinə 21000 (iyirmi bir min) manat məbləğində istehlak krediti götürmüşdür. Ərizədə kreditin növü, kreditin məqsədi və təyinatı istehlak krediti göstərilmişdir. Bundan başqa Cavabdeh etirazında biznes krediti götürmək istədiyini bildirsə də, ona bankın əməkdaşının bir gün müddətində istehlak kreditinin rəsmiləşdirilməsinə köməklik edəcəyini dediyini və müvafiq ərizəni imzaladıqdan sonra 21000 (iyirmi bir min) manat məbləğində istehak kreditinin verildiyini qeyd etmişdir. 01 sentyabr 2022-ci il tarixli ərizədən və Cavabdeh etirazından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehə verdiyi kreditin növü, təyinatı istehlak krediti olmuş və sonuncu ona istehlak kreditinin verildiyini bilərək həmin ərizəni imzalamışdır. Göründüyü kimi, iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasına baxmayaraq hazırkı iddia ərizəsi üzrə mübahisə cavabdehin almış olduğu istehlak krediti ilə əlaqədar yaranmışdır. Buna görə də, Şamaxı Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2(074)-985/2024 nömrəli mülki iş üzrə mübahisəyə Şamaxı Rayon Məhkəməsində deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunanlara əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı vardır. Məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyi üçün göstərilən hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Şamaxı Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2(074)-985/2024 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar