Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1441/2024 29.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 26 iyul 2024-cü il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 2844,24 (iki min səkkiz yüz qırx dörd manat, iyirmi dörd qəpik) manat vergi borcunun, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna olan 0,02 (iki qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və vergi ödəyicisi - 31 avqust 1970-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs 28 avqust 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz verərək məhkəmədən vergi orqanı tərəfindən artıq hesablanmış vergilərin qanunvericiliyin tələblərinə uyğun qaydada azaldılaraq vergi orqanının bununla bağlı müvafiq qərarının ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən mənfəət vergisinin hesablanması zamanı əlaqəli məlumatlar əsasında mənfəətin (gəlirin) hesablanması əsas götürülsə də, vergilər düzgün hesablanmamışdır. Yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə maraqlı şəxs tərəfindən mənfəət vergisi hesablanmış və məlum olmuşdur ki, 2023-cü ildə maraqlı şəxsin 13590,30 manat məbləğində gəliri olmuşdur. Həmin gəlir üzrə yaranan 723,43 (sonradan bir daha müraciət edilərək mənfəət vergisinin məbləğinin 723,43 manat deyil, 679,52 manat olmasının nəzərə alınması qeyd edilmişdir) manat mənfəət vergisi ödənilmiş və bununla əlaqədar olaraq vergi orqanına dəqiqləşdirilmiş bəyannamə də təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə icraat vergi orqanında davam etməkdədir. Hazırda vergi orqanı tərəfindən düzgün hesablanmamış vergi borcu səbəbindən bank hesablarına tətbiq edilən sərəncam, direktor olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması səbəbindən göstərilən fəaliyyətə çox ciddi iqtisadi zərərlər dəyməkdədir. Belə ki, yeganə gəlir mənbəyi olan bu sahə üzrə fəaliyyətə məhdudiyyətlərin qoyulması maddi təminata, habelə sahibkarlıq fəaliyyətinə aşkar mənfi təsirlər göstərməkdədir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs iddia tələbini və iddia ərizəsində qeyd edilən borc məbləğini qəbul etməyərək izahatında bildirdi ki, icra orqanının rəhbəri olduğu "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar yaranmış vergi borclarını mütəmadi olaraq ödəmişdir. İşləmədiyinə görə etirazda qeyd etdiyi 679,52 manat məbləğində borcun ödənilməsi gecikdirilmiş, lakin sonradan həmin borc da ödənilmiş və hazırda hər hansı məbləğdə vergi borcu yoxdur. Ərizəçi ərizədə qeyd etdiyi borc məbləğini əsaslandıra bilməmiş, onun tərəfindən düzgün hesablanma aparılmamış, “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə əlavə edilmiş sənədlərlə iddia ərizəsində tələb olunan borcun məbləği təsdiq edilmir və tələb olunan məbləğdə borcun yaranma səbəbi ona aydın deyildir. Hazırda da bu məsələ ilə bağlı müvafiq vergi orqanı ilə yazışmalar davam etməkdədir. "xxxx" MMC-də işləyən mühasib öz işində peşəkar olan əməkdaş olmaqla şirkətin borclarını vaxtlı-vaxtında ödəmiş, düzgün hesabatlar hazırlamışdır. Ərizədə tələb edilən borc məbləğindən təxminən 1 il əvvəl məlumatı olmuş və bununla bağlı müvafiq vergi orqanı ilə aralarında yazışmalar davam etməkdədir. Bu müddət ərzində borc məbləğini məhkəmə qaydasında mübahisələndirməmişdir. İcra orqanının rəhbəri olduğu "xxxx" MMC-nin rəhbəri olaraq digər şirkətlərlə müqavilə bağlayaraq həmin şirkətin əməkdaşlarını lazım olan məhsullarla təmin etmişdir. Lakin fəaliyyəti dövründə müvafiq vergi orqanı ondan şirkətin fəaliyyəti ilə əlaqədar alt sənədlər (şirkətin həyata keçirdiyi ticarət əməliyyatları ilə bağlı müqavilələr və digər sənədlər) tələb etmiş, lakin məhsulları “Sədərək” Ticarət Mərkəzindən aldığına və oradan da bu cür alt sənədlər təqdim edilmədiyinə görə, o, həmin sənədləri vergi orqanına təqdim edə bilməmişdir. Müqavilə bağladığı şirkətlər də bu problemlərə görə, məhsulları qəbul etmədiyi üçün "xxxx" MMCnin fəaliyyətini dayandırmışdır. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni, maraqlı şəxs tərəfindən verilən etirazı və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin izahatını nəzərə alaraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə 26 iyul 2024-cü il tarixinə hesablanmış Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 2844,24 manat vergi borcu vardır. Eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs özünün də 26 iyul 2024-cü il tarixinə hesablanmış İcbari Tibbi Sığorta Fonduna 0,02 manat borcu vardır və onlara həmin borcların ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Maraqlı şəxs etirazında və məhkəməyə verdiyi izahatında vergi orqanının qərarından narazı olduğunu bildirərək vergi borcunun düzgün hesablanmadığını qeyd etmişdir. Məhkəmə bununla əlaqədar maraqlı şəxsin diqqətinə çatdırır ki, qeyd edilən məsələylə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək - vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 11,4-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs vergi və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəsi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 26 iyul 2024-cü il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2844,24 (iki min səkkiz yüz qırx dörd manat, iyirmi dörd qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs (VÖEN: **********) 0,02 (iki qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna ödənilənədək həmin hüquqi şəxsin icra orqanlarının rəhbəri və vergi ödəyicisi olan - 31 avqust 1970-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1441/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1441/2024
29.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver