Məhkəmə qərarları › İş №e-2-2(119)-1453/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1453/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1453/2023 04.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçılar İddiaçı1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 4 saylı X4 Mərkəzi tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 4 saylı X4 Mərkəzi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçılar İddiaçı1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 4 saylı X4 Mərkəzinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin “Giriş” hissəsində (“Tərəflər” bölməsində) iddiaçı qismində həmçinin İddiaçı1 adı da göstərilməsinə baxmayaraq, iddia ərizəsinin məzmunu ilə bu mübahisə üzrə iddiaçının yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 4 saylı X1 və iddia tələbinin həmin hüquqi şəxslə əlaqədar verildiyi müəyyən edilir. Yəni, iddia ərizəsinin “Giriş” hissəsində (“Tərəflər” bölməsində) iddiaçı olaraq yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 4 saylı X4 Mərkəzi göstərilməli olmasına baxmayaraq, iddiaçı qismində eyni zamanda həmin hüquqi şəxsin qanuni təmsilçisi İddiaçı1 da adı qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının öz adı və ünvanı düzgün göstərilməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, hüquqi şəxsin adından iddia verildiyi halda, iddia ərizəsində iddiaçı qismində iddia ərizəsini imzalayan şəxsin (direktorun, vəkilin, işçinin, nümayəndənin və s.) adı deyil, hüquqi şəxsin özünün adı göstərilməli və iddia yalnız hüquqi şəxsin adından, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 4 saylı X4 Mərkəzinin adından verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını və həmçinin, cavabdeh ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hal-hazırda Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasının və eləcə də, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin (pretenziya məktubunun mətni və s.) cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə Cavabdehnə qarşı verilmiş hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 4 saylı X4 Mərkəzi tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar