Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1455/2022 25.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs qarşı “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə Maraqlı şəxs ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması - onun icra orqanının rəhbəri olduğu Azərbaycan Respublikası Azərsənayetikinti Dövlət Şirkətinin Sumqayıt Mənzil Kommunal İdarəsinin (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna 6069,94 manat borcunun olması ilə əsaslandırılmış olsa da, ərizədə həmin borcun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranıbyaranmaması qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinin tələblərinə görə, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Lakin, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda isə bu kimi ərizələrə ümumi (rayon, şəhər) məhkəmələrində baxıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-6-cı maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də, ərizəçi hazırkı ərizə ilə 23 avqust 2022-ci ildə məhkəməyə müraciət etməsinə baxmayaraq, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməsinin sübutu kimi ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmuş “vergi ödəyiciləri ilə yazışmalar barədə Hesabatdan” görünür ki, “borcun ödənilməsinə dair Bildiriş” Maraqlı şəxs icra orqanının rəhbəri olduğu vergi ödəyicisi Azərbaycan Respublikası Azərsənayetikinti Dövlət Şirkətinin Sumqayıt Mənzil Kommunal İdarəsinə 22 fevral 2019-cu ildə göndərilmişdir. Göründüyü kimi, həmin Bildiriş və onun vergi ödəyicisinə çatdırılması hazırkı dövrə aid deyildir. Yəni, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə hazırkı ərizə ilə 23 avqust 2022-ci ildə məhkəməyə müraciət olunmamışdan əvvəl Azərbaycan Respublikası Azərsənayetikinti Dövlət Şirkətinin Sumqayıt Mənzil Kommunal İdarəsinin hazırkı dövrə aid ödənilməsi tələb olunan Dövlət Sosial Müdafiə Fonduna borcu ilə əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan qaydada məlumatlandırılması və xəbərdar edilməsi, eləcə də hazırkı dövrə aid borcun ödənilməsinə dair “Bildirişin” həmin vergi ödəyicisinə təqdim olunması müəyyən edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılmalı olduğu (355-7.1 maddə) üçün - ərizəçi tərəfindən həmin ərizə ilə məhkəməyə müraciət olunarkan qanunvericiliyin bütün tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1455/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1455/2022
25.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver